AKP höküməti Öcalana görüş qadağasını ləğv edib: HDP-nin səslərini qazanmaq üçün

Türkiyədə AKP höküməti ölkədə həbsdə olan kürd seperatçılarının lideri Abdullah Öcalana qoyulmuş görüş qadağasını ləğv edib. Müxalifət isə bunu 23 iyun da təkrar keçiriləcək bələdiyyə seçkilərində hakimiyyətin kürdlərdən səs almaq məqsədiylə etdiyini deyir. Bu haqda türkiyənin müxalif qəzeti Cumhuriyyət məlumat yayıb

Türkiyənin Ədliyyə Naziri Əbdülhəmid Gül İmralı adasında saxlanılan kürd seperatçı PKK lideri Abdullah Öcalanın vəkilləriylə görüş qadağasını ləğv etdiklərini deyib.

Müxalif CHP paryiyasının parlamentdəki fraksiya rəhbəri Engin Özkoç hökümətin bu addımını sorğulayarkən sual verir ki: “Niyə bundan öncə deyil, indi bu addım atıldı? Türk cəmiyyətində ayrıseçkiliyə yol açan, xalqı bölməyə çalışan bir iqtidar var”. Özkoçun fikrincə AKP höküməti seçkilərdə kürd HDP partiyasının səslərini itirdiyi üçün ölkədə xeyli bələdiyyəni də itirib. Nəticədə, hökümət kürdlərlə bağlı siyasətinin yanlış olduğunu anlayaraq, 23 iyunda keçiriləcək İstanbul bələdiyyəsi seçkilərində HDP səslərini almaq üçün tələsik tədbirlər görməyə başlayıb.

Özkoç əlavə edib ki: “İstanbulda 16 milyon insan yaşayır və bu insanlar aralarında ayrıseçkilik edilmədən, milli kimliyi sorğulanmadan onları idarə edəcək bir bələdiyyə sədri arzulayırlar. Hamı cəmi 18 gün İstanbulu idarə etmiş Ekrem İmamoğlunun əlindən bələdiyyə sədrliyinin niya alındığını çox yaxşı bilir”.

Digər tərəfdən kürd HDP partiyasının parlament fraksiyasının rəhbəri Saruhan Oluç isə Öcalanın vəkilləriylə görüş qadağasının ləğv edilməsini HDP seçicilərinə təsir etməyəcəyini bildirib. “Hökümtin bu addımının səslərə çox ciddi təsir edəcəyinə inanmıram. Bunu hər kəs bilməlidir ki, HDP seçiciləri asanlıqla ovlanan seçicilər deyil”.