Altay Göyüşov: “Hakimiyyət şiə etirazçıların İranla əlaqəli olduğuna xalqı inandıra bilmədi”

Altay Göyüşov

Tarixçi alim, professor Altay Göyüşov Abzas-a geniş müsahibə verib. Müsahibədə Azərbaycanda şiə və sələfi məzhəblərinin təşəkkülü tarixindən, şiə məzhəbinin İranla əlaqəsindən, Nardaran və Gəncə hadisələrindən, Hacı Talehin islam hərakatından, məktəblərdə din dərsi keçilməsinə münasibətindən danışılıb.

– Altay bəy, İndi Azərbaycanda olan şiəliklə 200 il öncəki şiəlik arasında hansı fərqlər var. Şiəlik dini cərayan kimi hansı dəyişikliklərə məruz qalıb?

– Bundan başlayaq ki, şiəlik özü müxtəlif inkişaf dövrləri keçib və içərisində müxtəlif parçalanmalar olub. Məsələn ilk parçalanmalarından biri zeyidilik məzhəbidir, indi Yəməndə zeydiyyə geniş yayılıb. Məsəlçün, Azərbaycanda Şah İsmayılın dövrünə kimi şiə cərayanları içərisində İsmaililik geniş yayılıb. Hətta bilirsiniz Qazan xan İslamı qəbul edəndə sünniliyi qəbul etmiş, qardaşı Məhəmməd Xüdabəndə isə İsmaililiyi qəbul etmişdi. 16-cı əsrdən bu yana qədər isə Azərbaycanda yayılan şiəlik İsna Aşari (On iki imam şiəliyi – red) və ya imami şiəlik idi. Şiəliyin bu qolunu yayanlar isə həm iran həm də qızılbaş tayfaları idi.

200 il bundan əvvəl şiəlik içərisində daha bir mübarizə gedib. Üsulilər və əhbarilər arasında. Əhbarilər sünniliyə daha yaxın idilər. Onlar bir müctəhidin rəyinə istinad etməyə isti baxmırdılar. Onlar sırf Quran və Hədis hökmlərini əsas götürürdülər. Ancaq sonradan üsulilik qalib gəldi. Üsuliliyin əsas elementlərin biri rəy verə bilən din xadiminin olması və inanclı adamların onun rəylərini əsas götürərək hərəkət etməsi idi.

Üsulliyin qalib gəlməsindən sonra daha bir institut formalaşdı. Bu “mərceyi-təqlid” institutu adlanırdı. Mərceyi-təqlid bir din xadiminin müqəddili, yəni davamçısı olmağı əsas götürürdü. Bu günki klassik şiəliyin tələbinə görə hər bir şiə müsəlmanın özünün mərceyi-təqlidi, yəni mənəvi-ruhani ldieri olmalıdır. Mərceyi-təqlid institutu artıq İran inqilabı dövründə oturuşub. İnqilab dövründə Xomeyninin fəaliyyəti nəticəsində daha bir sistem formalaşdı. Bu da vilayəti-fəqih sistemi adlanırdı. Vilayəti-fəqih sisteminə görə şiə mərcaları içərisindən bir nəfər şiələrin ümumi ali dini lideri seçilir və ta İmam Mehdinin zühuruna qədər dini lider kimi qalır.

Vilayəti-fəqih sistemini Xomeyni İslam inqilabından öncə İraqın Nəcəf şəhərində təbliğ edirdi, başqa bir din alimi Əbdülqasim Xoyi isə bu sistemi qəti olaraq qəbul etmirdi. İslam inqilabından sonra bu vilayəti-fəqih sistemi tədricən möhkəmləndi və gücləndi.

İranda İslam İnqilabının lideri Ayətullah Xomeyninin höküməti 1979-cu ildə hakimiyyətə gəldikdən sonra İran dünyanın müxtəlif ölkələrində şiəliyin yayılmasına böyük maliyyə ayırdı.

