Mehmanın təbəssümü, Talehin savadı, Sevinc Telmanqızının vicdanı – Aydın Canıyev

Aydın Canıyev

Aydın Canıyev

Əslində bu gün yazmaq istəyim olsa da, olmasa da, yazmalıydım… elə belə nəsə yox, mütləq və mütləq söz azadlığından, mətbuatdan. Birbaşa peşə borcunu yerinə yetirərək. Tanıyanlar bilir ki, təqvim və təbrik jurnalistikası ilə məşğul olmamışam. Ancaq son bir ildə… fb-də dostluğumda ad günü olan dəyərli, ləyaqətli, istedadlı insanların ad günündə ən azı bir qəzet səhifəsi həcmində yazıram – yəni, enerjimi, potensialımı təbrik jurnalistikası ilə məşğul olmağa sərf edirəm. Dolayısıyla, təqvim jurnalisti səviyyəsinə enmişəm. Və bunu edən mənəm – ali təhsilli jurnalist, 30 ildən artıq ölkənin taleyüklü 30 probleminin hərəsindən ən azı 3 yazı yazan biri olaraq. Özü də elə yazılar ki, təsdiqi ən azı 10 il, ən çoxu da 30 ili ertələyib!

Və mən bu gün… “fb”-də “işləyirəm”.

Bəli, Azərbaycanda mətbuat da var, söz azadlığı da! O mətbuatın isimləri başda Xaliq Bahadır və Xalid Kazımlıyla davam edən, əlifbanın A-sından – Aydın Canıyevdən Ş-sına – Şəmşad Ağaya qədər təmsilçisi var! Ən azından hər hərf üzrə 3 jurnalist var mətbuat nümayəndəsi kimi təqdim etməyə – S- Seymur Baycan (yorulmaz və ləyaqətli maarifçilik missiyasını usanmadan sərgiləyir, mövqe dəyişmədən), Seymur Həzi (həbsdə belə dəyişmir peşə və siyasi mövqeyini), Səbuhi Məmmədli (bütün janrlarda mükəmməl imzadır, hətta janrların özünü xalturaya çevirir), Z – Zamin Hacı (25 ildir adam sərasər mövqeyindən dönmür), Zakir Fəxri, Zakir Məmməd, R – Rövşən Hacıbəyli, Rasim Qaraca, Ə – Əfqan Muxtarlı, Əvəz Zeynallı… (üzrlü sayın, hövsələm çatmır, fikrim yayınmasın deyə, siyahını sonra sahmana salaram)…

Bəli, Heydər Əliyev ləğv edib senzuranı! Onda ləğv etdi ki, artıq Azərbaycanda müstəqilliyi xalqa dadızdıran bir nümayəndə də saxlamamışdı müdafiə etməyə – hamısını ləkələyib soxmuşdu içəri! Daha onun hakimiyyəti üçün təhlükə yox idi, nə yazılmasından asılı olmayaraq! Gözümüzə nar çubuğu kimi soxmaq lazım deyil senzuranın ləğvini – o halda dəstavuz edilə bilinərdi ki, hakimiyyətə gələn kimi ləğv edəydi!

Heydər Əliyev nəhəng siyasi şəxsiyyətdir – danılmazdır! Hakimiyyət ustasıdır – danılmazdır! Amma həm də və eyni zamanda bugünkü Azərbaycanın memarıdır, bugünkü Azərbaycan onun sənət əsəridir, mirasıdır – uşaqpulu verilməyən Azərbaycan!

İldə 18 min boşanma olan Azərbaycan! İldə 20 minə qədər narkotik maddə istifadəçisi kimi gəncləri həbsdə yatan Azərbaycan! Yolları, körpüləri bu gün çəkilib sabah dağılan Azərbaycan! Məktəbləri-xəstəxanaları hələ də keçən əsrdən də keçən əsrdə tikilmiş taxtapuş Azərbaycan! Bircə dənə də deputatı özü seçilməyən Azərbaycan! Bircə dənə də məmuru xalqı düşünməyən Azərbaycan! Adı korrupsiya və rüşvətdə, işgəncələrdə beynəlxalq təşkilatların siyahısında lider olan Azərbaycan! Hadı Rəcəbli kimi “müəllim dərsdən sonra divar hörsün” deyən deputatı olan Azərbaycan!

