Milli Şura: ‘Sazişin mətni xalqın maraqları naminə imzalanmadan öncə ictimaiyyətə açıqlanmalıdır’

Milli Şuranın mitinqi

“Avropa hüquqi, siyasi, iqtisadi və mədəni məkanına inteqrasiya, Azərbaycanın Avropa xalqları ailəsinin tam və bərabərhüquqlu üzvünə çevrilməsi xalqımızın və dövlərimizin ali maraqlarına və məqsədlərinə cavab verən ən düzgün strateji seçimdir və bu seçimin alternativi yoxdur. Bu seçimi Azərbaycan xalqı 100 il öncə”.

Bu fikirlər Demokratik Qüvvələrin Milli Şurası bu gün yayımladığı mövqe sənədində yer alıb.

Milli Şuranın sədri Cəmil Həsənlinin yayımladığı sənəddə deyilir ki, müxalif qurum bütün müsəlman dünyasında ilk dünyəvi və demokratik respublikanı yaradarkən qurucu babaların ötən əsrin əvvəllərində müdrikliklə seçdikləri bu tərəqqi və inkişaf yoluna sadiqdır.

“Bəyan edirik ki, Azərbaycanın azad, xoşbəxt və firavan gələcəyini məhz Avropa Birliyi ilə yaxınlaşmaqda və əməkdaşlıqda, Avropa geosiyasi məkanına tam və dərin inteqrasiyada, Avropa xalqları ailəsinin bərabərhüquqlu üzvü olmaqda görürük.

Bu gün ölkəmizin adı dünya miqyasında korrupsiya və rüşvət qalmaqalları, ofşor ifşaları, inhisarçılıq, qeyri-məhdud hakimiyyət, seçki saxtakarlığı, qeyri-şəffaf idarəetmə, sorğu-sualsız qətllər, işgəncələr, siyasi təqiblər və siyasi məhbuslar kimi ən neqativ anlayışlarla assosiasiya olunur”.

“Azərbaycan 2001-ci illə müqayisədə ciddi şəkildə geriləyib”

Milli Şuranın açıqlamasında bildirilir ki, bu gün Azərbaycan Avropa Şurasına üzv olduğu 2001-ci illə müqayisədə demokratiya, insan hüquqqları və fundamental azadlıqların qorunması, qanunun aliliyi və səmərəli idarəetmə sahəsində ciddi şəkildə geriləyib.

“2019-cu il 16 mart tarixli əfv sərəncamı ilə 51 nəfər siyasi məhbus azadlığa qovuşsa da, Azərbaycanda hələ də yüzdən çox siyasi məhbus var və siyasi məhbus istehsal edən “konveyer” işlək vəziyyətdədir”.

Qurumun yayımladığı sənəddən ölkədəki mətbuat azadlığının vəziyyətinə də yer verilib. Sənəddə deyilir ki, Azərbaycanda bir müstəqil qəzet, sayt və ya başqa media təsisatı fəaliyyət göstərmir, müstəqil saytlar siyasi sifariş əsasında çıxarılan əsassız məhkəmə qərarları ilə bloklanıb, Avropa Şurasının tövsiyyəsi əsasında yaradılmış İctimai Televiziya da daxil olmaqla, ölkə üzrə yayımlanan bütün televiziya kanalları hakimiyyətin total nəzarəti altındadır.

“Sərbəst toplaşmaq azadlığına qarşı həmişə mövcud olan məhdudiyyətlər 2019-cu ilin 19 yanvar tarixindən sonra bu hüququn tamamilə aradan qaldırılması ilə möhkəmləndirilib. Belə ki, Milli Şuranın Bakı şəhərində məhdud bir ərazidə və zamanda 26 yanvar, 23 fevral, 2 mart, 6 aprel və 20 aprel tarixlәrindә mitinq keçirilməsilə bağlı müraciətlərinə, eləcə də digər ictimai-siyasi qurumların eyni məzmunlu müraciətlərinə müvafiq dövlət orqanları “yox” cavabı verib”.

‘Azərbaycanın Avropa Şurasına üzv olduğu 18 il ərzində ölkədə siyasi müstəvi sıradan çıxarılıb’

Milli Şuranın yaydığı sənəddə bildirilir ki, Azərbaycanın Avropa Şurasına üzv olduğu 18 il ərzində ölkədə siyasi müstəvi sıradan çıxarılıb, vətəndaş cəmiyyəti darmadağın edilib. Ağır təqiblər, təzyiqlər və məhrumiyyətlər altında olan siyasi partiya və təşkilatların fəaliyyəti hər gün daha da məhdudlaşdırılır.

Açıqlamada deyilir ki, son 25 il ərzində ölkədə bir dәfә dә demokratik prezident, parlament, bələdiyyə seçkisi keçirilməyib, azad və rəqabətli seçki institutu məhv edilib. Ölkə parlamentində bir müxalifət təmsilçisi belə yoxdur.

Müxalif qurum yayımladığı sənəddə Azərbaycan iqtisadiyyatı ilə bağlı bəndlərə də yer verib. Bildirilir ki, ixracatın 95 faizi neft və qaz gəlirlərindən ibarət olan ölkədə iqtisadiyyatın diversifikasiyası həyata keçirilməyib. 2015 və 2016-cı illərdə baş verən devalvasiyalar nəticəsində milli valyuta 2,5 dəfə dəyər itirib, əhali daha da yoxsullaşıb.