– O ərəfədə Azəraycan Sovet İmperiyasının tərkibində idi, bəs şiəliyin daxilindəki yeniliklər Azərbaycan cəmiyyətinə necə çatırdı?

– O dövrdə biz bu prosseslərdən kənarda qalmışdıq. Bizim dini-tarixi ənənələrimiz sovet dövründə qismən də olsa sıradan çıxarılmış, dini məktəblər, müctəhid institutu tamam ləğv olunmuşdu. Ona görə də SSRİ-nin dağılmasından sonra Azərbaycana gəlmiş şiəlik teoloji nöqteyi-nəzərindən müəyyən mənada Azərbaycanda tarixən olmuş şiəlikdən fərqlənir. Bu yeni bir dini sistem idi ki, bizə xaricdən gətirilmişdi və son 30 ildə tədricən oturuşmağa başlayıb. Bizim şiələrin də bir hissəsi həmin o vilayəti-fəqih sistemini qəbul edib, bir hissəsi isə qəbul etməyib.

Əslində İslam inqilabının əsas məqsədi ondan ibarət idi ki, milli fərqləri kənara qoyub şiəliyi sırf bir ümmətin inancına çevirmək idi. Onunla da razıyam ki, şiəlik İran dövlətçiliyiylə də qarışıb.

– İlahiyyətçi Elşad Miri iddia edir ki, Peyğəmbərin nəvəsi İmam Hüseynlə İran imperiyası Sasanilərin son hökmdarı III Yezdəgirdin qızı ilə evli olub və buna görə də şiəliklə fars miliyyətçiliyi arasında bir körpü mövcuddur. Siz bu iddia haqda nə düşünürsünüz?

– Hesab edirəm ki, bu tarixin yanlış interperetasiyasıdır. Çünki, İmam Hüseyn İran uğrunda mübarizə aparmırdı. İmam Hüseyn siyasi mübarizə aparıb Xilafətin başına keçmək istəyirdi. Xilafət isə islam-ərəb xilafəti idi. İmam Hüseynin İranla bağlı hansısa hədəflərindən danışmaq bir qədər diletant yanaşmadır.

– Bəs, nəyə görə əsasən şiələr hələ də məhərrəm ayında İmam Hüseynin qətlini yada salıb ağlayır və şiəliyin əsas mərkəzi elə İrandır?

– Bilirsiniz ki,  İmam Hüseynin atası İmam Əli xəlifə seçiləndə Müaviyə onu qəbul etmir. Aralarında döyüşlər olur. Döyüşlərdə, Müaviyə məğlubiyyətə uğrayır. Sonra İmam Əli öldürülür. İmam Əlinin ölümündən sonra Müaviyə özünü xəlifə elan edir. İmam Əlinin oğlu İmam Həsən Müaviyəni qəbul etmir. Uzun mübahisədən sonra onlar arasında razılaşma olur, İmam Həsən Müaviyənin xəlifəliyini tanıyır, o şərtlə ki, Müaviyədən sonra özü xəlifə olsun. Bir müddət sonra İmam Həsən ölür, bəzi mənbələrə görə o zəhərlənir. İmam Həsəndən sonra qardaşı Hüseyn onun varisi olur. Xəlifə Müaviyədən sonra hakimiyyət İmam Hüseynə keçməliydi, ancaq keçmir, birbaşa Müaviyənin oğlu Yezidə keçir. İmam Hüseyn bunu razılaşmanın pozulması kimi qəbul edir və Yezidə qarşı üsyan edir. Kərbala yaxınlığında İmam Hüseyn öldürülür. Bu hadisədən sonra İmam Hüseyn şiəliyin əsas şəhidi olur, Peyğəmbər ailəsinin xeyli hissəsi orada məhv edilir. İmam Hüseynə və Həsənə qarşı bu cür münasibət təkcə şiələr arasında deyil, sünnilərin də xeyli hissəsi bu hadisəni ədalətsizlik kimi qəbul edir. Qısacası şiəliyin mərkəzinin İrana  gəlib düşməsi ilə İran milliyyətçiliyi ilə əlaqəsi elə də yox idi, bu sadəcə Sasani imperiysının ərəb dünyasına yaxın olması və o dövrdə Sasanilərin böyük bir mədəniyyət mərkəzi olması ilə əlaqədar idi.

