Azərbaycan nümayəndəsi gürcü patriarxı ilə David-Qareci monastrı haqda müzakirələr aparıb

Bu gün Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov və Qafqaz müsəlmanlarının şeyxi Allahşükür Paşazadənin Gürcüstandakı nümayəndəsi Əli Əliyev gürcü patriarxiyasında olublar. Onlar Gürcüstan patriarxı İkinci İlya ilə görüşüb David-Qareci monastır kompleksi haqda fikir mübadiləsi ediblər. Bu haqda “Gruziya online” internet portalı xəbər verib.

Patriarxiyanın mətbuat katibi Andri Caqmaidze mediaya açıqlamasında deyib ki, “Müzakirələrin mövzusu David-Qareci monastırı ilə bağlı baş vermiş narahatçılıqla bağlı olub. Söhbət zamanı iki ölkə arasındakı dostluq münasibətlərindən və gərginliyin yüksəlməsinin yolverilməz olması haqda danışılıb. Belə ki, Qareci monastr kompleksi gürcü ruhaniyyəti üçün mühüm obyektlərdən biri sayılır və yaranmış problem tezliklə həll olunmalıdır”.

David-Qareci orta əsrlərə aid unikal abidə kompleksidir. O 25 kilometrə qədər uzanan mağaralar və ibadət evlərindən ibarətdir. Kompleksə qayalarda oyulmuş 20-yə yaxın monastır var. Azərbaycan ərazisində yerləşən və Keşikçidağ kompleksi adlandırılan monastrı azərbaycan tarixçiləri Alban memarlığının nümunəsi hesab edir. Gürcü tarixçiləri isə onu gürcü abidəsi sayır. Abidə ilə bağlı narazılıq son zamanlar yaranıb. Gürcü tərəfi iddia edir ki, azərbaycan sərhəddçiləri abidəyə doğru gedən yeganə cığırı bağlayıb oraya turistləri və ziyarətçiləri buraxmayıb.