Bakının mərkəzindən şəhərətrafı qəsəbələrə elektrik qatarı gedəcək

Çərşənbə axşamı Sabunçu qəsəbəsində dəmiryolu vağzalının açılışı olub. Mərasimdə dövlət başçısı İlham Əliyev iştirak edib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri Cavid Qurbanov şəhərətrafı elektrik qatarlarının işi barədə danışıb. İlham Əliyev elektrik qatarı ilə Sabunçudan şəhərin mərkəzinə gedib.

Tezliklə elektrik qatarlarının yenidən paytaxtın mərkəzini şəhərətrafı qəsəbələr və Sumqayıt şəhəri ilə birləşdirəcəyi gözlənilir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Sevinc Qədirova mediaya açıqlamasında deyib ki, Bakının mərkəzindən Sabunçu qəsəbəsinə qədər dəmir yolu marşrutu açılıb.

“Bunun üçün yeni qatarlar sifariş edilib, əlavə iki qatar da əvvəlcədən mövcud imiş. Əvvəllər bu məsafəni yarım saata getmək mümkün idisə, artıq bu müddət 10 dəqiqə olacaq. Qatarlar bir saatdan bir hərəkət edəcək. Qatarla getməyi sevənlər üçün Sabunçu elektrik qatarı əlçatan olacaq”.