Bayram Məmmədov və Qiyas İbrahimov məhkəmə cəriməsini qəpiklərlə ödəyiblər

Bayram Məmmədov (solda) və siyasi fəal Samir Əsədli

NİDA Vətəndaş Hərəkatının üzvləri Bayram Məmmədov və Qiyas İbrahimov məhkəmənin onlara təyin etdiyi cərimələri 5 qəpiklərlə ödəyiblər.

‘Abzas’a məlumat verən Bayram Məmmədov bildirib ki, bir neçə gün əvvəl ona və Qiyas İbrahimova Bakı Ağır Cinayətlər Məhkəməsinin təyin etdiyi 73 manat məbləğində ekspertiza xərclərinin ödənilməsi haqqında məktub gəlib.

Sanksiyalar Bayram Məmmədova Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 dekabr 2016-cı il qərarı ilə, Qiyas İbrahimova isə Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 oktyabr 2016-cı il tarixli hökmü ilə əlaqədar təyin edilib. Hər iki fəal hökmü qanunsuz hesab etsələr də, ekspertiza xərcini ödəmək qərarına gəliblər.

Nidaçı fəalın sözlərinə görə, onlar bu gün (15 may-red.) cərimələrini qəpiklərlə ödəyiblər.

Qiyas İbrahimov və Bayram Məmmədov 2016-cı il mayın 10-da Heydər Əliyevin abidəsində siyasi şüarlar yazdıqdan sonra həbs ediliblər. Hər ikisi qanunsuz narkotik dövriyyəsi ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Amma fəallar bu ilin martında əvf fərmanı ilə azadlığa çıxıblar.