İlkin Rüstəmzadənin həbsxanada oxuduğu və bəyəndiyi 100 kitab [siyahı]

İlkin Rüstəmzadə

Novruz Bayramı ərəfəsində azadlığa buraxılan Nida Vətəndaş Hərəkatının üzvü İlkin Rüstəmzadədən həbsdə oxuduğu və daha çox bəyəndiyi kitabların siyahısını əldə etdik.

İlkin Rüstəmzadə Abzas-a açıqlamasında bildirdi ki, həbsdə olduğu 6 ilə yaxın müddətdə 1000-ə yaxın kitab oxuyub. Ondan oxucular üçün kitab siyahısı hazırlamasını xahiş edəndə bunun biraz vaxt aparacağını, çünki bu qədər kitab içində seçim etməyin çətin olduğunu bildirdi. Onun sözlərinə görə, neçə kitablıq siyahı olacağı əsas məsələ idi:

“Yüzlərlə kitab arasından seçim etmək həm çətindir, həm də bunları bir-bir xatırlamağa çox vaxt lazımdır. Ona görə də qərara gəldim ki, ilk olaraq 100 kitablıq bir siyahı olsun. Həm də bu kitabların hərəsi haqda 3-4 cümləlik qısa sözlərimi yazım. Bunlar son 3 ildə oxuduqlarımdan seçdiklərimdir. Sonrası mütləq gələcək”.

Abzas.org olaraq İlkin Rüstəmzadənin bəyəndiyi və barələrindən qısa şərh verdiyi 100 kitabın siyahısını təqdim edirik:

1. Henri Kissincer – Diplomatiya

1648-ci ildən bu günə kimi dünyanı dəyişən bütün müharibə və böhranlara əsl diplomatın baxışı. Tarixi cəhətdən dolğun olmasa da, çox parlaq və sanballı iş. KQB-nin monstrlarından olan Arbatovun son sözünü oxumağı unutmayın.

2. Laslo Beladi, Tamaş Kraus – Stalin

Tirana insani sima verə bilmək üçün peşəkar bir iş. Dolğun və yığcam əsər. Stalini macar kommunistləri belə təmizə çıxara bilməyiblər.

3. Yuri Borev – Staliniada

Stalin haqqında xalq dastanı. Gülməli, hüznlü və dəhşət dolu.

4. Verner Mazer – Adolf Hitler

Hitlerin haqqında ən dəqiq, tərəfsiz, Frommun da dediyi kimi gələcək nəsillərin potensial Hitlerləri görə bilməsini təmin edəcək qədər detallı. Ortalarda bir az sıxıla bilərsiz, davam edin

5. Artur Koestler – 13-cü qəbilə

Yəhudilər? Onlar kimlərdir? Sefardimlər və aşkenazilərin kökəni haradan gəlir? Koestler Xəxər yəhudilərinin müasir yəhudilikdəki payını qısa və parlaq işlə yazıb.

6. Stefan Sveyq – Jozef Fuşe

Siyasətçi? O, kimdir axı? Fransız kralı 16-cı Lüdovikə, Barrasa, Robespyerə, Napoleona, 18-ci Lüdovikə qalib gəlib, sonradan öz nəfsinə və Metternixə məğlub olan tarixin ən simasız adamlarından birinin həyatı. Necə olmasından asılı olmayaraq, o, fenomendir.

7. Yevgeni Tarle – Napoleon

Napoleon haqqında maraqlı bioqrafik roman. Əsərdə burjua sözü sizi bezdirsə də gülün, keçin. Əsər SSRİ-də 30-cu illərin sonu yazılıb.

8. Zbiqnev Bzejinski – Böyük şahmat taxtası

ABŞ-ın xarici siyasət strategiyası haqda iynələyici düçüncələr. Müttəfiqlər üçün də, rəqiblər üçün də.

9. Filip Moro Defarj – Geopolitikaya giriş

Geopolitikanın əlifbasını təcrübəli fransız diplomatı izah edir. Geopolitika nağıl və ya uydurma deyil, tarixin gedişində ortaya çıxan millətlərin və dövlətlərin rəqabəti elmidir.

10. Yılmaz Özdil – Mustafa Kamal Atatürk (M.Kemal)

Həbsdən yeni çıxmışam, ürək smaylikini tapa bilmirəm. Başqa şey yazmaq da artıqdır.

