Çinli heykəltaraş Ai Weiwei polislərin qurbanı olmuş gənclər haqda sərgi açıb

Məşhur çinli heykəltaraş Ai Weiwei 5 il əvvəl Meksikada polislərin keçirdiyi bir əməliyyat zamanı oğurlanan və ondan sonra heç bir xəbər alınmayan 43 gəncin xatirəsinə sərgi keçirib.

Ai Weiweinin keçirdiyi sərgi Meksikanın paytaxtı Mexikodakı Müasir Sənət Universitetinin muzeyində “Xatirələri yenidən toplamaq” (Restablecer memorias) adıyla başlanıb. Rəssamın sərgidə təqdim etdiyi əsərlər rəngli lego daşlarından yığılıb.

Ai Weiwei sərginin açılışı zamanı çıxışında deyib ki, əsərləri vasitəsilə yoxa çıxmış gəncləri xatırlatmaq istəyib. 61 yaşlı rəssam “Özümüzə aid biliklərimiz də xatirələrə əsaslanır” – deyə əlavə edib. O deyib ki, “Hər cinayət  bir boşluq yaradır və cəmiyyəti zəhərləyir. Qanunlardakı boşluq insan ləyqətinə hücumdur və qəzəblə, aqressiya törədə bilər”. Rəssamın sərgisindəki rəsimlərin yanında polis və dövlət məmurları, həmçinin itgin düşmüş gənclərin yaxınlarının müsahibələri səslənən bir video da əlavə olunub.

Ai Weiweinin leqo daşları ilə yaratdığı gənclərin rəsmləri.

Xatırladaq ki, 2014-cü ilin sentyabr ayında Meksikada 43 tələbə polislər tərəfindən yaxalanıb və ondan sonra itkin düşüblər. Tələbələr ölkənin cənubundakı Ayotzinapa şəhərində sol baxışlı bir müəllimlik seminarında iştirak ediblər və ondan sonra yoxa çıxıblar. Meksikanın baş prokurorluğunun məlumatına görə tələbələr Guerrero əyalətində polislər tərəfindən tutularaq Guerreros Unidos adlı narkotik bandasına təhvil veriliblər. Bandanın tələbələri öldürərək cəsədlərini yandırdığı ehtimal edilir.

Meksika höküməti bu cinayətin araşdırılmasına xüsusi həvəs göstərmədiyi üçün beynəlxalq ictimaiyyət tərəfindən tənqid edirlir.

Ai Weiwei sərginin açılışında çıxış edərkən deyib ki, Meksikada 4 il əvvəl baş vermiş bu hadisə onu sənət adamından öncə, insan kimi də incidib və hərəkətə gətirib. “Kiməsə əzab verildiyini, qonşunun oğlunun bir də heç vaxt geriyə gəlməyəcəyini eşidirsən və hökümət hadisənin üzərindən dörd il keçməsinə baxmayaraq cinayətin üstünü hələ də aça bilməyib, bu necə bir hökümətdir? Gör biz necə bir cəmiyyətdə yaşayırıq” – deyə rəssam danışıb.