“Azərbaycanın Dünya Ticarət Təşkilatına üzvlüyünə əngəl yaradır”

“Məhz hakim elitanın korrupsiya və inhisarçılıq maraqları uzun illərdir ölkədə ədalətli rəqabət mühitinə söykənən açıq bazar iqtisadiyyatının qurulmasına və müvafiq surətdə Azərbaycanın Dünya Ticarət Təşkilatına üzvlüyünə əngəl yaradır”.

Sənəddə bildirilir ki, Azərbaycanda məhkəmə sistemi müstəqilliyini tam və birmənalı şəkildə itirib.

“Məhkəmələr siyasi mahiyyətli işlərdə Prezident Administrasiyasının tapşırıqlarının icraçısına çevrilib, digər məsələlərdə korrupsiya maraqlarından çıxış edirlər”.

Milli Şuranın sənədində deyilir ki, ölkədəki problemlərdən xilas olmağın ən optimal yolu ölkənin qısa zamanda Avropa hüquqi, siyasi və iqtisadi məkanına inteqrasiya etməsi və insan hüquqları, qanunun aliliyi, demokratiya, azad rəqabət və seçim kimi dəyərlər və prinsiplərin ölkəmizdə həyat normasına çevrilməsidir.

Milli Şura nəyi prinsipial hesab edir?

“Milli Şura olaraq biz ən tez zamanda Avropa Birliyi ilə Dərin İqtisadi İnteqrasiyanı və Azad Ticarət Sazişini də ehtiva edən Assosiasiya Sazişinin imzalanmasını arzulayırıq. Azərbaycan siyasi rəhbərliyinin isə Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Avropa Birliyi ilə daha sıx əməkdaşlığı müxtəlif süni bahanələrlə əngəllədiyini anlayırıq. Məhz bu səbəbdən bizim üçün hələ də mücərrəd olan Strateji Tərəfdaşlıq Sazişinin hazırlanmasını anlayışla qarşılayır və konseptual baxımdan dəstəkləyirik”.

Təşkilatın açıqlamasında bildirilir ki, prinsipial hesab etdikləri məqam bu sazişin hansı şəraitdə və hansı şərtlər daxilində imzalanması ilə bağlıdır.

“Bu saziş ölkədə təzyiq və diskriminasiyanın vüsət aldığı bir şəraitdə imzalanacaqsa, birmənalı olaraq Azərbaycan xalqının və dövlətinin ali maraqlarına deyil, Əliyev rejiminin hakimiyyət maraqlarına xidmət edəcək”.

Avropa Birliyi Azərbaycan hökumətini təşviq etməlidir

Demokratik Qüvvələrin Milli Şurası bəyan edir ki, Avropa Birliyi ilə bağlanacaq istənilən sazişdə Azərbaycanın Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilər daxil olmaqla, ərazi bütövlüyünün və suveren hüquqlarının tanınması (Gürcüstün, Ukrayna və Moldovaya münasibətdə olduğu kimi) bizim üçün heç vaxt müzakirə və kompromis predmeti olmayacaq ilkin şərtddir.

“Milli Şura olaraq Avropa Parlamentinin Azərbaycan və AB münasibətlərinə dair 04 iyul 2018-ci il tarixli qətnaməsinə tam dəstəyimizi ifadə edir və Strateji Tərəfdaşlıq Sazişinin yalnız həmin qətnamədə müəyyən edilən şərtlər çərçivəsində imzalanmasını tərəflər üçün faydalı və məqbul hesab edirik. Bildiririk ki, Avropa Birliyi Azərbaycan hökumətini həmin qətnamədə qoyulan tələblərin icrasına təşviq etməlidir”.

Milli Şura saziş imzalanmadan əvvəl Azərbaycan hökumətinin atmalı olduğu addımları da sadalayıb. Bildirilir ki, ən qısa zamanda bütün siyasi məhbuslar azad edilməli və siyasi məhbus praktikasına son qoyulmalıdır.

Media azadlığı təmin olunmalıdır

Müxalif təşkilatın açıqlamasında həmçinin, media və sərbəst toplaşma azadlığının təmin olunması istiqamətində ciddi əməli addımların atılmalı olduğu vurğulanır.

“Vətəndaş cəmiyyətinin, müstəqil QHT-lәrin fəaliyyəti üçün əlverişli mühit bərpa olunmalı, siyasi partiyalara və fəallara qarşı təqib-təzyiqlərə son qoyulmalı, siyasi zəmində hər cür diskriminasiya və ayrı-seçkilik aradan qaldırılmalı, siyasi fəaliyyət müstəvisi bərpa olunmalıdır, korrupsiya və inhisarçılıqla mübarizə istiqamətində imitasiyaya son qoyulmalı, gerçək və ciddi tədbirlər həyata keçirilməli, ölkənin Dünya Ticarət Təşkilatına üzvlüyü yolunda yaradılan süni maneələr aradan qaldırılmalıdır.

Milli Şuranın tələbləri sırasında məhkəmə sisteminin müstəqilliyinin və şəffaflığın təmin edilməsi, həmçinin Azərbaycan xalqının qanuni maraqları və mənafeləri nəzərə alınaraq sazişin mətni imzalanmadan öncə Azərbaycan ictimaiyyətinə açıqlanmalı olduğunu da bildirir.