Universitet müəliminin vəzifəsi haqqında

Keçən gün tələbələrdən hər ay üçün nəzərdə tutulmuş kollokvium qiymətləri ilə əlaqədar dərs soruşmalı idim. Fərqli bir şeylər sınamaq istəyirdim və təbii olaraq yaşımın vermiş olduğu gənclik enerjisi ilə yeniliklərə imza atmağa çalışırdım. Hər nə qədər yazılı sistemə qarşı olsam da ilk 30 dəqiqə ərzində tələbələrdən mövzularla bağlı mühazirələrdə yer almayan, lakin öz düşüncələrinə istinad etdikləri fikirləri yazmalarını istədim. Dərsin ikinci hissəsində isə onları yazdıqları yazılara görə qiymətləndirəcəyimi düşünənən tələbələrimdən fərqli olaraq kağızları dəyişdirməklə, ixtiyarı formada yenidən özlərinə payladım. Düşünün ki, olduqca yaxşı yazmağınıza rəğmən çox zəif yazmış digər bir tələbənin yazısı sizin bəxtinizə düşür və müəllim, yalnız əlinizdəki vərəqdə yazılanlara görə sizi qiymətləndirəcəyini qeyd edir. Ya da hər əksi baş verir, olduqca zəif yazdığınız halda daha yaxşı yazılmış bir yazı sizin qiymətinizi müəyyən edəcək amilə çevirilir.

İlk təəsüratda əksər tələbələrin də qeyd etdiyi kimi, metodun  necə ədalətsiz olması fikir məni də düşündürür. Hər kəsə öz yazdığına əsaslanaraq qiymətləndirilməsi, hər kəsin öz fərdi məsuliyyətini dərk etməsi və buna görə nəticə əldə etməsi daha ədalətli görünür. Ən azından keçən əsrin əsas fəlsəfi yanaşması olan ekzistensializmə görə belə idi. İnsan yalnız öz əməllərinə cavabdeh idi, azad idi, lakin eyni zamanda da azadlığının məsuliyyəti qarşısında kölə idi.

Mən universitetlərdə və xüsusilə də təhsildə insanı, daha doğrusu gənci öz “fərdi” düşüncəsinə həbs etməyə çalışan, onu digərlərindən ayıran və mücərrədləşdirən sistemdən başqa bir şey görmürəm. Əgər bir tələbə 0 aldığı üçün qəmgindirsə, kənarda bir yerdə mütləq kimsə daha yaxşı qiymət aldığı üçün xoşbəxt, başqa birisi isə hələ qiymət almadığı üçün itaətkar vəziyyətdədir. Dünya, ya da tələbələrin var olduğu formada auditoriya fərdi qayğıları içərisində boğulmuş gənclərin yığınıdır.

Mən prosesə Universitet müəllimi və tələbə dialektikası mövqeyindən yanaşmanın tərəfdarıyam. Lap əgər belə yanaşmamış olsam belə gerçək olanın bu olduğu qənaətindəyəm. Ən azından 30 nəfərlik tələbə auditoriyasında 90 dəqiqə söz sahibi olan şəxs kimi Universitet müəlliminin heç də adi insan olmadığını, daha doğrusu ola bilməyəcəyini, hardasa öz mövcudluğundan irəli gələn daha transendental bir vəzifələrə və məqsədlərə malik olduğunu düşünürəm. Tələbələri qiymətləndirmək, ya da hər hansı mövzu ilə bağlı mexaniki öyrənməni təmin etmək universitet müəliminin vəzifəsi ola bilməz. Universitet müəllimi, qaib limiti və 10-luq qiymət şakalasından təsir vasitəsi kimi istifadə edəcək qədər bayağı mühitin içərisinə özünü həbs ediyinə görə məsuliyyət daşımalı olan şəxsdir.