Azərbaycanda sovet hakimiyyəti dönəmində əksər ibadət mərkəzləri dağıdılır ya da ləğv olunurdu, onlardan biri də Bibi Heybət məscidi idi.

– Sovet hakimiyyəti dövründə Azərbaycanda sünni-şiə məzhəbləri arasında ayrılıq daha kəskin idi və bəzən o həddə çatırdı ki, bu əks məzhəblərdən olan adamların bir-birləri ilə evlənməsinə də pis baxılırdı.  Ancaq, sovet hakimiyyəti dağıldıqdan sonra sanki məzhəbçilik qismən aradan götürüldü, bu nəylə əlaqədar idi sizcə?

– Əvvəla deyim ki, məzhəbçilik təkcə İslama xas deyil, Almaniyada 70 il bundan öncəyə qədər protestantlarla katoliklər arasında dərin nifrət vardı, bu iki məzhəb arasında böyük qırğınlar da olmuşdu.

Azərbaycanda məzhəbçilik səfəvi-osmanlı münaqişələri dövrünə qədər gedib çıxır. Uzun illər ərzində osmanlılarla arada olan düşmənçilik hissi artıq xalqın adət-ənənələrinə keçmişdi. Məsəlçün, osmanlılar Təbrizi işğal edəndə uzun illər boyu təbrizlilər yeniçəri əsgərlərinə qız vermirdilər, onlarla ünsiyyətə pis baxırdılar. Bu cür düşmənçilik zamanla adət-ənənəyə çevrilmişdi. Həmçinin, aşura mərasimi də adət-ənənənin bir hissəsi idi.

Sovet hakimiyyəti Azərbaycana gələndən sonra burdakı islam adətləri ilə mübarizə aparmağa çalışırdı, ancaq bunu bacara bilmirdi. Hətta, 30-cu illərdə burdakı sovet rəhbərlərindən birini məsciddə sinə vuran yerdə tutmuşdular.

Sovet dövründə islami biliklər tədris olunmadığı üçün İslama sırf emosional, tarixi və mədəni bağlılıq vardı. Sovet hakimiyyəti 1928-ci ildən etibarən İslama qarşı çox ciddi şəkildə mübarizəyə keçib. Məscidlər bağlanıb, din xadimləri repressiyalara məruz qoyulub, ancaq nəticə yox idi. 1936-cı ildə Azərbaycanda keçirilən sorğu göstərdi ki, insanların çoxu dini inancında qalır.

İkinci dünya müharibəsindən sonra 50-60-cı illərdən başlayaraq ölkədəki inkişafla əlaqədar dinin zəifləməsi müşahidə edilməyə başladı. Bu modernləşmə, urbanizasiya ilə əlaqədar idi.

Azərbaycanda məzhəbçiliklə mübarizə maarifçilik hərakatı ilə də sıx əlaqədar idi. Maarifçilik azərbaycan xalqının kimliyində sekulyarizm, dünyəvilik xassələrini formalaşdırdı. Sekulyarizmi azərbaycan kimliyindən götürsək, ortada sünni-şiə, İrana bağlı şiə ilə, Türkiyəyə bağlı sünni xassələri qalacaq.  Sekulyarizm bu məzhəb fərqlərini aradan götürdü. Ölkə modernləşdikcə sekulyarizm insanların həyatında daha çox rol oynamağa başlayır.

– Modern dövrdə Azərbaycanda İslam siyasiləşib. Ancaq, fikir versəniz insanlar şiəlikdən elə çox ehtiyatlanmırlar, nəinki sələfilikdən. Şiəlik ekstermizmə dahamı uzaqdır?