11. Orhan Pamuk – Kafamda bir tuhaflık

Sevgi, tarix, İstanbul. Bu kitabda hər şeyi tapacaqsınız. Kənddən şəhərə gələn insanların taleyi. Sağ-sol rəqabətinin ortasındakı həyat. Xəyanət, aldadılma. Həyat və güc. Qaranlığın istilası öncəsi Türkiyə

12. Orhan Pamuk – Qar (təkrar)

Türkiyənin şərqi. Din və dünyəvilik arasında şiddətli mübarizə. Sənətin içində sənət. Orhan Pamuk sonda beyinlərdə sual işarəsi yaradır yenə

13. Orhan Pamuk – Masumiyet müzesi

Sevgi? Bu nədir belə? Neytronların bizi aldatması? Dondurma yeməkdən fərqi olmayan elektrik axıntısı? Bu kitabı oxuyarkən (kişilər) ağlınıza gələn ilk xanım yəqin ki, neyronların aldatması deyil. Bəs kimsə gəlməsə? Onda sevməmisiniz.

14. Orhan Pamuk – İstanbul

Həbsxanadan özümlə gətirdiyim 3 kitabdan biri. Şəhər haqda dastan. Zərif, hüzn dolu. Tez qurtarmasın deyə, günə cəmi 5 səhifə oxuduğum bir kitab. Şəhər məktubçularına diqqət edin: tanıyacaqsınız!

15. Orhan Pamuk – Mənim adım qırmızı

Sənət və tabular. Sevgi və qətl. Güc və ədalət. Pamuk hamını danışdırır

16. Hakan Günday – Piç

Həyatda qarşınıza nə qədər fürsət çıxıb? Çox? Bu əsərin qəhrəmanlarından da çox? Onlardan daha istedadlısız? Oxuyun. Fövqəladə insanların səfil həyatı

17. Elif Şəfəq – Eşq (təkrar)

Birinci dəfə oxuyanda mənasız gələcək. İkincidə darıxdırıcı. Üçüncünü oxuyun.

18. Umberto Eko – Qızılgülün adı.

İtalyan Katolikliyinin tarixi fonunda möhtəşəm dedektiv. Tabular və elm mövzusunda master klass. Melkli Adsonun xatirələri adlı köhnə yazı dahi ədibin qələmiylə şahəsərə çevrilir.

19. Dino Bussati – Tatar çölü.

Həbsxanada olanlara və olacaqlara: Oxumayın bu lənət kitabı. Mübarizə boşdur, məhrumiyyətlər boşdur, həyat özü belə boşdur. Bussati hamımızla məzələnir.

20. Mario Puzo – Xaç atası.

Bu kitabı oxuyana qədər Frensis Ford Koppalanı dahi rejisor sayanlar (əslində elədir) ola bilər ki, fikirlərini dəyişsinlər. Puzo əla yazıb, film belə də.

21. Corcio Faletti – Mən öldürürəm

Əsl italyansayağı dedektiv. Dəbdəbəli həyat sığorta deyil. Həyatda bəzən ən alicənab insanlar soyuq qatilə çevrilə bilirlər.

22. Stefan Sveyq – Dünənin dünyası (təkrar)

Avropanın faciəsi, Avropanın eleqantlığı, Avropanın şiddəti. Əsl avropalının dilindən.

23. Xose Saramaqo – Təxirə salınan ölüm

Ölümsüzlük? Bu ki dəhşətdir! Oxuyun, görəcəksiniz! Ölümə nə qalib gələ bilər? Sevgi!

24.Con Maksvel Kutze – Rüsvayçılıq

Xoşqədəmlik hadisə. Universitet professoru və gənc tələbə arasında arzuolunmaz münasibətin sonu: İnsan sivilizasiyadan kəndə qayıdır. Kənddə sivilizasiya zəif olsa da həyatın özü var. Dəhşətləri isə şəhərdən az deyil.

25. Con Maksvel Kutze – Gənclik

Suallar, istiqamətsizlik, qərarsızlıq. Gənc bir proqramist, İBM-də işi var, təhsili, sevgisi, təminatı var. Xoşbəxtdirmi? Özündən soruşun

26. Con Apdayk – Dovşan qaç

Həyat heç də ideal deyil. Demokratik ölkələrdə belə.

