Azərbaycanda daha bir müstəqil xəbər saytı bloklanıb

Aprelin 8-dən etibarən müstəqil media orqanı olan ‘arqument.az’, ‘arqument.info’ saytlarına giriş məhdudlaşdırılıb.

Bu barədə saytın redaktoru Şəmşad Ağa məlumat yayıb. Onun sözlərinə görə, artıq sayta vpn-lə də giriş mümkün deyil və bloklanmadan sonra DDOS hücumlar edilərək saytın bazası zədələnib.

Şəmşad Ağa deyir ki, aprelin 8-də axşam saatlarında sayta giriş məhdudlaşıb, amma VPN-lə mümkün olub, amma 9 apreldə isə saytda daxil olmaq mümkün olmayıb.

Redaktorun sözlərinə görə, bununla bağlı ona xəbərdarlıq olunmayıb və heç bir məhkəmə qərarı yoxdur.

Şəmşad Ağa deyir ki, bloklanmanın konkret hansı səbəblə olduğu ona məlum deyil.

“Aprelin 9-u səhər saatlarında sayta ddos hücum təşkil edilib, saytın bazasına müdaxilə olunub. Hazırda saytın fəaliyyəti dayandırılıb”.

“Arqument.az” saytı ikinci dəfədir bloklanır. 2018-ci ilin avqustunda saytda yayımlanan 2 yazıya görə məhkəmə onu ölkə ərazisində bloklamışdı.

Hələ o vaxt saytın rəhbəri deyirdi ki, hər iki material başqa saytdan götürülüb, istinadla verilib, üstəlik, yazıda bütün tərəflərin fikirləri də əks olunub.

Bundan sonra Apelyasiya Məhkəməsinin qərarı ilə saytın fəaliyyəti bərpa olundu.

Ümumiyyətlə, son illərdə meydan.tv, azadliq.org, azadliq.info, azerbaycansaati.tv, criminal.az, bastainfo.com, abzas.net, arqument.az, az24saat.org, xural.com, anaxeber.az, monitortv.info saytları bloklanıb.

2017-ci ilin mayın 12-də Səbail Rayon Məhkəməsinin qərarıyla Azadlıq Radiosunun azadliq.org, “Azadlıq” qəzetinin azadliq.info, Meydan TV-nin meydan.tv, ölkə xaricindən yayımlanan Turan TV-nin turan.tv və “Azərbaycan saatı” televiziya proqramının azerbaycansaati.org saytları bloklanıb.

Məhkəmə qərarı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiası əsasında verilib. Nazirlik iddiasının Baş Prokurorluğun müraciətinə söykəndiyini bildirib. Müraciətdə sözügedən saytlarda dövlətin maraqlarına ziyan vuran bir sıra yazıların yayıldığı iddia edilib. Ancaq müdafiə tərəfi məhkəmə prosesində iddiaların əsassız olduğunu bəyan edib.

2017-ci ilin martın 10-da Milli Məclisin plenar iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi” və “Telekommunikasiya haqqında” qanunlara dəyişikliklə internet resurslarının dövlət qurumu tərəfindən rəsmi qaydada bloklanma qaydaları qəbul edilib.