‘Rusiya pasportu ‘dinc etiraz mitinqlərinə görə həbs hüququ’, ‘qeyri-azad və rəqabətsiz seçki’ hüququ verir’

Vladimir Zelenski

Ukraynanın yeni prezidenti seçilmiş Vladimir Zelenski Rusiy prezidenti Putinin Ukrayna vətəndaşları ilə bağlı qərarına münasibət bildirib.

Bu barədə hələki vəzifəsinə başlamayan Zelenski sosial şəbəkədə açıqlama yayıb. Onun sözlərinə görə, Ukrayna vətəndaşlarını Rusiya pasportları ilə şirnikləndirməyə əbəs vaxt sərf etməmək lazımdır.

“Ukraynanılar gözəl bilirlər ki, Rusiya pasportu “dinc etiraz mitinqlərinə görə həbs hüququ”, “qeyri-azad və rəqabətsiz seçki” verir. Ukraynalıların isə söz azadlığı, azad mətbuatı və interneti var”.

Zelenski eyni zamanda Rusiya ilə Normand formatında danışıqlara hazır olduğunu deyib və bütün əsirlərin mübadiləsini təklif edib.

Amma o qeyd edib ki, Rusiya ilə Ukrayna arasında münasibətlərin normallaşması, yalnız Donbas və Krımın tam azad edilməsindən sonra mümkündür.

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya bütün Ukrayna vətəndaşlarına sadələşdirilmiş qaydada Rusiya pasportu verilməsinin mümkünlüyünə baxır.

Putin aprelin 24-də Ukraynanın separatçı bölgələri Donetsk və Luqanskda yaşayan əhaliyə Rusiya pasportu verilməsi barədə fərman imzalayıb.

Moskvanın bu addımı Ukrayna, Avropa Birliyi və ABŞ tərəfindən sərt tənqidlə qarşılanıb.

Rusiya isə bunu hümanitar addım kimi izah edir.

Rusiyanın daxili işlər nazirliyindən bildiriblər ki, Donbas sakinlərinin Rusiya pasportu alması üçün Ukrayna vətəndaşlığından imtina etmək lazım deyil.