Harari: “İnformasiya ödənişsiz olmalıdır düşüncəsi son dərəcə təhlükəlidir”

“Sapiens” və “Homo Deus” bestsellerinin müəllifi “The Guardian”a verdiyi müsahibəsində yeni kitabı, yalan xəbərlər və meditasiya haqqında danışıb. 

Yuval Noy Harari iki bestseller yazmış, İsrail tarixçisidır. “Sapiens” kitabında o bəşəriyyətin qədim tarixi, “Homo Deus”da isə insansız gələcək haqqında danışır. “21-ci əsr üçün 21 dərs” adlanan yeni kitabında Harari bəşəriyyətin hal-hazırda üzləşdiyi çətinliklərdən bəhs edir.

‘Abzas’ həmin müsahibəni təqdim edir.

 – Siz indi çox uğur qazanmış ictimai fiqursunuz. Beynəlxalq aləmdə tanınmaq sizi necə dəyişib?

 – Özümə çox az vaxt ayıra bilirəm. Mən dünyanın hər yerinə səyahət edirəm, konfranslarda iştirak edirəm, müsahibələr verirəm, demək olar ki, hər dəfə eyni bildiyim şeyləri təkrarlayıram və yeni nəsə araşdırmaq üçün daha az vaxtım qalır. Bir neçə il əvvəl mən heç kim tərəfindən tanınmayan Orta əsrlər tarixi üzrə ixtisaslaşmış tarixçi idim və mənim elmi məqalələrimi oxuyan təxminən beş nəfər oxucum var idi. İndisə, yazdıqlarımı milyonlarla insanın oxuyacağını bilmək çox həyəcanvericidir. Ümumiyyətlə isə mən bunun baş tutduğuna sevinirəm. Axı insan təkcə danışmaq istəmir, həm də eşidilmək istəyir. Belə bir oxucu kütləsinə sahib olmaq böyük imtiyazdır.

 – Hansı məsələlərin dövrümüzün ən vacibi olduğunu necə müəyyənləşdirmisiniz?

 – Əslində bu kitabı yazmaq digərlərindən daha asan oldu, çünki o, publika ilə dialoqdan yaranmışdır. Onun məzmununu əsasən müsahibələrdə və ictimai mühazirələrdə mənə verilmiş suallar təşkil edir. Əvvəlki iki kitab isə insanlığın qədim keçmişi və uzaq gələcəyi haqqındadır. Lakin nə keçmişlə, nə də ki, gələcəklə yaşaya bilmərik, yalnız bu günlə yaşamaq mümkündür. Və əgər biz indiki immiqrasiya böhranına, Breksit məsələsinə, uydurma xəbərlərə baxıb uzunmüddətli nəticələr çıxara bilmiriksə, o zaman bügünlə yaşamağın nə mənası qalır?

 – Sizcə, insanlar hal-hazırda biotexnologiya və informasiya texnologiyaları sahəsində baş verən inqilabın əhəmiyyətini anlayırmı?

 – Beş il bundan əvvəl süni intellekt elmi fantastika kimi görünürdü. Baxmayaraq ki, akademik mühitdə və ticarətdə insanlar ən azından onun potensialını anlayırdılar, siyasətdə və ictimai müzakirələrdə bu mövzuda demək olar ki, söhbət açılmırdı. Sonra bir neçə ölkədə hökümət nə baş verdiyini anlamağa başladı, səhv etmirəmsə, çinlilər ilk oldu. Hesab edirəm ki, bu, onların sənaye inqilabı zamanı şanslarını qaçırmış olduqları və buna görə çəkdikləri əziyyətdən yaranmış milli travmaları ilə izah olunur. Ötən ildən artıq avropalılar və amerikalılar da bunun önəmini dərk etməyə başladılar. Hazırda süni intellektdə tam miqyaslı silahlanma yarışı irəliləyir və bu çox pis xəbərdir.

 – Nə üçün geniş məlumatlar liberalizmə təhlükə yaradır?

 – Liberalizm hisslərinizə, düşüncələrinizə və qərarlarınıza yalnız sizin özünüzün müdaxilə edə biləcəyi və kənardan heç kimin sizi həqiqətən başa düşə bilməyəcəyi ehtimalına əsaslanaraq yaranır. Məhz buna görə də hissləriniz sizin həyatınızda ən vacib səlahiyyətə malikdir, həmçinin siyasətdə və iqtisadiyyatda da bu belədir: seçici həmişə ən doğrusunu bilir, müştəri həmişə haqlıdır. Və baxmayaraq ki, nevrologiya elmi azad iradənin olmadığını göstərir, təcrübə bütün bunların əhəmiyyət kəsb etdiyini deyir, çünki heç kim bizim daxili duyğularımızı anlaya və manipulyasiya edə bilməz. Amma indi biotexnologiya və informasiya texnologiyalarının nevrologiya sahəsində birləşməsi və hər bir şəxs haqqında böyük ölçüdə məlumatların toplanılması və bu məlumatların effektiv şəkildə istifadəsi onu göstərir ki, biz xarici sistemin hisslərimizi bizdən daha yaxşı başa düşə biləcəyi nöqtəsinə çox yaxınlaşmışıq. Biz artıq bunun əlamətlərini son dövrlərdə yayılan saxta xəbərlər epidemiyasında görürük.

Uydurma xəbərlər həmişə var idi, lakin indi bu mesajları istənilən şəxsin maraq dairəsinə uyğun düzəltmək mümkündür, çünki həmin şəxsin istənilən mövzuda fikirlərini öyrənmək olur. Nə qədər ki, insanlar iradə azadlığına, onların duyğularının mistik mənəvi potensial daşıdığına inanır, onları idarə etmək o qədər asan olur, çünki duyğularının hər hansısa xarici sistem tərəfindən formalaşdırılacağı və manipulyasiya ediləcəyi insanların ağıllarına da gəlmir.

