AŞPA-da “pulyuyan maşın” qətnaməsi qəbul edilib

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Avropa Şurası üzv ölkələrində çirkli pulyumanın miqyasından dərin narahatlıq bildirir.

Qurum “Qlobal Pulyuyan”, “Azərbaycanın pulyuyan maışını”, “Troyka pulyuyanı” kimi son araşdırmaları misal çəkir, ölkələri bununla mübarizə üçün milli qanunvericiliyi təkmilləşdirməuə, beynəlxalq əməkdaşlığa çağırır.

Azadlıq Radiosunun məlumatına görə, AŞPA Niderlanddan olan deputat Mart van de Venin hazırladığı hesabat əsasında qətnamə qəbul edib. Qətnamədə deyilir ki, bu “pulyuyan maşınlardan” zəngin biznesmenlərə, mütəşəkkil cinayətkarlara, yüksək rütbəli rəsmilərə məxsus böyük məbləğdə pullar keçib. “Onlar çoxsaylı yurisdiksiyalardakı müxtəlif zəif nöqtələrdən, daha çox Britaniya və ona məxsus ərazilərdə yerləşən saxta şirkətlərdən, Baltik ölkələrində zəif tənzimlənən bankrlardan yararlanıblar”, – qurumun yaydığı məlumatda deyilir.

Tövsiyələr verilib

“’Qlobal pulyuyan maşın’da Moldovanın korrupsioner hakimləri, ‘Troyka qabyuyanı’nda hakimiyyətə yaxın şəxslər iştirak edib, Azərbaycanın pulyuyan maşını isə birbaşa Parlament Assambleyasında korrupsioner fəaliyyətə töhfə verib. Bunlardan heç biri yerli hökumətlər tərəfindən araşdırılmayıb”, – AŞPA bildirir.

Qurum üzv dövlətlərə, Avropa İttifaqına, Nazirlər Komitəsinə bir sıra tövsiyələr verir, çirkli pulyumaya, mütəşəkkil cinayətkarlığa, korrupsiyaya qarşı beynəlxalq mübarizəni gücləndirməyə çağırır.

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Xəbərləmə Layihəsinin – OCCRP-nin araşdırmasında deyilirdi ki, “pulyuyan maşın”ın məqsədi Azərbaycan hökumətinin siyasi gündəmini təbliğ etmək olub, ölkədən çıxarılan pulların bir hissəsi Avropa siyasətçilərnin bank hesablarına köçürülüb. Həmin siyasətçilər prezident İlham Əliyev rejiminin jurnalistləri və siyasi fəalları həbs etməsinə baxmayaraq onu tərifləyirdilər. Bu pulun dəqiq mənbəyi bilinmir, saxta şirkətlər vasitəsilə gizlədildiyi bildirilir. Ancaq araşdırmalar həmin vəsaitin arxasında Azərbaycanın hakim elitasının durduğunu göstərib.

Araşdırmada adları çəkilən şəxslər, eləcə də hakimiyyət təmsilçiləri açıqlanan faktlara münasibət bildirməyiblər. Ancaq indiyədək korrupsiya, şəffaflığın olmaması barədə beynəlxalq tənqidlər hakim elita tərəfindən rədd olunub, bütün bunlar ölkəyə qarşı “məqsədyönlü şantaj, qarayaxma kampaniyası” kimi dəyərləndirilib.