Müəllimlər eks-deputatın anası olan direktordan şikayət edirlər [video]

Seyid Cəfər Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının bir qrup müəllimi gimnaziyanın direktoru Xuraman Osmanovanın təhsil müəssisəsində dözülməz atmosfer yaratmasından, onun qanunsuz əməllərindən şikayət edirlər.

Abzas-a danışan müəllimlərin sözlərinə görə, bütün otaqlar başqa məktəblərdən gələn müəllimlərə arendaya verilir, sinif otaqları pulla satılır.

Müəllim Lalə Məmmədovanın sözlərinə görə, illərlə bu məktəbdə çalışan müəllimlər “o mərtəbə sənin, bu mərtəbə mənim” gəzməyə başlayaraq dərs keçməyə sinif otağı tapmırlar.

Şikayət edən müəllimlər direktorun illərlə gimnaziyada çalışan müəllimləri “gözümçıxdıya” saldığını, əvəzində öz ətrafından, qohumlarından olan müəllimləri məktəbə yığır.

“Uzun ilərdi burda çalışan müəllimlərin dərs saatları yeni müəllimlərə verilir, bizə “siz bu məktəbə yaramırsınız, bura olimpiya mərkəzi olacaq, ərizənizi yazıb gedin” deyə bizi məcbur burdan çıxarmaq istəyirlər”.

Məsələ ilə bağlı sözügedən gimnaziyanın direktoru Xuraman Osmanovanın münasibətini öyrənmək məqsədilə gimnaziyaya dəfələrlə zənglər etsək də edilən zənglərə cavab verilməyib.

Məktəbdən isə bildiriblər ki, direktor bir neçə gündür ki, səhhətində yaranan problemlər səbəbindən işə çıxmır.

Müəllimlərin sözlərinə görə, məktəbin direktoru keçmiş deputat Ceyhun Osmanlının anasıdır və arxasında adam olduğuna görə heç kim onunla bağlı tədbir görə bilmir.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov isə saytımıza açıqlamasında bildirdi ki, şəxsən özü bu barədə məlumatlı deyil, amma əgər belə bir şikayət nazirliyə daxil olubsa, araşdırılacaq.

Material hazırlanan vaxt müəllimlərdən birinin Abzas-a verdiyi məlumata görə, aprelin 23-də Təhsil Nazirliyindən məktəbə gəlib bildiriblər ki, direktorun səhhətində ciddi problemler olduğundan işə çıxa bilmir, onu tam başqa adam əvəz edəcək.