 – Siz dəqiq və aydın yazırsınız, lakin hələ də oxucuların sizi anlamadığı olurmu?

 – Bəli, belə hallar çox olur, və bu başa düşüləndir. Bəzən onlar sadəcə olaraq anlamaq istəmirlər, bəzən isə bu sualların əksəriyyəti yeni və mürəkkəb olur. Təkcə bir kitabın bütün bunlara aydınlıq gətirə biləcəyini düşünmürəm. Bu elm adamlarının öhdəliyidir, onlar xüsusilə də ictimaiyyətlə ünsiyyətdə mümkün qədər açıq danışmalıdırlar. Lakin mənim yazdıqlarımı hər kəs məhz mən fikirləşdiyim kimi anlayacaq deyə bir illüziyam yoxdur.

 – Siz deyirsiniz ki, əgər sizə qaneedici məlumat lazımdırsa, bunun üçün yaxşı pul ödəməlisiniz. Silikon Vadisində davamlı olaraq təkrarlanır ki, məlumat pulsuz olmalıdır və onlayn media müəyyən dərəcədə buna əməl edir. Bu ağlabatandırmı?

 – Əgər media sənayesindən danışırıqsa informasiyanın ödənişsiz təmin edilməsi fikri olduqca təhlükəlidir. Dünyada bu qədər çox asan əldə olunan informasiya varsa, o zaman insanların diqqətini necə cəlb etmək olar? Hazırda oxucuların diqqətini cəlb etmək və sonra yaranmış marağı reklamçılara, siyasətçilərə və s. satmaq üçün doğru və ya əhəmiyyətli olub olmadığından asılı olmayaraq, daha çox qalmaqallı hekayələr yaratmaq stimulu var. Bəzi saxta xəbərlər rus xakerləri tərəfindən edilən manipulyasiyanın məhsuludur, lakin əksər hallarda bu, yalnış təşviqat sisteminin nəticəsidir. Əgər siz qalmaqallı xəbəri boş yerdən yaradırsınızsa, heç bir nəticə əldə etməyəcəksiniz. Biz keyfiyyətli qida, keyfiyyətli geyim və ya maşın üçün yüksək məbləğ ödəməyə hazırıq, bəs niyə keyfiyyətli məlumat üçün də bunu etməyək?

 – Biz görünməmiş dəyişikliklər dövründə yaşayırıq. İnsanlar belə sürətli dəyişikliklərə dözə biləcəklərmi?

 – Yaşayıb görəcəyik. Mənim əsas narahatlığım psixologiyadandır – bu cür dəyişim təzyiqinə davam gətirmək üçün psixoloji dözümlülüyümüz varmı? Dəyişim tempi son iki əsrdir ki, davamlı olaraq sürətlənir. Mənim nənəm 93 yaşındadır və onda hər şey qaydasındadır. Biz indiyə qədər əsasən həyatda qalmağa çalışmışıq. Bəs bunu yenə edə biləcəyikmi? Buna zəmanət yoxdur. Psixoloji dözümlülüyün artırılması üçün daha çox investisiya lazımdır.

 – Meditasiya sizin üçün nə deməkdir və bu nəyə görə vacibdir?

 – Mənim üçün bu reallığı anlamağın bir yoludur, ilk növbədə özümü, sonra isə dünyanın qalan hissəsinin gerçəkliyini, heç bir uydurma hekayə və mifologiya olmadan, əslində baş verənləri sadəcə olaraq izləməkdir. Mənim üçün ən mühüm məsələ həqiqəti yalandan ayıra bilməkdir və buna görə də meditasiya mənim həyatımın vacib bir hissəsidir. Mənim kitabımda sonuncu fəsil daha çox şəxsidir, çünki meditasiya haqqındadır. Hərdən ehtiyat edirəm ki, insanlar kitabımda haqqında danışılan bütün problemlərin həlli kimi meditasiyanı önə sürdüyümü düşünəcəklər. Meditasiya stresslə mübarizə aparmaqda kömək edir, amma bu, heç də bəşəriyyətin bütün problemlərini həll edə biləcək eliksir deyil.

 – Necə alındı ki, siz sentyabrda Natali Portmanla birlikdə Londonda çıxış edəsi oldunuz?

 – Bu təklif mənə maraqlı gəldi. O, yalnız aktrisa deyil, həm də elm və psixologiyada təcrübəli, çox ağıllı bir insandır. Eyni anda hər iki düşərgəyə aid olan biriylə söhbət etmək maraqlı olacaq. Hesab edirəm ki, onun mövqeyindən baxdıqda hər şey çox fərqlidir.

 – İnsanların sizi onların bütün suallarına cavab verə biləcək müdrik biri və ya peyğəmbər kimi görəcəklərindən ehtiyat edirsinizmi?

 – Bəli, belə bir narahatlığım var, xüsusilə də nəzərə alsaq ki, mənim bu sualların əksəriyyətinə cavabım yoxdur. Amma mən insanların bu niyyətini tanıyıram, onlar istəyirlər ki, həmişə bütün suallara cavabı olan biri olsun və onun dediklərini eləyə bilsinlər. Əlbəttə ki, mən o adam deyiləm. Mən ümid edirəm ki, insanlar bu kitabı 21-ci əsr üçün mükəmməl həyat bələdçisi deyil, vacib sualların siyahısı olaraq görəcəklər. Cavabları yalnız müzakirə etdikdən sonra tapmaq olar. Yəni biz ilk öncə müzakirəyə başlamalıyıq.

Tərcümə: Abzas.org