Zelenski Poroşenkoya bir damcı da hörmət duymadığını deyir

Ukraynada prezident seçkilərinin birinci turunun qalibi şoumen Vladimir Zelenski indiki prezident Pyotr Poroshenkoya bir damcı da hörmət etmədiyini deyib. Bu haqda rusiyada çıxan “Gazeta.ru” qəzeti məlumat yayır.

O Poroşenkoya şəxsi nifrət duymağının səbəbini onunla izah edir ki, Poroşenko onun haqda böhtanlar səsləndirib.

“Bu adam dəfələrlə məni marionetka və narkoman adlandırıb, mənə hörmət etmədiyini deyib. Mənimsə prezidentlik institutuna hörmətim olsa da Poroşenkoya bir damcı da hörmətim yoxdur” – deyə Zelenski bildirib.

Bu yaxınlarda Prezidentliyə namizədlərin çıxdığı teledebat dava və çığır-bağırla müşayət olunub. Başqa bir prezidentliyə namizəd Yuliya Timoşenko “1+1” kanalının efirindəki teledebatı bütün ölkəyə təhqir adlandırıb. O deyib ki, bu cür atışmalar kənardan baxanların gözündə bizim ölkəmizi hörmətdən salıb.

“İki namizəddən hansısa birinə simpatiya duymaq mənimçün çətindir, ancaq düşünürəm ki, bu məqamda danışmalıyam. Bilirsiniz, məsələ nədən ibarətdir… Siyasi mübarizə nə qədər amansız və sərt olsa da gərək müəyyən əxlaq çərçivələri içərisində aparılsın. Bu çərçivələri aşmaq olmaz. Mən prezident statusunun gözdən salınmasına şahidlik etdim. Mən Ukrayna dövlətinin aşağılanmasını gördüm. Eynilə mənim kimi, milyonlarla ukraynalı bu vəziyyəti görməyi heç istəməzdi”, – deyə Timoşenko facebook hesabında yazıb.

Ukrayna qanunlarına görə seçkidən əvvəl İctimai televiziya vasitəsilə namizədlər arasıdna daha iki teledebat olacaq, onlardan biri aprelin 19-u, o biri isə aprelin 14-ü “Olimpiyski” stadionunda baş tutacaq.

Xatırladaq ki, Ukraynada prezident seçkilərinin ikinci turu aprelin 21-i baş tutacaq. Bundan əvvəl aparılan rəy sorğularında məlum olub ki, Zelenski seçicilərin 61 faizinin səsini ala bilər, Poroşenkonu isə seçicilərin cəmi 24 faizi dəstəkləyib. Ukraynalıların 15 faizi isə hələlik hansı namizədə səs verəcəklərini bilmirlər.

Siyasi analitiklər düşünür ki, Ukraynalıların 41 faizi şoumen Zelenskiyə səs verəcək, ancaq bu səslər onların Zelenskini dəstəklədikləri anlamına gəlmir, Poroşenkonu sevmədiklərini göstərir.

Zelenski prezident seçkilərinin birinci turunda səslərin 30,24 faizini toplayıb, Poroşenko isə 15,95 faizini toplayıb. Namizədlərin heç biri prezident seçilmək üçün lazımi qədər səs toplaya bilmədiyi üçün seçkilərin ikinci turunu keçirməyə qərar veriblər.