Gürcüstanın baş naziri: ‘Müəllimlərin maaşları ilə bağlı vəziyyət qəbuledilməzdir’

Gürcüstanın baş naziri müəllimlərin maaşları ilə bağlı vəziyyətin qəbuledilməz olduğunu deyib.

Gürcüstanın baş naziri Mamuka Baxtadze müəllimlərin maaşlarının çox az olduğunu hesab edir – hökumət başçısı yaranmış vəziyyəti qəbuledilməz qiymətləndirib. Bu bəyanatla Baxtadze Tiflisdə Avropa Günləri çərçivəsində keçirilən “Müəllim – Avropaya Bələdçi” seminarının açılışında çıxış edib.

Hal-hazırda Gürcüstanın dövlət məktəblərində müəllimlərin orta əmək haqqı min lari (təxminən 365 dollar) təşkil edir. 2018-ci ilin məlumatlarına görə, müəllimlərin orta nominal əmək haqqı ayda 1,124 lari (təxminən 410 dollar) təşkil edir.

“Statistikaya görə Gürcüstanda müəllimlərin maaşlarının orta əmək haqqından daha aşağı olduğunu eşitmək və görmək mənim üçün çox çətindir” – Baxtadze bildirib.

Hazırda Gürcüstanda əsaslı təhsil islahatları aparılır. İslahatlar çərçivəsində təhsilin maliyyələşdirilməsi mərhələli şəkildə böyüyəcək və 2022-ci ildə ÜDM-in 6% -i, yəni 3.4 milyard lari (1.2 milyard dollardan artıq) təşkil edəcək – bu dövlət büdcəsinin dörddə biridir.

“Bu növbəti onilliklər ərzində gələcək hər bir hökumətin öhdəliyi olacaqdır. İslahatın əsas məqsədlərindən biri, əlbəttə ki, müəllim peşəsini nüfuzlu etmək və onu layiqli qiymətləndirməkdən ibarət olacaqdır. Mən bütün səmimiyyətimlə inanıram ki, müəllimin rolunun düzgün qiymətləndirilmədiyi istənilən cəmiyyətin və ya dövlətin, XXI əsrdə nəinki gələcəyi olmayacaq, hətta keçmişi və dəyərləri itiriləcəkdir. Təhsil – ətrafında bizim hamımızın, bütün Gürcüstan vətəndaşlarının birləşməli olduğu milli ideyadır”, nazir söyləyib.

“Müəllim – Avropaya Bələdçi” seminarının iştirakçılarına müraciət edən Baxtadze vurğulayıb ki, təhsil azadlığa, güclü, vahid və demokratik bir ölkənin formalaşmasına aparan yoldur. Onun sözlərinə görə, təhsil Gürcüstanın bu gün üzləşdiyi bütün çətinlikləri aradan qaldırmağa kömək edəcəkdir.

Baş nazir hökumətin məqsədinin müəllimlərin orta əmək haqqını 1,5-1,8 min lariyə qədər (təxminən 550-660 dollar) artırmaq olduğunu bildirib.

Təhsil islahatının aparılması dörd il müddətinə nəzərdə tutulub. O, təhsilin bütün 5 mərhələsini – məktəbəqədər, məktəb, peşə, ali və elmi sahəni– əhatə edəcəkdir.