“Ayağını yorğana görə uzatsın”, “uşaq əkəndə hökümətlə razılaşdırmışdı?” ironiyası YAPmaq qədərincə qısır təfəkkürə malik deputatlı, komitə sədrli Azərbaycan!

Gənc anaları doğuş stolunda həkim səhlənkarlığından ölən, xəstənin xəstə sol ayağı əvəzinə sağlam sağ ayağı kəsilən Azərbaycan, iki naziri – Əli İnsanovu və Fərhad Əliyevi həbsə alınan Azərbaycan, iki naziri işdən çıxandan sonra milyardlarla dövlət əmlakını mənimsəməsi üzə çıxan Azərbaycan, baş nazirinin nəvəsi maşınla adamı öldürüb cəmi-cümlətanı bir ilə türmədən çıxan Azərbaycan, Hacı Məmmədov, Akif Çovdarov kimi çinli qulduru olan Azərbaycan, 3 milyon dollar rüşvət verdiyini etiraf edən Tağı Əhmədovlu Azərbaycan, ayda 300 mini paketdə aldığını etiraf edən rabitə naziri Əli Abbasovlu Azərbaycan, icra başçıları şəhid ailəsini təhqir edən, qəbula gələn qazini döyən Azərbaycan, icra başçısı güllələnən Azərbaycan, jurnalisti güllələnən Azərbaycan, müstəqil “teleqraf” saytı Kəmaləddin Heydərovdan, müstəqil “Azadlıq” saytı Əli Kərimlidən tənqid yaza bilməyən, amma “Yeni Müsavat”ı Müsavat başqanı Arif Hacılını və toxum-tayfasını nəinki öz saytında, hətta bütün digər saytlarda yıxıb-sürüyən Azərbaycan, minimum əmək haqqı üç qonşu ölkənin üçündən də az olan Azərbaycan, təhsili, səhiyyəsi, polisi, məhkəməsi rüşvətxorluq girdabında boğulan Azərbaycan!

Əlbəttə ki, Taleh Şahsuvarlı haqlı idi deyəndə ki, Azərbaycanda söz azadlığı var, olmasaydı, mən bunları yaza bilməzdim! Var! Amma və lakin… bu söz azadlığı hökümətin kafasında yoxdur! Bizdə var – yuxarıda adlarını çəkdiyim A-dan Ş-ya qədər olanlarda!
Və bu tip söz azadlığı ifadəçisi olmağın bədəli… həbsxana divarlarıdır!

İlham Əliyevə təşəkkür etmək isə borcumuzdur – ən azından, bizi şərlədib həbs etdirən mollaların, məmurların, hüquq-mühafizə orqanlarının qudurmuşlarının ağzından vurur, əfv edir. Amma axı bu o demək deyil ki, hökümət söz azadlığını təqdir edir, dəstəkləyir, şərait yaradır!

Bəli, Taleh Şahsuvarlı savadlıdır. Amma və lakin… onda məntiq və vicdan yoxdur! Taleh Şahsuvarlı, jurnalistikanın birinci prinsipi nədən, necə, nə üçün yazılmasından asılı olmayaraq, vicdanla, qərəzsiz və obyektiv yazmaqdır. Sənin savadının əndazəsiz qədəri buna əməl yetməyə yetərli deyil. “Dalşe” oxu.

Lokkla Monteskyönun əlinə versələr… sənin çıxışını, gorda “ventilyator Əli” olarlar. Ki, ya rəbbim, ya rəsulallah, bu oğlan bizim anamızı necə ağladır e, bizim yazdıqlarımızla necə manipulyasiya edir e, bizi nətəri bihörmət edir e!

Bilirsənmi niyə?

Lokku, Monteskyönu oxumaq, anlamaq lazım deyil… dərk etmək üçün ki, Elina məktəbdə vəzifəli şəxslərin səhlənkarlığı səbəbindən ölüb və ölkə başçısı işə qarışmasaydı, o 14 yaşlı uşağın qanı batacaqdı – hətta hələ indi də əminlik yoxdu ki, batmayacaq!

Sənin savadını çırpdım öz başıma, amma mənə cavab ver görüm, “Roma papasından artıq katolik”liyinlə nə demək istəyirsən? Mehman Əliyevi vergilər naziri iki dəfə tutdurdu, üç dəfə çıxdı, sənin sorununu YAPdığın pulları Eynulla Fətullayev xərcləyib, vergini də o verməyib. Talışlarda bir misal var: “kefi çəkir Qəzənfər, cəriməni verir Müzəffər”. İndi Mehman Əliyevi tutdurmaq istəyib tutdurub da içəridə saxlatdıra bilməyənlərdən də çox “vergipərəst” olacaqsan?

Fazil Məmmədovun, Səfər Mehdiyevin, Mikayıl Cabbarovun, Kəmaləddin Heydərovun qatıb-qarışdırdığı məğlətələri xalqa çatdırmaq üçün nə Lokku, nə Monteskyönu, nə Dostoyevskini, nə Kafkanı, nə “1984”-ü oxumaq, anlamaq lazım deyil. Yetər ki, bu vətəni, bu dövləti, bu xalqı sevəsən, YAP-ı, Əli Həsənovu, Fuad Ələsgərovu sevmək bu sevgiyə mane və maneə olmamalıdır! Oldusa, olacaqsa, İlham Əliyevə xəyanət etmiş olarsan!

Əli İnsanovu xəyanətdə suçlayırsan. O səndən heç də az savadlı olmadığı, savadda geri qalmadığı kimi, sən də xəyanətdə ondan dala qalmırsan!

Bəli, sənin savadın var, amma mətbu vicdanın, mətbu obyektivliyin, mətbu qərəzsizliyin yoxdur! Mehman ayağını aşırıb ictimai tərbiyəsizlik edir (Azərbaycan telekanallarının efirində nəinki ayaqlarını ayaqları üstə aşırırlar, az qala bir-birini yerə sərib… “qol-boyun” olurlar, bir-birinin belinə minirlər – sənin kimi oxumağını gözləyək ki, haçansa bu məsələlərə də əndişələnəsən?), sən yalan danışırsan, ictimai tərbiyəsizlik edirsən! Faktla manipulyasiya edirsən, faktı konstatasiya edirsən! Faktı təcavüz alətinə çevirirsən!

Həyatda bir-iki dəfə bir məclisdə olmuşuq, bəlkə də məndən çox yaxşı oğlansan, dəyərli qardaşsan, əvəzsiz dostsan, amma axı niyə efirdə o rəzil günə qoyursan özünü?

İndi biz haçanacan gözləyək ki, Kəmaləddin Heydərov tutulsun, Mikayıl Cabbarov, Səfər Mehdiyev tutulsun, sən onları ittiham edəsən və Mehman kimisi də səninlə debata çıxanda deyəsən ki, mən yazanda, sən aşırma şalvarda gəzirdin!

Bu Mehman sən Universitet qurtaranda aşırma şalvarda gəzirdisə, ittiham etdiyin o Mehman (Əliyev) Moskva Dövlət Universitetini bitirəndə indi saytına rəhbər olduğun möhtərəm onu özünə ağsaqqal bilirdi, özü də Moskvada və sən onda, ümumiyyətlə, heç nə geyməyib gəzirdin…

Belə müqayisələr etmirlər, belə hücumlar etmirlər. Bir dəfə yazmışam, bir də sənə deyirəm – sənin bizləri oxumağa vaxtın olmur: “Qarabağ uğrunda döyüşlərdə dərsdən “2” alan oğullar şəhid və qəhrəman oldu, “5” alanlar yox”…

“5” alanlar sənin kimi, Lokku, Monteskyönu oxudu, onların bir-birindən fərqini öyrəndi və gəldi… atəşkəsə imza atdı! Bəlkə Elinanın ölümünü araşdırasan, saytında verəsən?

Bəlkə “pulyuyan maşın” olayında Luka Volontenin etiraf izahatını yayasan? Bu təkliflərim mətbuat və söz azadlığının təsdiqi üçün olanlardır!

Bunun üçün nə Freydi bilmək lazımdır, nə də Çernışevskinin “Nə etməli”sini oxuyub başa çıxmaq! Heç Leninin 55 cildlik külliyyatına da nəzər yetirməyə dəyməz!

Adam Smitin nəzəriyyəsini hakimiyyətdəkilər çox ciddi oxuyublar və bilirlər nəyi hardan necə qoparmaq olar, Mehmanın Lokku, Monteskyönu tanıyıb-tanımaması faciə deyil. Faciə odur ki, onları sən oxumusan, sənin müdafiə etdiyin hökümət oxuyub, ölkəni bu günə qoyubsunuz!

Hansı günə?

O günə ki, deputatı müəllimindən 10 dəfə artıq maaş alır, 100 dəfə artıq gəlir yeri var, güzəştlər və imtiyazlara malikdir!