– İnsanlar görür ki, hər yerdə eksterimist-radikal islami hərakatçıların böyük hissəsi sələfilərin arasından çıxıb. İŞİD, ya da Avropadakı terror aktlarını törədənlərin çoxu sələfi məzhəbinə mənsub olur. Yeri gəlmişkən, sələfilərin əsas düşmənlərindən biri rafizi adlandırdıqları şiələrdir. İnsanlar bu cür İslamdan qorxur.

Başqa bir məsələdə var ki, Azərbaycanda tarixən sələfilik olmayıb, şiəliksə müxtəlif formalarda gəlsə də adət-ənənənin tərkib hissəsidir. Həmçinin, sələfi ritorikası həmin o şiə adət-ənənəsinə qarşı təbliğat aparır. Ona görə də sadə insanlarda sələfilik ənənələrə qarşı olan bir məzhəb təəssüratı yaranır.

Müsəlman Birliyi Hərakatının rəhbəri Hacı Taleh iranlı din adamı Ayətullah Nuri Həmədani ilə birlikdə.

– 2018-ci ildə baş vermiş Gəncə hadisələri zamanı hakimiyyət hadisənin bir nömrəli iştirakçısı Yunis Səfərovun İranın Qum şəhərində şiə təhsili aldığını deyirdi və hadisələr vaxt həbs olunanların çoxu məscidə gedən və şiə inancı olan adamlardır. Belə çıxır xalq indi şiə ekstermizmindən də ehtiyatlanmalıdır?

– Bizim xalqımızda hüquq mühafizə orqanlarına etibar yoxdur. Heç kim o prosseslərin hökümətin dediyi kimi olduğuna inanmır. İkinci bir məsələ də var ki, camaatın siyasi idarəçilikdən, sosial problemlərdən narazılığı var və Hacı Talehin başçılığı ilə şiələr də etirazlarını daha çox sivil metodlarla edirlər, şiddətə əl atmırdılar. Etiraf etməliyik ki, bu mənada camaatın rəğbətini də qazanmışdılar. Hökümət göstərməyə çalışırdı ki, Hacı Taleh ya da başqa etirazçı şiə dindar qruplar İranla əlaqədardır. Hətta, İranın Yəmən, Suriya kimi bölgələrə təsir etmək üçün şiə qruplardan istifadə etdiyi faktı da dəfələrlə təsdiq edilib. Amma problem ondadır ki, bu məsələdə bizim hökümət camaatı inandıra bilmədi. Buna gücü çatmadı. Etiraf edək ki, sələfilərin də mənfi imiclərinin formalaşmasında bizim hökümətin rolu olmayıb, bu daha çox beynəlxalq medianın göstərdiklərinin nəticəsidir.

– Yaxın illərdə Nardaran hadisələri baş verdi, sonra da Gəncə hadisələri baş verdi. Bu hadisələr ölkədə sosial problemlər, kasıblıq və işsizlik fonunda yaşandı. Müxalif siyasi hərakatçılıq ənənəvi, dindar və yoxsul insanlara bəzən xitab edə bilmir. Bu mənada Hacı Tale hərakatını inanclı insanların sosial etirazı saymaq olarmı?

– Birinci ondan başlayaq ki, mənim özümün dünya görüşüm liberal-demokratiyadır. Qanuni sekulyar dövlətin tərəfdarıyam. Bu mənada İran kimi şəriət dövlət sistemləri məni qətiyyən cəlb eləmir. Mənim istədiyim cəmiyyətdə dini azadlıq var, amma din dövləti idarə etmək niyyətində deyil. Məsələn, şiə hərakatının hansı səbəbdən başlamasından asılı olmayaraq onun hədəflərindən biri yenə də şəriət dövlətinin qurulmasıdır.

