Türkiyədən tutulub gətirilən dindarı azadlığa buraxıblar

“Müsəlman Birliyi” hərəkatının üzvü Anar Cabbarov aprelin 5-də azadlığa buraxılıb.

O, Türkiyədə tutulub, beş gün sonra – martın 22-də Bakıya gətirilib və DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) saxlanırdı. Yaxınlarının AzadlıqRadiosu-na bildirməsinə görə, onu elə həmin idarədən buraxıblar.

Anar Cabbarova qarşı CM-in 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsilə ittiham irəli sürülmüşdü.

Ailə üzvlərinin sözlərinə görə, Anar Cabbarov aprelin 4-də axşam saatlarında 1 saylı Bakı istintaq təcridxanasından BMCMİ-yə gətirilib:

“Aprelin 3-də axşam onu istintaq təcridxanasına köçürmüşdülər, ayın 4-də axşam yenə geri qaytarıblar. Aprelin 5-də narkotik ittihamına da, haqqındakı cinayət işinə də xitam verilib. Çünki narkotikin ona heç bir aidiyyəti yoxdur”.

Ailə üzvləri Anar Cabbarovun səhhətində problem olmadığını da əlavə ediblər.

Ailəsilə birlikdə Türkiyədə yaşayan Anar Cabbarov “Müsəlman Birliyi” hərəkatının sədri Taleh Bağırovun da yaxın dostudur.

Yaxınlarının bildirdiyinə görə, Anar Cabbarovu martın 16-da Türkiyədə sənədlərində problem olması adıyla polis idarəsinə, oradan Binkılıç Göç İdarəsinə aparıblar: Daha sonra onu Azərbaycanın İstanbuldakı konsulluğuna aparıb, onun üçün yeni sənədlər alıb, Göç İdarəsinə qaytarıblar. Martın 22-də isə o Bakıya gətirilib: “Həmin gün hava limanında bir tanışımızı görüb, qışqırıb ki, “ailəmə xəbər ver, məni “bandotdel”ə aparırlar”.

“Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırov da daxil, təşkilatın onlarla üzvü həbsdədir.

Onların əksəriyyəti 2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyat zamanı və ondan sonrakı günlərdə həbs olunub.

Əməliyyat nəticəsində ikisi polis olmaqla, altı nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib.

Həmin vaxt Nardaranda və bundan bir qədər əvvəl Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub.

Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

İlahiyyatçı Taleh Bağırov 20 il həbs cəzasına məhkum edilib.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər.