ADNA: Bir xalqın faciəsi və sınan həyatlar – İlkin Rüstəmzadə

İlkin Rüstəmzadə

İlkin Rüstəmzadə

Dünən ADNA hadisəsinin 10-cu il dönümü tamam oldu… Bu hadisəylə bağlı indiyədək cəmiyyətdə çoxlu müzakirələr gedib. Və bu müzakirələrin çoxu yalnız cəmiyyətin bilməsinə izn verilən faktlar və mülahizələr əsasında baş verib. ADNA terroruyla bağlı açıq şəkildə hiss olunur ki, cəmiyyətdən çox şeylər gizlədilir. Və hər ötən gün bizim həqiqət də nələrin baş verdiyini öyrənmək ehtimalımız azalır. Bu qədər gənc canın qurban olduğu terror hadisəsi haqda çox az şey bilmək dəhşətlidir. Bu hadisədə məncə qurban təkcə orada həyatını itirənlər və onların ailələri deyil.

Bu terror hadisəsindən sonra cəmiyyətə müqəssir təqdim olundu: Fərda Qədirov. Və həmişəki kimi erməni kəşfiyyatı məsələsi. Detalları çox adam bilir deyə burada yazmayacağam. Ardınca səs-küylü məhkəmə prosesi, ağır hökmlər və iş getdi arxivə.

Həmin məhkəmədə mühakimə olunanların təqsirli olub olmaması və ya təqsirlilik dərəcəsi mənim sahib olduğum bilgilərin sərhədi xaricində olsa da Azərbaycandakı istintaq-məhkəmə sisteminə yaxından bələd olduğumçün beynimdə çoxlu şübhələr qalıb. Həbsdə olduğum 6 il ərzində taleyin təsadüfləri nəticəsində bu hadisəylə bağlı çoxlu məlumat almaq imkanım oldu.

ADNA işi ilə bağlı istintaqı aparan Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin istintaq qrupu bizim təqsirləndirildiyimiz ”Molotov kokteyli” işinin istintaq qrupuyla demək olar ki, eyni tərkibdə idi. Öz istintaqımız vaxtı fürsət tapıb müstəntiq və prokurorlara ADNA işi ilə bağlı suallar vermişdim. Reaksiyalarından bu işin içində bir qaranlıq olduğunu 6-cı hissim mənə deyirdi. ADNA işi ilə bağlı istintaqın əsas fiqurlarından olan (mənim də müstəntiqlərimdən biri idi) Mehdi Mirzəyevlə bu barədə daha geniş danışmaq imkanım olmuşdu. Əlbəttə, o, həbs olunanların hamısının qatı cinayətkar və terrorist olduğunu bildirmişdi. Lakin 2-3 sualdan sonra tamam çaş-baş qalaraq bütün günahı erməni Mardun Qumaşyanın üstünə atmışdı. Ondan Qumaşyanı hardan tapdıqlarını soruşduqda sualdan yayınaraq qısaca onun erməni kəşfiyyatçısı olduğunu bildirmişdi. Həmin vaxt otağa girən başqa bir müstəntiq Qasım Məmmədov ona və mənə “burada kim kimi istintaq edir” deyə sual verib gülmüşdü və söhbət orada da bitmişdi.

Lakin cəmi iki ay sonra çıxdığım məhkəmə proseslərindən birində məhkəmənin zirzəmisində ADNA terroruna görə həbs olunan şəxslərdən birini görüb söhbət etmək imkanım oldu. Onun adını burada çəkməyəcəyəm, sadəcə onu deyə bilərəm ki, Qobustan qapalı həbsxanasında kamerasından mobil telefon tapıldığı üçün əlavə cinayət işi açılmışdı. Zirzəmidəki 2-3 saat ərzində ondan çox dəhşətli şeylər eşitdim. Hamısını burada yazmaq mümkün deyil, sadəcə qeyd edim ki, dediklərinə görə onları həbs etdikdən sonra insan ləyaqətini ən iyrənc şəkildə alçaldan xususilə amansız işkəncələr verərək qarşılarına qoyulan bütün sənədlərə qol çəkdiriblər. Məhkəmədə bunların hamısını desələr də nəzərə alınmayıb. Qobustanda çox sərt nəzarət altında olduğunu da əlavə etdikdən sonra, məndən kömək istəmişdi. O insanın gözlərini görmək çox dəhşətli idi. Gözlərdə yaş yox idi, amma göz özü ağlayırdı. Təxminən 2-3 saat söhbət etdikdən sonra qəfil ayılan konvoy əməkdaşları bizi başqa-başqa zirzəmilərə saldılar. Bizi eyni zirzəmiyə salan konvoy əməkdaşlarına isə akt yazdırıb töhmət verildi.

13 saylı cəzaçəkmə müəssisəsinə gəldikdən sonra eşitdim ki, ADNA “terrorçu”larından biri də oradadır. Onunla söhbət etməyə dəfələrlə cəhd etdim. Qaçırdı məndən. 2 il boyunca heç nə alınmadı. Axırda bir neçə ortaq yoldaşlıq etdiyimiz şəxslər vasitəsilə çay süfrəsinə oturduqdan sonra yavaş-yavaş onunla ünsiyyət qura bildim. Amma yenə heç nə danışmadı. Hər dəfə nəsə soruşanda başını aşağı salıb Fərdanın terrorçu olduğunu özünün də cinayətkar olduğunu deyirdi. Bir dəfə onun gözlərinin içinə baxa bildim. Mən həyatımda heç bir gözdə elə qorxu görməmişdim. Polisdən, xüsusi xidmətdən qorxmaq bizim kimi ölkələrdə adidir, lakin bu tamam başqa qorxu idi. Sözlərlə başa salına bilinməyəcək çox sarsıdıcı bir ifadə idi. Və mən 6 il ərzində xüsusi xidmət monstrlarından tutmuş Penitensiar Xidmət yarasalarına, kriminal avtoritetlərdən tutmuş həyatın dibində olan və günün 14 saatını məcburi olaraq kölə kimi işlədilən homoseksuallara kimi həbsxana sistemindəki və həbsxanadakı bütün kəsimdən insanlarla normal ünsiyyət qura bilmiş biri olmağıma baxmayaraq bu adamı danışdıra bilmədim. Qəlbindəkiləri bilmədim, gözləri isə yuxarıda qeyd etdiyim kimi dəhşət və qorxu saçırdı.

Hüquqşünas və jurnalist deyiləm, bu hadisəni də qeyd etdiyim kimi əhatəli şəkildə bilmirəm. Bəlkə də qənaətlərim yanlışdır, amma bu qədər uzun müddət müşahidə etdiklərimi cəmiyyətlə bölüşməyin lazımlı olduğunu düşünürəm.

P.S burada yazdıqlarımı hal-hazırda qələmə almağa başladığım kitabda daha geniş və əhatəli şəkildə sizlərə çatdıracağıma ümid edirəm.