Azərbaycana xarici investisiya üçün cəlbediciliyini itirir: son beş ildə üç dəfə azalıb

«Hakimiyyət rəsmilərinin bəyanatlarına baxmayaraq, ölkəyə xarici sərmayə yatırımı ilə bağlı real rəqəmlər başqa mənzərəni göstərir. Xarici investorlar başlarını götürüb getməkdə davam edirlər və ölkədəki ağır şərtlər, heç şübhəsiz, xarici investisiyanın da azalmasına təsir göstərir».

Bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasından olan iqtisadçı Nemət Əliyev Azadlıq Radiosuna deyib.

N.Əliyev hesab edir ki, rəsmilərin dedikləri reallıqla üst-üstə düşmür. «2018-ci ildə xarici sərmayələrin ilk 3 aylıq həcmi 816 milyon dollar, 2019-cu ildə 519 milyon dollar olub. Deməli, xarici sərmayələr bir ildə 36.4 faiz və ya 297 milyon dollar azalıb», – deyə o, rəsmi statistikaya istinad edir.

Xarici sərmayələrin son 5 illik dinamikası ilə bağlı statistik göstəricilərə istinad edən iqtisadçı bildirir ki, investorlar Azərbaycana sərmayə qoyuluşunu, bir qayda olaraq, azaltmaqda davam ediblər:

«2015-ci ilin yanvar-mart dövründə ölkəmizə 1.6 milyard dollar sərmayə yatıran xarici investorlar bu göstəricini 2016-cı ildə 1.243 milyard dollara, 2017-ci ildə 1.177 milyard dollara, 2018-ci ildə 816 milyon dollara və nəhayət, 2019-cu ildə 519 milyon dollara qədər azaldıb».

Çinin iri şirkətlərinin Azərbaycana maraq göstərməsinə gəlincə, ekspert deyir ki, bu ilin ilk üç ayında xarici investisiyaların 91 faizi (471 milyon dolları) Böyük Britaniya, Türkiyə, İsveçrə, ABŞ, Malayziya, Yaponiya, Çexiya, İran, Rusiya və Norveç sərmayədarlarına aid olub və ilk 10-luqda Çinin yeri yoxdur: ​«Odur ki, Çin sərmayədarları Azərbaycana sərmayə qoyuluşunda iştirak edirsə də, iştirak payı elə də diqqətçəkən deyil. Deməli, Neft Fondunun 2015-ci ildə Çinin istiqraz bazarlarına 500 milyon dollar həcmində yatırım etməsi bu ölkənin investorlarında Azərbaycana ciddi maraq yarada bilməyib. Beləliklə, bir daha təsdiqlənir ki, halva-halva deməklə ağız şirin olmur».

N.Əliyevin deməsinə görə, xarici investorlar şifahi sözə yox, real şəraitə baxırlar.