27. Boris Pasternak – Doktor Jivaqo (təkrar)

Kommunizm heç də kitablarda yazıldığı kimi nəticələnmir. Bununçün eqosuz insanlar lazımdır. Həyatı bir kitaba görə dizayn etməyin fəsadları. Bir xalqın və bir (bir neçə) nəslin faciəsi.

28. Amin Maaluf – Səmərqənd

Ömər Xəyyamdan Titanikə qədər. Assasinlərdən Cəlaləddin Əfqaniyə qədər. Əsrarəngiz Persia və çökən qaranlıq. Orada indi də qaranlıqdır. Bu kitab o qaranlığın kökləri haqda düşüncələrinizi istiqamətləndirəcək.

29. Robin Rayt – Sonuncu böyük inqilab

Səhv salmayın, bu “House of Cards”dakı Robin Rayt deyil. Mövzu da seksual inqilab yox, İran inqilabıdır. İran İslam inqilabı. 1400 illik ideologiya 3500 illik dövləti və xalqı necə məğlub etdi və ya etdi mi?

30. Yuval Noah Harari – Sapiens

Siz hələ də bu kitabı oxumamısınız? Təəssüf. Həyatı və sivilizasiyanı bir kitabla izah etmək olarmı? Olar. Artıq bunu ediblər.

31. Yuval Noah Harari – Homo Deus

Sapiensi oxuyun, sonra bunu oxuyarsız.

32. Corc Oruell – Paris və Londonda qara qəpiksiz

Müəllif öz səfil həyatından yazır. Paris və London arasındakı əsas fərq nədir? Soyuqluq və istilik? Bəlkə plangeur-lar? Çay və şərab arasındakı fərq. Dühanın yetişdiyi mühit.

33.Corc Oruell – Kataloniyaya sevgilərlə

Azadlıq döyüşçüləri. Öz həyatlarını inandıqları dəyərlər uğrunda heçə sayıb hərbi rejimə meydan oxuyurlar. Qalibiyyətə lap az qalıb. Yox! Onların başı bir-birini qırmağa qarışıq. Bizim dövrümüzə də aidiyyatı ola biləcək hüznlü yazı.

34. Corc Oruell – 1984 (təkrar)

AntiUtopiya deyil! Utopiya da deyil, artıq reallıqdır.

35. Corc Oruell – Heyvanıstan (təkrar)

Azadlıqdaykən 5-6 dəfə oxumuşdum. Həbsdə onlarla dəfə. Hər dəfə də zövqlə. İnsanın hakimiyyət hərisliyinin nəticələrini daha mükəmməl necə izah etmək olar?

36. Ernest Heminquey – Əlvida, silah

Müharibənin ortası, xəyanət, sevgi, ümidsizlik, qəddarlıq. Müharibə səliqəli uniformalı kişilərin gözəl otların üzərində bir-birini cənnətə-cəhənnəmə yola salması deyil.

37. Andrey Platonov – Can

Kommunizm lap başdan səhv etdi. Nəyi? Orası indiyədək mübahisə mövzusudur.

38. Viktor Hüqo – Edama məhkumun son günü

Ölüm hökmünün vəhşəti, dəhşəti və amansızlığı. Məhkumun dilindən. Hüqo qəlbə girib yenə də.

39. Viktor Hüqo – 1793

Fransız inqilabının həlledici anlarından biri. Baş rollarda bu dəfə sadə xalqın içindən çıxan insanlardır.

40. Tolstoy – Dirilmə

Vicdan və ədalət anlayışları haqda traktat-roman. Əziici, ağır sonluğuna baxmayaraq, əsl şedevr.

41. Tolstoy – Hərb və sülh (təkrar)

Müharibə, diplomatiya, sevgi, zadəganlar, kəndlilər, zülm, istismar. Rusiya necə yarandı sualınının əsl cavabı. Rus milliyətçiliyinin doğuşuna təkan verən kitab. Özü bu məqsədlə yazılmasa belə.

42. Xalid Hüseyni – Çərpələng uçuran (təkrar)

Qaranlıq və zülmət. İkisi arasında gedib gələn məzlum bir xalq. Və onun faciələri

43. Xalid Hüseyni – Min möhtəşəm günəş

Qaranlıqda qadın. Qadının faciəsi və iniltisi.

