Türkmənistan prezidenti yenə rep oxudu: Bu dəfə at haqqında

Türkmənistanın prezidenti Qurbanqulu Berdımuhammedov bu ölkəyə məxsus cins atlara rep oxuyub.

Bu haqda mühacirətdə fəaliyyət göstərən türkmən saytı “hronikatm.com” yazır.

Prezident repi axaltəkə yarış atı “Rovaç”ın şərəfinə oxuyub. Türkməncə rovaç – bərəkətli deməkdir. Tez-tez dövlət tədbirlərində mahnı oxuyub musiqi alətində ifa edən prezident indi də Milli türkmən atı bayramında çıxış edib.

Berdimuhammedov ilk dəfə keçən il iyul ayında nəvəsi Kərimqulu ilə birgə rep ifa etmişdi. Onda o bu repini “Amul-Xazar 2018” beynəlxalq avtorallisinə həsr etmişdi.

Dekabr ayında isə Türkmənistan prezidenti öz bəstələdiyi mahnını yeni il öncəsi ziyafətdə oxumuşdu.

Berdimuhammedovun atlara düşkünlüyü çoxdandır bilinir, o 2017-ci ildə Aşqabadda tikilən bir binaya baxış keçirməyə atla getmişdi. O idman kostyumunda və at üstündən şəhərin küçələrini gəzib məmurlara tapşırıqlarını verirdi.