O günə ki… 55 siyasi məhbus əfv olunub, bir 2 o qədəri də içəridədir!
O günə ki, ölkənin tən yarısı ölkəni tərk edib!

O günə ki, 2 milyon iş yeri açılıb, ali təhsilli jurnalist Aydın Canıyev də işsizdir, iki xəstə uşaqla tək qalan gənc müəllimə də!

O ki qaldı Mehmana… o təbəssümü və müdrikliyi ilə bütün ittihamları sıfırladı – istər lehinə olsun, istər əleyhinə!

Sən türmədə olmayıbsan, anlamazsan o sənə niyə dedi ki, arzulayıram türməyə düşəsən və azad olasan!

Əzizim Taleh Şahsuvarlı, sən bu ölkədə ləyaqətli kim varsa, xalq və dövlət adına kim danışırsa, kim hakimiyyəti tənqid edirsə, çox pis formada cavab yazırsan, qələm qoçuluğu edirsən!

Mehman oracan dərin getmədi, mən deyirəm: türmədə hətta bu hakimiyyətə görə Əli Kərimlinin, İsa Qəmbərin, Arif Hacılının özünün və ailəsinin əleyhinə çox iyrənc iftiralar yazıb “İlham Əliyevin əsgəriyəm” deyənlər də var – bir deyil, iki deyil, üç deyil.

Və… Mehman onları da görüb çıxıb. Və… Mehman üçün sənə cavab vermək, sənə savad nümayiş etdirmək maraqlı deyildi. Ona maraqlı olan bilirsən nəydi?

Efirə çıxıb, ayaqlarını ayaqlarının üstünə aşırmaq, gülmək: bu ona onu həbs etdirənlərə cavab əvəzi kimi lazım idi!

Sən bunu anlamazsan! Mehman uşaqdı, bilmədi, fərqinə varmadı ki, sən hətta tutulub çıxsan da bunu anlamazsan!
Səni çilik-çilik edib Azərbaycana səpələyən təbəssümündən və “savadsızlığından” öpürəm Mehman Hüseynovun, bircə cümləylə özün özünü məhv etdin: bir də debata diqqətlə bax – yazılara oxucu önəmi momentinə.

Mehmanı 100 minlər izləyir. Bəs səni? Əgər o 100 minləri heç sayırsansa, onda təmsilçisi olduğun iqtidar niyə hər dəfə mitinqdə etirazçıların sayını gözümüzə soxur!?

… Sevinc Telmanqızının moderatorluq etdiyi debatlardan ən çox xoşuma gələni bu oldu: düzdür, efirdən elə görünürdü ki, Mehmana dəstək olur, amma bu xanıma rəğbətim artdı – çox çalışdı nəzərinə çatdırsın ki, ay Taleh bəy, bəlkə yavaşlayasan, a bala, gözdən düşürsən, qarşındakı zərərçəkmiş və xalqın sevimlisi Mehman Hüseynovdur e, bir az tısını-pısını yatırt, bu günün sabahı var, fəqət… nə qədər çox oxumuş olsan da, nə qədər savadlı olsan da, sənə çatmadı! Bu qızı sevdim: necə ürəklə çalışırdı ki, bir azərbaycanlı oğlu xalqın gözündə ölməsin! Daha doğrusu, istəyirdi ki, diriltsin…

Səni hətta o boyda gözəllik və mərhəmət belə xilas etmədi! Efirin yeni termini kimi təklif edirəm: “Sevnic Telmanqızı vicdanı!”

Bu təklif həm də başqalarına da aiddir. Efirdən gözgörəti ölənləri ölməyə qoymaq istəməyən moderatorlar təltif edilsin!

P.S. İstəmərəm polemika açasan, əzizim Taleh bəy! Məsləhət bilmirəm. Əks təqdirdə, səndən təəssübkeşi olduğun hakimiyyətin efirində debat tələbi ilə çıxış edəcəm – özü də İTV-də. Uduzmağın başından bəllimi?

Həqiqətlə üzdə olmasa da, içində barış! Haçan İTV-yə səninlə mən mətbuat və söz azadlığı konusunda dəvət alsaq, onda deyərsən, bəli, gördünmü, bizdə söz azadlığı var! Ümid edirəm ki, məni kimlərəsə işləməkdə və savadsızlıqda ittiham etməyə əsasın yoxdur!