Bayram Məmmədov inzibati həbsdən azadlığa çıxıb

NİDA Hərəkatının gənc fəalı Bayram Məmmədov 30 sutkalıq inzibati həbsdən sonra bu gün azadlığa çıxıb.

O, martın 30-da saxlanılmışdı və həmin gün İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə (polisin qanuni tələblərinə tabe olmamaq) 30 sutka həbs olunmuşdu.

Gənc fəal prezidentin əfv sərəncamı ilə azad edildikdən iki həftə sonra həbs olunmuşdu. B.Məmmədov bildirib ki, uydurma ittihamla həbs edilib. Fəal deyib ki, Binəqədi inzibati həbs olunanların saxlanma məntəqəsinə aparıldıqdan dərhal sonra işgəncələrə məruz alıb.

Həbsdən çıxan kimi Azadlıq Radiosuna danışan Bayram Məmmədov deyib ki, inzibati cəzanın ilk günlərində təcridxanada müəyyən problemlər yaşayıb, ancaq sonra hər şey tədricən qaydasına düşüb.

«Yəni, apellyasiya məhkəməsində dediklərimi media yayıb. Ondan sonra sakitlik oldu. Mən cəza müddətini başa vurana kimi. Yəni, sonra elə bir ciddi problemlə üzləşmədim», – B.Məmmədov bildirib.

B.Məmmədov deyib ki, hazırda əqidə dostları ilə 14 il əvvəl qətlə yetirilmiş jurnalist Elmar Hüseynovun məzarını ziyarətə gedir.

* Bayram Məmmədov və Qiyas İbrahimov 2016-cı ildə Heydər Əliyevin abidəsinin üzərinə siyasi şüarlar yazdıqdan sonra həbs edilmişdilər.

Onlar külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsində ittiham olunaraq 10 il azadlıqdan məhrum edilmişdilər. Amnesty International hüquq-müdafiə təşkilatı onları “vicdan məhbusu” kimi tanıyıb. Hər ikisi bu il martın 16-da əfv edilib. B.Məmmədov azadlığa çıxdıqdan sonra KİV-də və sosial şəbəkələrdə hakimiyyətin ünvanına kəskin tənqidlərlə çıxış edib.