Bircə S-400 raketlərinə görə Türkiyə-ABŞ müttəfiqliyi bitə bilərmi? – Şahin Cəfərli

Türkiyə-ABŞ müttəfiqliyinin S-400 sınağı

“NATO yanımızda olmasa, müttəfiqlər bizi yalnız buraxsa, Kıbrısda türk azlıq əzilsə, günün birində Qərbin bu müdafiə sistemi çökər, yeni şərtlərlə yeni bir sistem və dünya qurular, Türkiyə də bu yeni dünya içində yerini alar…”

Bu məşhur bəyanat Türkiyə Cümhuriyyətinin qurucu atalarından olan mərhum İsmət paşaya aiddir. 1963-cü il dekabrın sonlarında Kiprdə yerli türklərə hücumların başlaması və “Qanlı noel” adlanan hadisələrdə 364 türkün qətlə yetirilməsindən sonra Türkiyə ABŞ-dan ədalətli mövqe gözləsə də, bu gözləntiləri özünü doğrultmamış, əksinə, baş nazir İsmət İnönü ABŞ prezidenti Lindon Consondan xoşagəlməz tonda yazılmış xəbərdarlıq məktubu almışdı. İnönü məhz bu səbəbdən 1964-cü ildə “Time” dərgisinə müsahibəsində yuxarıdakı tarixi sözləri söyləmişdi. İş elə gətirdi ki, Ankara 10 il sonra – 1974-cü ildə türkləri xilas etmək üçün adaya hərbi müdaxilə etmək məcburiyyətində qaldı, ABŞ buna sanksiya ilə cavab verdi və Türkiyəyə silah embarqosu tətbiq etdi. Türkiyə isə 1975-ci ildə ABŞ-ın ölkə ərazisindəki 21 hərbi bazası və obyektini bağlayaraq 5 min Amerika əsgərini ölkədən çıxardı. İki ölkə münasibətlərində böhranın bu səviyyədə dərinləşməsinə baxmayaraq, Türkiyə öz strateji seçimini dəyişdirmədi, NATO-da qaldı və 5 il sonra tərəflər hərbi müttəfiqliyi bərpa etdilər…

İndi yenidən bənzər situasiya yaranıb. Bu dəfə əsas səbəb Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri satın almağa hazırlaşmasıdır. (Başqa problemlər də var.)  Vaşinqton Ankaranı bu sövdələşmədən imtina etməyə çağırır, əks halda ona qarşı sanksiya tətbiq etmək məcburiyyəti qarşısında qalacağını bildirir. Türkiyə isə deyir ki, məsələ artıq bitib, müqavilə imzalanıb, ilkin ödənişlər edilib və bu mərhələdən sonra anlaşmadan imtina etmək mümkün deyil. Qarşıdakı 2 ay ərzində – iyun və ya iyul ayında S-400 ZRK-nın Rusiya tərəfindən Türkiyəyə göndəriləcəyi gözlənilir. ABŞ mətbuatının xəbərinə görə, Vaşinqton Ankaraya anlaşmadan imtina üçün 2 həftə vaxt verib və əks təqdirdə, sanksiya mexanizminin işə salınacağını onun nəzərinə çatdırıb.

ABŞ-ın Türkiyəyə satmaq istədiyi “Patriot” rakertləri Rusiya istehsalı S-400-lərin analoqudur. Ancaq ABŞ uzun müddət “Patriot”larının Türkiyəyə satmaqla bağlı tərəddüd etdiyi üçün Türkiyə də bu sövdələşməni uzatmamağa qərar verib.

Məsələnin bu həddə gəlib çatmasında ABŞ tərəfinin xətalarının önəmli rol oynadığını qeyd etmək lazımdır. Çünki Türkiyənin Rusiyadan S-400 ZRK almağa hazırlaşması barədə söz-söhbətlər hələ 2016-cı ildə başlamışdı, 2017-ci ilin sentyabrında isə tərəflər arasında ilkin razılıq əldə olundu. İlk vaxtlar Vaşinqton məsələni ciddiyə almadı, güman ki, onlar bu cür xəbərlərin Ankara tərəfindən qəsdən mediaya sızdırıldığını və ABŞ-a mesaj xarakterli olduğunu düşündülər. Çünki prezident Ərdoğan Suriyada öz hədəflərinə nail olmaq üçün Rusiya ilə ABŞ arasında ustalıqla manevr etməyə başlamışdı və bu uğurlu siyasətin nəticəsində əvvəlcə “Fərat qalxanı”, daha sonra “Zeytun budağı” əməliyyatları gerçəkləşdi. Vaşinqton bu siyasətdən məmnun deyildi və S-400 mövzusu ortaya çıxanda öz səssizliyi ilə sanki Ankaraya nümayiş etdirmək istədi ki, sənin blefini “yemirik.” ABŞ hökumətlərinin başqa bir xətası isə odur ki, zamanında Türkiyəyə “Patriot” sistemləri satmaq üçün həvəsli davranmadılar və Konqresi bu cür önəmli alqı-satqıya razı salmaqda çətinlik çəkəcəklərini Ankaranın nəzərinə çatdırdılar. Əgər vaxtında Türkiyəyə “Patriot”ar satılsaydı, problem bu yerə gəlib çıxmayacaqdı, yaxud S-400 sövdələşməsi barədə söz-söhbətlərin yayıldığı dönəmdə bunun mümkün neqativ nəticələri hazırda olduğu kimi, konkret şəkildə Ankaranın nəzərinə çatdırılsaydı, bəlkə də Türkiyə hökuməti hər hansı sənədə imza atmadan Rusiya ilə danışıqları dayandıracaqdı.

