Dövlət sərhədini qanunsuz keçməkdə təqsirləndirilən Ramin Hacılı azadlığa buraxılıb

Avropa Hərəkatının sədri Ramin Hacılı azadlığa çıxıb. Bu barədə Ramin sosial şəbəkədə məlumat paylaşıb.

O, bildirib ki, bir neçə gün əvvəl azadlığa çıxıb. Hacılı deyib ki, azadlıqdadır və hər şey yaxşı olacaq.

Onun sözlərinə görə, 10 ay sonra nəhayət ki, məhkəmə keçirildi və haqq-ədalət yerini tapdı.

“Təəssüf ki, qəfil həbsim biznesimdə yaranan bəzi problemlərin dərinləşməsinə, işimin bağlanmasına və müəyyən şəxslərə borclanmağıma səbəb olmuşdu. Artıq azadlıqda olduğum üçün, fərdi təmaslara keçib, yaranan problemləri çözmək şansım var”.

Ramin Hacılı bildirib ki, həbsdə qaldığı aylar ərzində çox sayda siyasi və hüquqi kitab oxuyub.

“Azərbaycanımızın nəyə ehtiyacı olduğunu aylarca təhlil etdim. Qərara gəldim ki, aktiv siyasi fəaliyyətə yenidən donməliyəm”. 

2018-ci il iyunun 4-də Ramin Hacılı ölkədən qanunsuz yolla Gürcüstan ərazisinə keçməyə cəhd edərkən saxlanılmışdı.

Daha sonra məhkəmə onun barəsində həbs qətimkan seçmişdi. R.Hacılının cinayət işinə məhkəmədə baxılıb və o, azadlığa buraxılıb.

Bundan əvvəl, 2017-ci ilin oktyabrında Ramin Hacılı 2 il sınaq müddəti təyin edilməklə şərti cəza alıb. O, vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə və rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etməkdə təqsirləndirilirdi.

R.Hacılı saxlanılarkən 250 min manat həddində borclarının olmasını, xaricə getməklə bu borcları işləyərək qaytarmağa çalışmasını bildirmişdi.