44. Xalid Hüseyni – Və dağlardan səda gəldi

Qaranlıq. Qaranlıq. Qaranlıq.

45. Səhər Delicani – Cakaranda ağacının uşaqları

Mollalar, qaranlıq və sevgi haqqında sarsıdıcı roman

46. Pərinuş Sənii – Mənim payım

Bəsit, sadə, zərif. İranda qadın olmaq,

47. Tomas Mann – Sehrli Dağ

Dünya müharibəsi. İnsanlar dövlətləri əvəz edir. Hamı vərəm xəstəxanasına yığışıb. Girən xəstələnir, xəstələnən sağalmır

48. Haynrix Mann – Təbəə

Alman xalqının faciəsi. Rəhbərə sədaqət və millətçilik birləşəndə nə baş verir? İki dünya müharibəsi.

49. Tomas Man – Kral həzrətləri

Çökməkdə olan kiçik bir alman dövləti. Ümidlərin bağlandığı varis və onun qurumuş əli. 2-ci Vilhelmin kiçildilmiş bioqrafiyası.

50. Franz Kafka – Məhkəmə

Müqəssirsən! Niyə? Dövlət belə deyir. Bəraəti olmayan məhkəmə. Eynən bizdəki kimi.

51. Bulqakov – Master və Marqarita

İblis Moskvaya gəlir. Onun ədəbi çevrələrlə oyunu olacaq. Əsl ədib isə dəlixanadadır. Və onun şahəsəri.

52. Jojo Moyes – Ardında buraxdığın qadın

I dünya müharibəsi. İşğal altındakı Fransa. Və bir qadın. Bu qətiyyən bulvar romanı deyil!

53. Knut Hamsun – Torpağın bərəkəti

Müharibələrdən, münaqişələrdən, acgözlükdən bezən insanın təbiətə dönüşü. Təbiət insani münasibətləri ləğv etmir. İnsan insandır.

54. Selincer – Çovdarlıqda uçurumdan qoruyan (təkrar)

17 yaşınız var və hər şeydən narazısınız? Amerikada da fərqli deyil.

55. Scot Fitsgerald – Möhtəşəm Getsbi

Gizli biznes, dəbdəbə və ümidsiz sevgi. Melanxolik, dramatik və bəzi yerlərində bezdirici.

56. Mixail Bulqakov – İt ürəyi

İnsan heyvandır. Şüur bioloqlar tərəfindən sübut olunmayıb. Bulqakov isə bunu ədəbi olaraq tətbiq edir.

57. Jorji Amadu – Qum dəryasının kapitanları

Rio de Janerio. Aclıq. Səfalət. Və həyata meydan oxuyan azyaşlı küçə uşaqları.

58. Voyniç – Ovod

Ovod at milçəyi deməkdir. Min illik imperiyaya at milçəyi kimi dirənən romantik inqilabçının hekayəti sizi hüznləndirəcək.

59. İlya İlf, Yevgeni Petrov – 12 Stul

Satira. SSRİyə satira. Həyata satira. Və Ostap Bender çox maraqlıdır.

60. Corc Martin – Taxt oyunları

Serialına baxmamısınızsa, oxuyun. Güc, hakimiyyət, qəzəb, nifrət sevgi və insanlıq arasındakı mürəkkəb bağlar. İnsan heç də mələk deyil.

61. Lee Child – İtirəcək heç nə yoxdur

ABŞ-ın mərkəzində səhra. Səhranın ortasında bir şəhər. Şəhərdə mütləq diktatura. Keçmiş bir ordu zabiti cinayətkar nizamı məhv edir.

62. Robert Dahl – Demokratiya haqqında

Demokratiya nədir? Şeylərin təbii halı və dünyanın əsl nizamı olmadığı dəqiqdir. Bu insanlığın ixtirasıdır və qorunması gərəkən kövrək bir ixtiradır

63. Sveyq – Yad qadının məktubu

“Qadın necə sevə bilər” mpvzusunda parlaq dissertasiya əvəzi. Amma həmişə yox.