Türkiyə tərəfinin siyasətinə gəldikdə isə, ölkə 1952-ci ildən bəri NATO-nun tamhüquqlu üzvü və 1999-cu ildən bəri Avropa Birliyinə rəsmi namizəd statusuna malik olduğu halda, Ərdoğan hökumətinin son illər Qərb və Rusiya arasında balans siyasətinə üstünlük verməyə başlaması, necə deyərlər, iki stulda oturmaq istəməsi absurddur. Məhz bu səbəblə ABŞ-ın vitse-prezidenti Mayk Pens ötən həftələrdə Türkiyədən qəti seçim tələb etdi: ya NATO, ya Rusiya. Türkiyənin Rusiya ilə strateji tərəfdaşlıq münasibətləri qurması, iqtisadi əməkdaşlığı dərinləşdirməsi, birgə enerji layihələri həyata keçirməsi normaldır və onun haqqıdır, kimsə buna görə Türkiyəyə irad tuta bilməz, çünki NATO-nun Avropa qanadı bu sahədə Moskva ilə daha dərin əlaqələrə malikdir. Türkiyə Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmayıb, bu da müstəqil dövlət kimi onun hüququdur. Türkiyə Rusiya ilə həmsərhəd ölkələrdə yerləşdirilən NATO batalyonlarına əsgər verməyib, buna da kimsə bir söz demir. Amma NATO-nun Rusiya ekspansiyasını dayandırmaq üçün yeni strategiyalar hazırlayıb həyata keçirdiyi bir dövrdə Türkiyənin bu ölkə ilə hərbi əməkdaşlığını dərinləşdirməyə qərar verərərk S-400 kimi strateji silah sistemi almaq istəməsi Ankaranın özünü ittifaqın siyasətindən ayırması anlamına gəlir. Alyansın lider dövləti olan ABŞ bildirir ki, bu silah əvvəla, NATO-nun hava-raket hücumundan müdafiə sisteminə inteqrasiya oluna bilməz, digər tərəfdən, S-400 Türkiyənin almağa hazırlaşdığı beşinci nəsil F-35 hərbi təyyarələri üçün təhlükədir. Çünki S-400-ün radarları F-35-in texnoloji sirlərini Rusiyaya ötürə bilər. Bu səbəbələ, ABŞ Konqresində Türkiyənin S-400 alacağı təqdirdə, ona F-35-lərin verilməməsi barədə bir neçə qanunvericilik təşəbbüsü irəli sürülüb. Türkiyə F-35 layihəsinin iştirakçısı olan dövlətlərdən biridir və 100 ədəd təyyarə sifariş verib. Digər tərəfdən, Türkiyə hərbi sənayesinin 8 müəssisəsi təyyarənin bəzi komponentlərinin istehsalında iştirak edir. Əgər S-400 sövdələşməsi gerçəkləşərsə, birinci sanksiya bu olacaq ki, Türkiyə F-35-ləri ala bilməyəcək və istehsal prosesindən kənarlaşdırılacaq. İkinci sanksiya isə CAATSA (Amerikanın düşmənlərinə sanksiyalar yolu ilə müqavimət göstərmək) qanunu çərçivəsində qəbul olunacaq. Bu qanun Rusiyadan böyük miqdarda silah alan üçüncü ölkələrə (fiziki və hüquqi şəxslərə) sanksiyaların tətbiqini nəsərdə tutur. Türkiyə yaxın həftələrdə qəti qərarını verməlidir.

