WikiLeaks-in yaradıcısı Assanc sığındığı səfirlikdən zorla çıxarılaraq həbs olunub [video]

WikiLeaks saytının yaradıcısı Culian Assanc son yeddi ildə sığındığı Ekvadorun İngiltərədəki səfirliyindən London polisi tərəfindən zorla çıxardılıb.

Britaniya polisinin məlumatına görə, Assanc Londonun Vestminister sülh məhkəməsinin 2012-ci ildə çıxardığı qərarla səfirliyin içində həbs olunub. Bu haqda ingilis qəzeti “The Guardian” yazır.

Bundan öncə Ekvadorun qətiyyətlə Assancı qoruyacağı haqda etdiyi vədlər indi bir anda yaddan çıxıb. Ekvador prezidenti Lenin Moreno deyib ki, Assanc indiyə kimi səfirlikdə diplomatik sığınacaq almışdı, ancaq onun sığınacaq alma ilə bağlı beynəlxalq konvensiya və protokolları dəfələrlə pozması faktı ondan bu sığınacaq haqqını geri almağa bəs edib.

Həmçinin, Ekvador prezidenti, Assancın edam edilmə riski olan ölkələrə göndərilməyəcəyinə İngiltərənin qarantiya verdiyini də bildirib.

ABŞ-ın Ədliyyə Nazirliyi WikiLeaks-in qurucusu Culian Assancı ABŞ-ın Müdafiə Nazirliyi olan Pentaqon və digər dövlət orqanlarının kompyuterlərini sındırıb ordakı məxfi məlumatları internetdə yaymaqda günahlandırırdı.

Buna görə Assancı cəmi beş ilə qədər həbs gözləsə belə, Assanc ABŞ-da edam edilə biləcəyini və ABŞ-a göndərilməsini istəmədiyini daim təkrarlayırdı.

Assancın üzərində daha bir cinayət işi də var, belə ki, o 2010-cu ildə İsveçdə cinsi zorakılıq etməkdə günahlandırılırdı. Assanc ona qarşı bu ittihamı rədd etsə də, özü könüllü olaraq Londonda polisə təslim olmuş və zaminlik üçün pul ödədikdən sonra həbs olunmaqdan yaxa qurtarmışdı.

2011-ci ildə Assancın İsveçrəyə ekstradisiya məsələsi qaldırılanda Assanc qaçıb Ekvador səfirliyinə gizlənmişdi. O son 7 ildə Ekvador səfirliyində sığınacaq alaraq yaşayırdı.

2017-ci ildə İsveç prokuroru Assancın üzərində olan zorakılıq cinayəti ilə bağlı tədqiqatı dayandırıb, cinayət işini bağlamışdı.

2018-ci ildə ABŞ mediası Assanca qarşı ABŞ-da yeni cinayət işi başlandığını və onun həbs olunacağı təqdirdə uzun illər həbsdə qalacağını yazmağa başlamışdı. Ancaq media cinayət işinin detallarının gizli saxlanıldığını deyirdi.