Bütün bunlarla belə əgər Azərbaycanın yaxın dövr tarixinə baxsaq, dinin güclənməsi dövrləri ölkədə ciddi siyasi, iqtisadi, mədəni problemlərin baş qaldırdığı dövrlərə düşür. 1930-cu illər, kolxozlaşma dövrü, ikinci dünya müharibəsi dövrü, 70-ci illər Sovet hakimiyyətinin laxlaması dövrü – belə dövrlərdən idi. Və mən tamamilə razıyam ki, Azərbaycanda indi siyasi İslamın dirçəlməsinin səbəbi Azərbaycanın böhran vəziyyətində olmasıdır.

Yaxın illərdə dinin güclənməsi 2012-2013-dən başlayıb. O illərdə siyasi repressiyalar başladı, liberal-demokratik qüvvələrin xeylisi həbs olundu, xeylisi ölkədən çıxmaq məcburiyyətində qaldı və siyasi meydan boşaldı, o boşalmış meydana siyasi İslamın girmək imkanları artdı. Çünki, vətəndaş cəmiyyətinin ayaqda qalması üçün müəyyən siyasi azadlıqlar lazımdır, toplaşmaq hüququ, ifadə azadlığı və s. kimi, amma dindar qruplar üçün belə şeylər olmasa da olar. Onların mesajları çox sadədir, ədalət, düzgünlük, haqq. Toplaşmaq üçünsə dindarların yeri var, o da məsciddir. Bu mənada mən tamamilə razıyam ki, ölkədə dinin siyasiləşməsinin əsas səbəblərinin biri də ölkədə sosial problemlərdir.

2018-ci ilin yayında baş vermiş Gəncə hadisələri nəticəsində 77 nəfər həbs olunub, 10 nəfər öldürülüb, 11 nəfər isə axtarışdadır. Hakimiyyət bu hadisələri dindar qruplarla əlaqələndirir.

– Bu yaxınlarda hökümət məktəblərdə din dərsi keçilməsi ilə bağlı niyyətini irəli sürmüşdü. Cəmiyyətin böyük hissəsi bu məsələyə isti yanaşmır. Bəs siz necə düşünürsünüz, buna ehtiyac varmı?

– Hökümətin məktəblərdə din dərsi keçilməsi ilə bağlı təşəbbüsü onunla bağlıdır ki, istəyirlər dini bilikləri radikallığa yol açmadan, yumuşaq alternativdə öyrətsinlər. İngilis filosofu Con Lokkun bu haqda məşhur fikri var ki, “Dövlət din öyrədə bilməz, çünki dövlət də yanıla bilər”. Bu mənada  məktəblərdə din dərslərinin keçilməsinin tərəfdarı deyiləm. Dövlətin yazacağı dini kitablardakı din, dindarların ibadət zamanı öyrəndikləri dindən fərqli olacaq.

Mən elə hesab edirəm ki, dövlətin vəzifəsi dindar yetişdirmək deyil, analitik qabiliyyəti olan, məntiqli olan, tənqidi təfəkkürü olan vətəndaş yetişdirməkdir. Əgər dövlət bu cür yetkin insan hazırlayarsa, onun dini radikalizmə yuvarlanmasından qorxmağa ehtiyac qalmaz.

Bu məsələ ilə bağlı üç tarixi nümunə deyə bilərəm. Birincisi, İran şahı Rza Şahdır. O da eyni yolu gedirdi. Nəticədə indiki İran dövləti ortaya çıxdı. İkincisi, Atatürk və İnönünün türk dindarı yaratmaq cəhdləri. Nəticəsi bu gün Türkiyədə hakimiyyətdə olan Ərdoğan hökümətidir. Üçüncüsi isə, sovet hakimiyyətidir. Sovet hakimiyyəti 70 il dinlə mübarizə apardı. Nəticəsi nə oldu? Xeyr. Sovet hakimiyyəti bu məsələdə qalib gələ bilmədi.