‘Neft Akademiyasında’ törədilən qətliamdan 10 il keçir

2009-ci il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) ikinci korpusunda çoxsaylı insanın ölümü ilə nəticələnən qətliamdan 10 il keçir.

İstintaq materiallarına əsasən, 2009-cu il aprelin 30-da Gürcüstan vətəndaşı Fərda Qədirov səhər saat 9:30 radələrində Dövlət Neft Akademiyasının 2-ci tədris binasına daxil olaraq qarşısına çıxanları güllələyib. 12 nəfəri öldürüb, 15 nəfəri yaralayan F.Qədirov daha sonra baş nahiyəsinə atəş açaraq özünə qəsd edib.

Məhkəmə bu cinayət işində adları keçən Nadir Əliyev, Cavidan Amirov və Nəcəf Süleymanovu ömürlük, Ariz Qabulovu isə 11 il müddətinə azadlıqdan məhrum edib.

Həbs olunanların hamısı Gürcüstandan olan azərbaycanlılardır və terrorizm, qəsdən adam öldürmə, qaçaqmalçılıq, qanunsuz silah və narkotik maddə saxlamaq ittihamları üzrə təqsirli bilinib.

Həmin 4 nəfər məhkəmə prosesində istintaq zamanı onlara işgəncə verildiyini bildiriblər. Ancaq Azərbaycan rəsmiləri istintaq təcridxanaları və cəzaçəkmə yerlərində işgəncələrlə bağlı şikayətləri, bir qayda olaraq, qəbul etmirlər.

İstintaqın məlumatına görə, cinayətin təşkilatçısı Gürcüstan vətəndaşı, erməni əsilli Mardun Qumaşyandır. O, müttəhimlərlə cinayət əlaqəsinə girərək, onları Bakıda azərbaycanlılara qarşı terror aktı törətməyə razı salıb.

İstintaq hesab edib ki, Qumaşyan terrorçuluğu maliyyələşdirərək bu cinayətin təşkili və həyata keçirilməsi üçün onlara ümumilikdə 50 min ABŞ dolları məbləğində pul verəcəyini vəd edib.

Qumaşyan əvvəlcədən Fərda Qədirova 5 min ABŞ dolları məbləğində pul verərək, qalan məbləği cinayət törədildikdən sonra verəcəyi, eləcə də Fərda Qədirov tərəfindən hələ 2008-ci il noyabrın 8-də Tbilisidə odlu silah satışı mağazasından aldığı “Makarov” tipli tapança və 200 ədəddən artıq patronların qanunsuz olaraq Azərbaycana keçirilməsi barədə razılığa gəlib.

Lakin məhkəmədə bunları sübut edən dəlillər təqdim edilməyib.

Bu iş üzrə həbs olunanların vəkilləri məhkəmədə qeyd edib ki, Azərbaycanın hüquq-mühafizə orqanları Qumaşyanın Azərbaycana verilməsi məqsədilə İnterpola və Gürcüstan hakimiyyətinə müraciət etməyib.

İbtidai istintaq həmçinin Fərda Qədirovun ruhi xəstə olduğunu müəyyən edib. O əvvəlcədən video müraciət yazıb və orada bu cinayəti Azərbaycan cəmiyyətinə nifrət etdiyinə görə törətdiyini deyib. Yerli televiziyalarda Qədirov ölümündən öncə mobil telefonuna yazdırdığı video müraciət nümayiş etdirilib. Fərda Qədirov Gürcüstana gəlməmişdən öncə Rusiyada yaşayıb.

Bununla yanaşı, jurnalistlər dəfələrlə Mardin Qymaşyanın yaşadığı evdə olub. O hər hansı terroru maliyyələşdirmədiyini, təşkilatçısı olmadığını, sadə əməkçi adam olduğunu bildirib. Qumaşyan indi də Gürcüstanda yaşayır və hər hansı istintaq tərəfindən dinirilməyib.

Hadicə baş verən zaman ekspertlər Neft Akadeniyasında silahlı hücumun sırf terror hadisəsi olduğunu bildirib.

Hadisədən sonra, hazırda ləğv olunmuş Milli Təhlükəszilik Nazirliyinin keçmiş nazirinin birinci müavini, Azərbaycan Atlantika Əməkdaşlıq Assosiasiyasının sədri Sülhəddin Əkbər  deyib ki, ali məktəbdə kütləvi qətl Azərbaycanın Qərblə əlaqələrinin qarşısını almaq məqsədi ilə törədilib.

“Neft Akademiyasında törədilən kütləvi qətlin əsl motivləri açılmayıb. İstintaqın müəyyən etdiyi erməni əsilli, Gürcüstan vətəndaşı Mardun Qumaşyan belə indiyədək dindirilməyib. O, rahat yaşayır və kiçik bizneslə məşğul olur. Bakı isə susur, belə deməyə əsas verir ki, cinayətin sifarişçisi o deyil”.

Cənab Əkbərin sözlərinə görə, terror aktı Rusiya xüsusi xidmət orqanları tərəfindən hazırlanıb.

“Ali məktəbdə kütləvi qətl Nabucco layihəsinin müzakirəsi ərəfəsində törədilib. Terror aktından sonra Azərbaycan layihəni dəstəkləməkdən imtina etdi, Türkiyə ilə qazla bağlı ziddiyyətlər başladı və Rusiyaya verilən qazın həcmi artırıldı”.

Ekspert bildirib ki, Azərbaycan və Gürcüstan İnterpolun, beynəlxalq konvensiyaların üzvləridir.

“Odur ki, zəruri materialların gürcü tərəfinə verilməsinə və əsl sifarişçilərin üzə çıxarılmasına heç bir maneə yoxdur. Lakin Bakı bilir ki, Tbilisi hərtərəfli istintaq aparacaq və elan edəcək ki, cinayətin arxasında Rusiya durur. Bakı isə Kreml ilə münasibətləri pozmaq istəmir. Bundan əlavə, istintaq o qədər səriştəsiz aparılıb ki, onun gürcü tərəfinə təqdim etmək rüsvay olmaq deməkdir və bu da növbəti qalmaqala səbəb olar”.

Cənab Əkbər hesab edir ki, nə qədər ki, Azərbaycanda indiki rejim hakimiyyətdədir, bu cür terror aktları açılmamış qalacaq, əsas təşkilatçıların və sifarişçilərin adları açıqlanmayacaq.

“Şərq Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu hesab edir ki, bu terror daxili qüvvələrin birbaşa iştirakı və xaricdən təşkilatçılıq dəstəyi ilə həyata keçirilib.

Qətliamdan sonra ictimai fəallar 2013-cü ilədək, hər il aprelin 30-da Neft Akadrmiyasının qarşısında anım mərasimləri keçirib, tələbə və müəllimlərin qətlinin sifarişçilərinin tapılıb cəzalandırılmasını tələb edib. Hər dəfə də çoxsaylı fəal inzibati həbsə məhkum edilib.

Hazırda Azərbaycan Dövlət Neft Akademiyası yeni – Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) adı altında fəaliyyətini davam etdirir. ADNSU-da terror aktının qurbanlarının xatirəsinə memorial quraşdırılıb.