Ailəsi: ‘Bayram müayinə olunmadan həbsxanada saxlanılsa, həyatını itirə bilər’

Aprelin 8-də 30 sutkalıq həbs olunan nidaçı fəal Bayram Məmmədovun ailəsi həbsxanada ona baş çəkib. Həmçinin vəkili Elçin Sadıqov da gənc fəalla görüşüb. 

Bu barədə Abzas-a ailəsindən məlumat verilib. Yaxınlarının sözlərinə görə, Bayram Məmmədovla görüşdə fəal son günlər sosial şəbəkələrdə onun sağlamlığı ilə bağlı yayılan məlumatları təsdiqləyib.

Gənc fəal bildirib ki, neçə gün idi baş gicəllənmələri, ağrıları, qusma halları olub. Həmçinin, Bayram Məmmədov təcili müayinə olunmağı tələb edib.

Ailəsi bildirib ki, bu hallara görə çox narahatdırlar, onlar övladlarının təcili müayinədən keçirilməsini tələb edirlər.

“Bayram müayinə olunmadan həbsxanada saxlanılsa, hətta beyinə qan sızmadan həyatını itirə bilər. Çünki onun sadaladığı əlamətlər beyin silkələnməsinin əlamətləridir. Bu da elə haldır ki, ölümə qədər apara bilər”.

Təkrar məhkəmə olacaq

Məlumata görə, aprelin 9-da Bayram Məmmədovun təkrar apelyasiya şikayətinə baxılacaq.

Apellyasiya şikayətini məhkəməyə Bayram Məmmədovun özü göndərib. Bundan əvvəl aprelin 3-də baxılan şikayəti isə vəkili Elçin Sadıqov məhkəməyə təqdim etmişdi.

Ailəsinin sözlərinə görə, şikayətdə onun qanunsuz və əsassız həbs olunduğu, həm də işgəncədən aldığı xəsarətlər nəticəsində kəskin baş ağrıları, ürəkbulanma və qusma halları olduğu qeyd edilib.

Eyni zamanda, ailəsindən bildirilib ki, Baş Prokurorluqdan müstəntiq ekspertlə birlikdə aprelin 8-də Bayram Məmmədovu dindiriblər.

Xatırlatma

Nida Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədov İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsilə – polisə müqavimətdə təqsirli bilinərək martın 30-da 30 sutka azadlıqdan məhrum edilib.

O, 2016-cı ildə Qiyas İbrahimovla bir yerdə mərhum prezident Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək!” şüarı yazdıqdan sonra narkotik ittihamıyla həbs olunub 10 il cəza almışdı.

Prezident İlham Əliyevin martın 16-da verdiyi əfv sərəncamından 1 gün sonra azadlığa çıxıb, 14 gün sonra yenidən həbs olunub.

Əvvəlki məqaləPaşinyanın xanımı: “Minlərlə erməni əsgər Qarabağda mənasız yerə ölüblər”
Növbəti məqalədəMəktəbdə özünü öldürən şagirdə görə cinayət işi açılıb, direktor işdən azad olunub