Gürcüstanın baş naziri Əfqan Muxtarlının oğurlanması işi üzrə istintaqın yekunlaşmasını gözləyir

Gürcüstanın baş naziri Mamuka Baxtadze Tbilisidə azərbaycanlı jurnalist Əfqan Muxtarlının oğurlanması və Azərbaycan hakimiyyətinə təhvil verilməsi ilə bağlı vəziyyəti şərh edib.

Bu mövzuda sual ona aprelin 10-da Strasburqda AŞPA sessiyasında çıxışı zamanı verilib. Sualı AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə məruzəçisi Ştefan Şennak verib. O, hakimiyyətin bu oğurluqda iştirak edən şəxslərin müəyyən edilməsi və cəzalandırılması üçün nə etdiyini soruşub.

“Əfqan Muxtarlının işi çox həssasdır. Biz, əlbəttə ki, azərbaycanlı həmkarlarımızla əlaqə saxlayırıq və işimizi əlaqələndiririk. İstintaq davam edir və mən istintaq yekunlaşdıqda öz qiymətimi verə biləcəyəm”, deyə Baxtadze bildirib.

Ştefan Şennak öz tvitter hesabında yazıb ki, Baxtadzenin cavabı onu qane etməyib. “Gürcüstan hakimiyyəti bu işə görə məsuliyyət daşıyır, onlar bu insan hüquqları pozuntusuna məhəl qoymadıqlarını dərk etmək istəmirlər”, deyə Şennak qeyd edib.

Xatırladaq ki, Azərbaycanlı müxalif jurnalist Əfqan Muxtarlı 2017-ci ilin mayında Gürcüstanın mərkəzində polis işçiləri tərəfindən oğurlanıb. Bir gün sonra o, Bakıda sərhədi qanunsuz keçmək və qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Məhkəmə onu 6 il müddətinə azadlıqdan məhrum edib.