64. Çak Palanik – Döyüş klubu

Siz də mənim kimi, kinosuna baxıb ortasına qədər heç nə başa düşməmisinizsə, kitabı oxuyun, sonra filminə baxın. Nihilizm arada zövq də verir…

65. Rey Bredberi – Farengeyt 451

Kitabın yandırıldığı cəmiyyət. Eynən bizdəki kimi. Əsərin qəhrəmanı axtarır: Bəlkə haradasa…

66. Oldos Haksli – Cəsur yeni dünya

Fərqli rəngləri sevin. Onlar olmasaydı dünya çox sıxıcı olardı. Problemlərinizi də sevin. Mübarizədə keçməyən həyat necə də dəhşətli olardı!

67. Den Braun – İtirilmiş Simvol

Mason boşboğazlığıyla məzələnən əla dedektiv. Tarix və simvolika dolu həyəcanverici əsər.

68. Benjamin Disraeli – Al Roi

Yəhudi xalqının dastanını İngiltərənin gələcək baş naziri yazır. Romantika, hüzn və məğlubiyyət dolu. Lakin verdiyi ruh bu günədək yaşayır.

69. Emili Bronte – Tufanlı aşırım

Sevgi, xəyanət, iztirab və ölüm haqda nəhəng əsər.

70. Con Steynbek – Qəzəb salxımları

ABŞda sinfi mübarizə. Kənd və şəhər. Varlı və kasıb. Dövlət və vətəndaş. Böyük depressiya illəri haqda geniş analitik qəzəb.

71. Nikkolo Makiaveli – Hökmdar (tam versiya)

Makiavelliyə qəzəblənməyin. O insan təbiətinin dahi bilicisidir və hər şeyi öz adıyla çağırıb.

72. Knut Hamsun – Nağıllar diyarında (Qafqaza səyahət)

100 ildən çox keçib və çox az şey dəyişib.

73. Bernard Şlink – Qiraətçi

Hüzn və məğlubiyyət dolu Almaniya. Keçmiş bir SSçi. Gənc bir sevgili. Yeni həyatını heç cür qura bilmir və məhv olur. Səbəb? ƏlifbaS

74. Milan Kundera – Varoluşun dözülməz yüngüllüyü

İşğal altındakı Praqa. Və vicdanlı bir adam. Bizdəkindən fərqli olaraq vicdanlı adamlarına sahib çıxan cəmiyyət.

P.S. Üstündəki şəklə görə bu kitabı türmədə bir neçə dəfə oğurlamışdılar.

75. Haruki Murakami – Norveç Meşəsi (təkrar)

Başını itirən gənclik. Mənasız melanxoliya? Yox! Əsərdəki musiqiləri yükləyin, və sonra oxuyun. Əsərdə adları çəkildikcə musiqiləri dinləyin. Murakamini anlayacaqsınız.

76. Kafka – Çevrilmə

Həşərat. Tullantı. Zibil. Cəmiyyət və insanlar çox qəddardır.

77. Dostoyevski – İdiot

Zadəganlıq və sevgi. Zənginlik və əzab. Dialoqları sizi yorsa da, oxuyun. Maraqlı sonla bitir.

78. Somerset Moem – Teatr

Ərli qadının fəryadı, üsyanı və məğlubiyyət-qələbəsi. Anna Kareninadan və Modam Bovaridən heç də geri qalmayan möhtəşəm roman.

79. Cek Kerruak – Yolda

ABŞ-ın şərqindən qərbinə tualet kağızına yazılmış səyahət. Türmədən özümlə gətirdiyim üç kitabdan ikincisi.

80. Erix Fromm – Azadlıqdan qaçış

Azadlıq bütün xalqların haqqıdır. Bəs, əgər xalq bunu istəmirsə? Qarının və boğazın azadlıq üzərində qələbəsi mümkündürmü? Fromm, deyəcək sizə (həbsdən gətirdiyim 3cü və son kitab).

81. Nizamülmülk – Siyasətnamə

Şərqin Makiavellisindən iblisanə yazılar. Makiavellidən 3 əsr yarım əvvəl və Makiavellidən fərqli olaraq real hakimiyyət və zirvə görmüş adamın qələmindən.

82. Remark – Qərb cəbhəsində yenilik yoxdur

Alman imperiyası və gəncliyin məhvi. Kimin vecinədir? Kayzerin? Cəbhədə ölənlər nə qazanırlar? İnsan əxlaqının süniliyi və müharibə arasındakı əlaqə.

