Milli Şura mitinq elan etməkdən, İcra Hakimiyyəti isə “yox” cavabı verməkdən yorulmur

Milli Şuranın mitinqi

Bakı şəhər İcra Hakimiyyəti Milli Şuranın aprelin 20-nə təyin etdiyi mitinqi məqsədəuyğun saymayıb. Bu barədə AXCP sədrinin müavini Gözəl Bayramlı Turana bildirib.

Milli Şura aprelin 20-də mitinq keçirmək barədə qərar qəbul etmişdi. Mitinqin siyasi məhbuslara azadlıq, korrupsiya yolu ilə ölkədən oğurlanmış, xalqdan talan edilmiş vəsaitlərin geri qaytarılması, hazırda əhalinin böyük ehtiyac duyduğu uşaq pullarının verilməsi və digər tələblərlə keçiriləcəyi bildirilmişdi.

Lakin, Bakı Şəhər İcra hakimiyyəti mitinqə icazə vermədikdən az sonra Milli Şura dərhal növbəti mitinq qərarını verib. Bu haqda Milli Şuranın üzvü Əli Kərimli bəyan edib.

“Milli Şura iki mitinq qərarını birdən verib. May ayının 5-i və 11-nə mitinq təyin etdik. Yalançını mənzilinə qədər qovacağıq. 20 aprel mitinqinə də razılıq vermədilər. Yenə də qorxdular! Yeri gəlmişkən, rejimin məhz xalq izdihamından qorxduğu üçün mitinqlərə razılıq vermədiyini deməyimizdən narahat olanlardan soruşuram, bəs nəyə görə mitinqlərə razılıq vermirlər?
Qorxudan başqa ağlabatan versiyanız varmı?” – deyə Əli Kərimli sosial şəbəkədəki hesabında yazıb.

Milli Şuranın yanvarın 19-da keçirdiyi izdihamlı mitinqdən sonra Bakı meriyası indiyədək hər hansı aksiyanın keçirilməsinə razılıq verməyib.

Bakı şəhər İcra Hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının fevralın 23-də, martın 2-də, aprelin 6-da, Müsavat Partiyasının martın 10-da və aprelin 7-də keçirmək istədiyi aksiyalara razılıq verməyib.