Azərbaycan cənubi Qafqazın ən zəif inkişaf etmiş ölkəsi seçilib

Bu günlərdə “Fund for Peace” fondu “2019-cu ilin zəif ölkələri” hesabatını yayıb. “Fragile States Index” adlandırılan hesabat əsasən ölkələrdəki siyasi risklər və münaqişələrin baş vermə ehtimalı nəzərə alınaraq hazırlanır. Reytinqlər həmçinin ölkədəki insan hüquqları və qanunun aliliyi də nəzərə alınaraq hazırlanır. Reytinq siyahısı hər il “Foreign Policy” jurnalında çap olunur.

Zəif ölkələrin reytinq cədvəlində cəmi 178 ölkə var, ölkələr 11 qrupa bölünür. Azərbaycan siyahıda 7-ci qrupda (Cəmiyyətdaxili münaqişələr olma ehtimalı yüksələn ölkələr) və 76-cı yerdədir.  Azərbaycan siyahıda Cənubi Qafqaz ölkələri arasında ən zəif ölkə statusunda dayanıb. Siyahıda Gürcüstan 81-ci yerdə, Ermənistan isə 105-ci yerdə qərarlaşıb.

Zəif ölkələrin reytinqi hesabatnın müəlliflərindən biri Patrisiya Taft deyib ki, Ermənistanla arasındakı Qarabağ münaqişəsinin olması neft zəngini Azərbaycanın iqtisadi və siyasi inkişafını Ermənistana nisbətən daha çox axsadıb. Belə ki, keçən il məxməri inqilabla hakimiyyəti dəyişmiş Ermənistan siyahıda öz mövqeyini 4 xal yüksəldib real islahatlar aparıb və demokratikləşmə yolunda ciddi addımlar atıb.

Azərbaycan da öz növbəsində investisiya mühitinin yaxşılaşdırılması və paytaxt Bakıya yatırımlar cəlb edilməsi işində uğurlar əldə edilib. Ölkəyə Avropa və Amerika kompaniyaları və investisiya firmaları mütəmadi gəlir. Lakin, iqtisadi göstəricilər bir yana, ölkədə mərkəzdən uzaq ərazilərin iqtisadi durumunda böyük dəyişikliklər qeydə alınmayıb. 2019-cu ildən başlayaraq Bakıda minlərlə insan etirazlara çıxıb. Etirazların əsas tələbi siyasi məhbusların əsasən də məşhur anti-korrupsiya bloqqerinin azad edilməsi olub.

Siyahıya görə keçmiş sovet ölkələri arasında Azərbaycanın göstəricisi bir çox ölkənin göstəricisindən pisdir.

Digər tərəfdən Tacikistan Mərkəzi Asiyanın ən zəif inkişaf etmiş ölkəsi seçilib. Hesabata görə Tacikistan 178 ölkə arasında 65-ci yerdədir.  Bu indeksə görə ölkə siyahıda nə qədər yüksəlirsə, onun zəifliyi bir o qədər artıb deməkdir.

“Fund for Peace”nin koordinatorlarından biri Patrisiya Taft Azadlıq Radiosunun tacik xidmətinə deyib ki, Tacikistan əvvəlki illərə nisbətən öz göstəricilərini artırıb. Ancaq insan hüquqları və qanunun aliliyinə görə ölkə yerləşdiyi region olan Mərkəzi Asiyada bütün ölkələrdən geridə qalır. Bu ölkədə “Dövlət institutlarının legitimliyi” məsələsi ilə bağlı çoxlu suallar ortaya çıxır – deyə Taft bildirib. Taftın sözlərinə görə ölkələrin nə qədər inkişaf etdiyini göstərən əsas amillərdən biri də orda müxalif qrupların olmasıdır. Tacikistanda isə, onun sözlərinə görə müxalifət demək olar ki, mövcud deyil.

Siyahıya görə Tacikistandan sonrakı yerdə Qırğızıstan (68-ci yer), Özbəkistan (70-ci yer) və Türkmənistan (85-ci yer) gəlir. Mərkəzi Asiyanın ən güclü ölkəsi isə Qazaxıstan hesab olunur, o siyahıda 116-cı yerdə durur. Zəiflik indeksinə görə Türkmənistan və Qazaxıstan Rusiyadan önə çıxıb. Rusiya siyahıda (73-cü yerə çıxıb). 2019-cu ildə dünyanın ən zəif ölkəsi kimi isə Yəmən seçilib. Yəməndən sonra bu siyahıda Somali (2-ci yerdə) və Cənubi Sudan (3-cü yerdə) yerləşir. Reytinq cədvəlində ən yüksək yerdə isə Finlandiya (178-ci yerdə) dayanır.