İranda uşaq nikahının ən çox olduğu vilayətlər: Zəncan və Şərqi Azərbaycan

Foto: Amnesty

Zəncanda yaşı 14-dən aşağı 1400 uşaq evləndirilib.

İranda yaşı 14-dən aşağı uşaq nikahının ən çox qeyd edildiyi vilayətlərin müvafiq olaraq Zəncan, Şərqi Azərbaucan və Şimali Xorasan vilayətləri olduğu bildirilir.

Bu haqda məlumat verən rəsmi dövlət agentliyi İRNA-ya istinadən, ölkədə hər il təqribən yaşı 14-dən aşağı 40,000 uşaq evliliyi qeydiyyata alınır.

Qeyri-hökümət təşkilatları qeyri-rəsmi və qeydiyyatdan keçməyən erkən yaşda nikah sayının rəsmi rəqəmlərdən qat-qat çox olduğunu önə çəkirlər.

Zəncan valisinin müavini Məsihullah Sultani İranda ən çox uşaq nikahının Zəncan vilayətində qeydə alındığını təsdiq edib.

Sultaninin bildirdiyinə görə, Zəncanda yaşı 14-dən aşağı 1400 uşaq nikahı həyata keçirilib.

Hüquq müdafiəçiləri İran İslam Respublikası qanunlarında kiçik yaşlarda evləndirilməyə icazə verilməsindən əlavə yoxsulluq, maarifləndirmənin olmaması və etnik ayrı-seçkilik kimi amillərin də erkən yaşda ərə verilən qızların sayının artmasına yol açdığını bildirirlər.