Azərbaycanda alkoqollu içki istehsalı kəskin artıb

Azərbaycanda alkoqollu içki istehsalı artıb. Bu haqda Dövlət Statistika Komitəsi məlumat yayıb. Məlumata görə 2018-ci ilin yanvar-aprel ayları ilə müqayisədə içki istehsalında 57,1 artım qeydə alınıb.

Rəsmi məlumata görə, araq istehsalı 4 dəfə, alkoqolsuz içkilərin istehsalı 23,3 faiz artıb.

Belə ki, 2019-cu ilin yanvar-aprel aylarında 0,5 min dkl şampan şərabı istehsal edilib. 2018-ci ilin müvafiq dövründə istehsal qeydə alınmayıb. 1 may 2019-cu il vəziyyətinə 3,1 min dkl hazır şampan şərabı ehtiyatı var.

Hesabat dövründə 572,9 min dkl araq istehsal edilib, ötən ilin anoloji dövründə isə istehsal olunan arağın həcmi 4 min dkl təşkil edib. 1 may 2019-cu il vəziyyətinə 131,8 min dkl hazır araq məhsulu ehtiyatı formalaşıb.

Bu ilin yanvar-aprel aylarında 9,6 min dkl konyak istehsal olunub. Ötən ilin eyni aylarında istehsal edilən konyakın həcmi 2,5 min dkl təşkil edib. Mayın 1-nə hazır konyak ehtiyatı 13,5 min dkl-a çatıb.

2019-cu ilin yanvar-aprel aylarında 181,1 min dkl üzüm şərabı istehsal edilib, 2018-ci ilin müvafiq dövründə istehsal 28,4 min dkl təşkil edib. 1 maya olan üzüm şərabı ehtiyatının həcmi 1 041,5 min dkl-a çatıb.

Bu ilin 4 ayında pivə istehsalı 974,7 min dkl olduğu halda, ötən ilin 4 ayında 100,7 min dkl istehsal edilib. Son məlumata əsasən, hazır pivə ehtiyatı 211,9 min dkl-dır.

2019-cu ilin yanvar-aprel aylarında 135,9 min dkl müxtəlif  likörlər istehsal olunub. 2018-ci ilin yanvar-aprel aylarında likör istehsalı 5,4 min dkl olub. 1 may 2019-cu ilə hazır likör ehtiyatının həcmi 75, 5 min dkl-dır.