Hökümət təzə cərimə düşünüb: taksidə siqaret çəkənlər cərimələnəcək

Prezident İlham Əliyev aprelin 15-də taksidə siqaret çəkməyi qadağan edən fərman imzalayıb.

“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” fərmanında dəyişiklik edilməsi haqqında fərman taksidə siqaret çəkənlərin hansı dövlət qurumu tərəfindən cərimələnməsini müəyyən edir.

Fərmana əsasən, taksi minik avtomobilində tütün çəkənləri Daxili İşlər Nazirliyinin əməkdaşları cərimələyəcək.

Ötən ilin oktyabrında İnzibati Xətalar Məcəlləsinin 322-ci maddəsinə dəyişiklik edilib. Dəyişikliyə əsasən, avtobusda şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusda siqaret çəkilməsinə 40 manatdan 50 manatadək məbləğdə cərimə edilir.

Bu cərimə sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitəsində və taksi minik avtomobilində tütün çəkənlərə də tətbiq olunacaq.

Xatırladaq ki, bundan öncə 2017-ci ildə Milli Məclis “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsini qəbul etmişdi. Qanuna görə ictimai yerlərdə siqaret çəkmək məhdudlaşdırılırdı. Ancaq qanunun çıxmasından bir neçə ay sonra qanuna demək olar ki, əməl olunmamağa başladı.