Qeyd edək ki, Türkiyənin nə hökuməti, nə də müxalifəti (Doğu Perinçekin Vətən Partiyası və digər marginal avrasiyaçı-ulusalcı çevrələr istisna olmaqla) Qərbdən qopmağın tərəfdarı deyil. Bir neçə gün əvvəl prezident Ərdoğan bir daha vurğuladı ki, Avropa Birliyinə tamhüquqlu üzvlük Türkiyənin strateji hədəfidir. NATO-dan çıxmaq məsələsi isə ümumiyyətlə, Türkiyədə müzakirə mövzusu deyil, bütün ciddi siyasi qüvvələr və çevrələr bunun ölkə üçün ağır nəticələr verə biləcəyini anlayır. (Bu, başqa yazının mövzusudiur.) Bir sözlə, mərhum İnönünün bəhs etdiyi, Qərb xaricində “yeni bir dünya”nın qurulmasından danışmaq hələ tezdir.  Bu səbəblə, düşünürəm ki, Türkiyə 1975-ci ildə olduğu kimi, ABŞ-la gərginliyi gözə alsa da, geosiyasi qırılmanın baş verməsində maraqlı deyil. Hazırkı konyuktur da bunun üçün əlverişsizdir, Türkiyə ağır iqtisadi böhran məngənəsində sıxılır və ölkənin ciddi miqdarda xarici maliyyələşməyə ehtyacı var. Bu maliyyəni Rusiya və ya Çindən əldə etmək imkansızdır. Cırtdan Qətər monarxiyasının Türkiyə kimi böyük ölkənin bütün ehtiyaclarını təmin edə biləcəyini düşünmək gülünc olardı, üstəlik, ABŞ istədiyi an bu kanalı kəsmək gücündədir. Qalır Qərb maliyyə strukturlarından vəsait cəlb etmək… Bunun üçün ABŞ-la münasibətləri qorumaq zəruridir.

İyunun 23-də keçiriləcək İstanbul bələdiyyə başqanlığı seçkilərinə qədər gərginliyin davam etməsi ehtimalının yüksək olduğunu söyləyə bilərik. Ərdoğan qəsa vədədə “kontrollu gərginlik”də maraqlıdır, hətta mən deyərdim ki, o, ABŞ tərəfindən Türkiyəyə qarşı sanksiya xarakterli qərarların qəbulunu da istəyir ki, seçki ərəfəsində öz seçicilərini xarici təhdid qarşısında maksimum səfərbər edə bilsin. Digər tərəfdən, hazırkı böhran Rəcəb Tayyib Ərdoğan əfsanəsini və onun uğur hekayəsini ciddi şəkildə zədələyir, ona görə də ölkədəki iqtisadi çətinliklərə görə məsuliyyəti “dış güc”ün boynuna qoymağa hər zamankından daha çox ehtiyac var, bu baxımdan ABŞ-ın çox da ağır olmayan sanksiyası 23 iyun ərəfəsində yerinə düşərdi. Seçkidən sonra isə ABŞ-la problemləri yavaş-yavaş yoluna qoymaq olar. Türkiyədə həbs olunan və terror təşkilatlarına dəstək ittihamı ilə 35 ilə qədər həbsi tələb edilən rahib Bransonla bağlı gərginlik yəqin ki, hər kəsin yadındadır. ABŞ-ın israrlı tələblərinə rəğmən prezident Ərdoğan özünə xas hədələyici-meydan oxuyucu “Eyy Amerika!!!” ritorikası ilə rahibin təhvil verilməyəcəyini dəfələrlə vurğulamışdı. Nəticə məlumdur. Bundan başqa, Ərdoğan İrana qarşı neft embarqosuna qoşulmaq barədə Vaşinqtondan gələn çağırışlara da eyni reaksiyanı göstərmişdi. Lakin bu günlərdə məlum oldu ki, Türkiyə İrandan neft idxalını tam dayandırıb. Güman ki, S-400 məsələsində də ABŞ-la hansısa ortaq məxrəc tapılacaq. Düzdür, bu silahın alışından imtina etmək artıq çox gecdir, Türkiyə haqlı olaraq Rusiya ilə əlaqələrini pisləşdirmək də istəmir. Mümkündür ki, S-400 alınıb, dost ölkələrdən birinin ərazisində yerləşdirilsin. (Yeri gəlmişkən, belə ölkələrdən biri kimi Azərbaycanın da adı hallanır.) S-400-ü Türkiyəyə gətirmək və işə salmamaq da mümkündür. Ola bilər ki, həm ABŞ-ı, həm də Rusiyanı narazı salmayacaq sehrli formul da tapılsın. Yaxın aylarda bunu görəcəyik.

Hələlik dəqiq məlum olan budur ki, Türkiyə-ABŞ-Rusiya üçbucağında yay çox isti keçəcək…

Şahin Cəfərli, siyasi şərhçi