Mən sizə başqa bir hekayədən sitat gətirmək istəyirəm. Yəqin ki, çoxlarınız mülkiyyət olaraq heç kəsə məxusus olmayan, həyətinizdən kənarda çox vaxt da yolda bitən hər hansı meyvə ağacı ilə qarşılaşmısınız. Hansı ki, bol məhsul gətirdiyi vaxtlarda qapı qonşu olan iki ailə bu ağacın kimə məxsus olması haqqında dava etməkdən belə çəkimir. Ya da ağacdan meyvə dərmək istəyən uşaqları qovurlar ki, meyvələrə dəyməyin mürəbbə bişirəcəyik, ya da səhər oyandığında kiminsə gecənin qaranlığında ağacın meyvələrinin”oğrulamış” olduğuunu görmüsüz. Hətta bu yanaşmanı o qədər irəli aparırlar ki, kənardan baxan izləyiciyə ağacın əkilməsi və ona qulluq edilməsində insan əməyinin rolu danılmaz həqiqət çevirilir. Çünki heç bir qonşu öz həyətində ağac əkməyib. Əkməyib ona görə ki, bu uzun və ağrılı prosesdir. Əvəzində isə hazır və bol məhsul verən ağacı mənimsəmək daha yaxşı və qazanclıdır. Mən Universitet müəllimlərini yoldakı ağac uğrunda mübarizə, qəribə şəkildə yoldakı meyvə ağacına haqq iddiası aparan qonşulara bənzədirəm. Bir neçə ildən bir ortaya çıxan savadlı və intellektual bir tələbəni də həmin yolda bitən ağaca. Hamı onun sahibi olmaq və meyvələrindən bəhrələnmək üçün mübarizə aparır. yetişdirilmiş bir ağacı mənimsəmək necə də rahatdır.

Halbuki Universitet müəlliminin vəzifəsi və mövcudluq şərti hansısa meyva ağacları uğrunda mübarizə aparmaq deyil, Əksinə o ağacların yetişdirilməsi üçün şərait yaratmaq, toxum əkməkdir. Universitet müəllimin uğuru hazır olan məhsulu mənimsəmək yox, həyat  və gələcək üçün daha çox ehtimal ortaya qoymaqdır. Lakin bu ehtimallar özünü doğruladacaqmı? Bax burda mənim auditoriyada tətbiq etdiyim kollokvium metodu bir daha özünü doğruldur. İnsan sadəcə öz əməlləri üçün deyil, eyni zamanda başqalarının əməlləri üçün də məsuliyyət daşıyır. Əgər mən səhər taksiyə minirəmsə və taksi şoferinin səhəri necə açması mənim üçün önəmlidir. Mən əmin olmalıyam ki, şofer məni sağ salamat gedəcəyim yerə çatdıracaq. Mən əmin olmalıyam ki, metroda getdiyimdə tunellər dağılıb içəri su dolmayacaq, çünki inşaatçılar öz işlərini laiqincə görüblər. Mən əmin olmalıyam ki, səngərdə keşik çəkən əsgər yatmır gecələr. Ya da mən əmin olmalıyam ki, yoldaşım dərsini daha yaxı oxuyub, hətta müəllim vərəqləri dəyişdirsə belə, mən yaxşı qiymət ala biləcəm. Ən əsası isə mən əmin olmalıyam ki, heç kim mənə görə problem yaşamayacaq. Mən öz işimin, vəzifəmin öhdəsindən laiqincə gəlmişəm, kimsə mənim taksimə minsə, idarə etdiyim avobusda əyləşsə, tikdiyim metro tunellərində gəzsə, binalarda yaşasa problemi olmayacaq. Kimsə mənim tələbələrimlə gələcəkdə qarşılaşsa, onları aldada bilməyəcək, kor-koranə şəkildə onları nəyə inandırmağı bacarmayacaq.

Mən inanıram ki, tələbələri “öz telelərinə” məhkum edilmiş Sizifə çevirməkdənsə, bir-birinə güvənə biləcəklərinin, birlikdə güclü olduqlarının, bir-birindən daha yaxşısını tələb eməklərinin, həm özlərinə, həm də başqalarına qarşı məsuliyyətli olmağını nəticələrini onlara göstərmək önəmlidir. Başqa cür xalq olmaq, fərdi maraqların kütləsindən fərqlənmək mümkün deyil mənə görə.

Düşüncə həyat kimidir. Ən dərin beton örtüyün altından belə zamanla özünə yol tapıb günəşi görməyi bacarır. Tək önəmli olan toxumun var olmasıdır.

***

Mən istəmirəm ki, tələbələr mən auditoriyaya daxil olanda ayağa qalxsınlar, mənim buna ehtiyacım yoxdur. Əksinə tək istəyim odur ki, tələbələr müəllimin bu gün də hazırlıqlı gəldiyindən, hər suallarına cavab verəbiləcək potensialda olduğundan əmin olsunlar. Və bu kor-koranə inanc olmasın. “Biz öz işimizi laiqincə görmüşük, sən də görməlisən düşüncəsi” ilə belə olsun. Əgər mən öz məsuliyyətimi dərk edirəmsə, sən də bunu etməyə məcbursan. Mən sizdən çox şey istəmirəm, mənim özümlə etdiyim şeyin eynisini istəyirəm. Hər kəs özünə görə yox, hamı hər şeyə görə məsuliyyət daşıyır.

Araz Əliyev