83. Qabriel Qarsia Markez – Patriarxın payızı

Diktator. O axı kimdir belə? Xalqlar niyə diktatorlar yetişdirir.? Aberrasiya? Hakimiyyət hərisliyi təbiidir ya süni? Qarmaqarışıq olsa da oğurlanası çox şeyin olduğu bir kitab.

84. Patrik Züskind – Parfümer

Gözəllik qurban tələb edir. Daha bu qədər də yox? Heç nə yaratmadığı və qat qat böyük qəddarlıqlar etdiyi halda Tarix kitablarında oxuduğumuz insanlar necə?

85. Con Maksvel Kutze – Barbarları gözləyərkən

Gücünü itirmiş və xeyli mötədilləşmiş Aparteid rejimi. Uzun illərdir qisas gözləyən qaradırili əzillənlər. Kimdir barbar? Müəllifin, ağdərili ingilis olmasını nəzərə alın.

86. Stiven Kinq – Yaşıl mil

Kinosuna baxmısınız? Eybi yox, kitabını mütləq oxuyun. Daha maraqlıdır!

87. Nigel Kauthorn – 100 tiran

Zarımayın, ağlamayın, oxuyun və ümidsizliyə son qoyun.

88. Con Man – Çingiz xan

Tarixin ən qəddar insanı. Dahi yoxsa psixopat? Qaniçən manyak yoxsa soyuqqanlı, ruhsuz strateq?

89. Tarle – Taleyran

16-cı Lüdoviki, Robespyeri, Napoleonu, 18-ci Lüdoviki, Metternixi və başqa yüzlərlə adamı satmış tarixdəki ən məşhur iblislərdən birinin həyatı. İngilisləri isə satacağı heç bir güc yox idi…

90. Anna Frank – Gündəlik

13 yaşlı yəhudi qızı qaçır. Niyə? Çünki onun atası və anasıdır. Gizlənir. Və sonra ölür. Öləndən sonra tapılan əlyazmaları isə dünyanı hüznə boğur.

91. Fərəh Pəhləvi – Xatirələr

Məhəmməd Rza şah mələk olmayıb, onu bildik. Bəs yerinə gələnlər? Və necə ya niyə gəldilər? Först leydinin diliylə İran.

92. Trotski – Gündəliklər və məktublar

Qurduğu sistemin qurbanından acı etiraflar.

93. Qriqori Petrov – Ağ zanbaqlar ölkəsində

Atatürkün ən sevdiyi kitablardan biri. Mən də ondan sonra oxudum. Və 2 gün sonra azadlığa buraxdılar.

94. Turgenev – Atalar və oğullar

Bu gün belə, aktual olan kitab. Ən azı bizdə. Nəsillərin qovğası. Yeni, yoxsa köhnə davası.

95. Ernest Heminquey – Əcəl zəngi

Müharibə pisdir ya yaxşı? Pisdirsə insanlar niyə ora könüllü gedirlər? Yaxşıdırsa niyə hamı lənətləyir?

96. Dan Braun – Cəhənnəm

Sonluq bərbad və mənasız olsa da, toxunduğu mövzu və izahı möhtəşəmdir.

97. Robert Qrin – Hakimiyyətin 48 qanunu

Siyasi hakimiyyət. İnsanlar arasında hakimiyyət. Güc. Söz sahibi olmaq. Bəşəriyyətin on minlərlə ildir uğrunda mübarizə apardığı şeyləri qazanmağın sınanılmış yolları.

98. Məmməd Süleymanov – Ədəbi portretlər

Bir-birindən rəngli, maraqlı personajlar. Baş naziri bəstəkar, maliyyə naziri oğru, xarici işlər naziri anarxist olan dövlət? Bəli, bu kitabda belə şeylər çoxdur.

99. Pərviz – Yad dildə

Rejim tənqid edir, rejim təhrik edir, plan qurur, rejim həbs edir, rejim məhv edir. Və Bakcell bu kitaba mükafat verir.

100. Aqşin Yenisey – Şerləri

Şairə yazdığı şerlərə görə qiymət vermək lazımdır. Şair şairdir. Şer də şer

P.S təkrar yazdıqlarım azadlıqda da oxuduqlarımdır.