Şahin Cəfərli: “ABŞ-İran gərginliyi: Savaş hazırlığı, yoxsa güc nümayişi?”

ABŞ-İran gərginliyi: Savaş hazırlığı, yoxsa güc nümayişi?

ABŞ-İran münasibətləri növbəti gərginləşmə mərhələsini yaşayır, amma bu dəfə vəziyyət əvvəlkilərdən bir az fərqlidir. Qəbul olunan qərarlar və baş verən hadisələr məsələnin rutin gərginlikdən kənara çıxdığını söyləməyə əsas verir. Böyük müharibə ehtimalı zəif olsa da, tərəflər (daha çox da ABŞ) zərurət yaranacağı təqdirdə, lokal miqyaslı hərbi toqquşmalardan qaçmayacağını nümayiş etdirir.

 

Eskalasiya necə başladı?

Bir il əvvəl – 2018-ci il mayın 8-də prezident Tramp ABŞ-ın İranın nüvə proqramına dair Tehran və “altılıq” ölkələri arasında 2015-ci ildə imzalanmış Hərtərəfli Birgə Fəaliyyət Planından çıxdığını bildirmişdi. Bundan sonra Vaşinqton İrana qarşı sanksiyaları mərhələli şəkildə (avqust və noyabr aylarında) bərpa etdi. Trampın qərarından düz 1 il sonra – 2019-cu il mayın 8-də bu dəfə İran prezidenti Həsən Ruhani anlaşmanın tərəflərinə məlumat verdi ki, İran müqavilənin bəzi müddəalarını yerinə yetirməkdən imtina edir. O, sənədin yerinə yetirilməsini təmin etmək üçün avropalı tərəfdaşlara 60 gün vaxt verərək bu müddətdə müqavilənin tələbi olan zənginləşdirilmiş uranın və ağırlaşdırılmış suyun bir qisminin satışını, yəni ölkədən çıxarılmasını dayandıracaqlarını diqqətə çatdırdı. Əgər bu müddətdə hər hansı razılaşma əldə olunmasa, İran uranın zənginləşdirilməsi ilə bağlı məhdudiyyətlərdən tamamilə imtina edəcək və Ərak nüvə obyektinin fəaliyyətini bərpa edəcək. Ərakda ağırlaşdırılmış su reaktoru var və bu reaktorun fəaliyyəti nəticəsində plutonium əldə etmək mümkündür, bu isə nüvə silahı yaratmaq istiqamətində növbəti önəmli addım ola bilər.

İran hökumətinin müqavilədən qismən imtina qərarı verdiyi gün Vaşinqton bu ölkənin metallurgiya sənayesinə sanksiyaların tətbiqini elan etdi. Qərara əsasən İranın dəmir, polad, alüminium, mis istehsalı üzrə müəssisələri və ixracatına sanksiya tətbiq olunacaq. Bu sahə İranın qeyri-neft ixracında əsas yeri tutur. Mayın 2-də isə İrandan neft idxalına davam etmək üçün 8 ölkəyə (Türkiyə, Yunanıstan, İtaliya, Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Tayvan) ABŞ tərəfindən verilmiş möhlət başa çatdı və neft embarqosu qüvvəyə minmiş oldu. Ağır iqtisadi böhran yaşayan İran üçün bu sanksiya çox ağrılıdır və onun neft sənayesinə, eləcə də bank-maliyyə sektoruna ciddi zərbə endirməklə, ölkəni yüksək miqdarda gəlirlərdən məhrum edir. Məhz bu səbəbdən ötən aylarda İranın siyasi-hərbi rəhbərliyi dəfələrlə bəyan edib ki, bizim neft satışımız əngəllənərsə, Hörmüz boğazını bağlayacağıq. Eni 54 km, uzunluğu 195 km olan Hörmüz boğazı strateji əhəmiyyətli dəniz yollarından biridir, dünyada hasil olunan neftin beşdə biri (gündə 17-18 milyon barel) bu boğaz vasitəsilə bazarlara çıxır. İranla yanaşı, İraq, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı nefti və Qatarın sıxılmış maye qazı Hörmüzdən keçməklə alıcılara çatdırılır. Bu baxımdan mayın 12-də baş vermiş hadisə nəzərlərin istər-istəməz İrana yönəlməsinə səbəb oldu. Belə ki, həmin gün Hörmüz boğazından 85 mil uzaqlıqda, BƏƏ-nin şərq sahillərindəki Əl Fuceyra limanı yaxınlığında 4 neft tankerinə qarşı sabotaj törədildi. Bu tankerlərdən 2-ci Səudiyyə Ərəbistanı, biri BƏƏ, digəri isə Norveçə məxsusdur. Gəmilər ciddi zədə almasa da, hadisə bölgədə hərarətin artmasına səbəb oldu. Hələ də sabotajı hansı dövlətin və ya qüvvənin həyata keçirdiyi məlum deyil. Lakin hadisə barədə hamıdan əvvəl İran mediasının xəbər tutması və bu ölkə rəhbərliyinin ötən müddətdə səsləndirdiyi “biz neft sata bilməsək, heç kim sata bilməyəcək” təhdidləri Tehrandan şübhə duymağa əsas verir. Mayın 14-də isə Səudiyyə Ərəbistanının “Saudi Aramco” dövlət neft şirkətinə məxsus 2 nasos stansiyası dron hücumuna məruz qaldı. Rəsmi açıqlamaya görə, hücum zamanı yanğın başlasa da, tez bir zamanda söndürmək mümklün olub. Səudiyyə hökuməti bu olayı dünya enerji bazarını destabilizasiya etməyə yönəlmiş terror aktı adlandırıb. Dron hücumunun Yəməndə İran tərəfindən dəstəklənən husilər tərəfindən təşkil edildiyi məlumdur. İran hökuməti onun adının husilərin fəaliyyəti ilə paralel hallandırılmasını uzun müddətdir ki, rədd edir.

İranın Hörmüz boğazı yaxınlığında bombalanmış Səudiyyə neft tankeri.

 

ABŞ bölgəyə hərbi qüvvə cəmləşdirir

Pentaqon Ağ Evin əmri ilə Hörmüz boğazında hərbi qüvvə toplamağa başlayıb. Göyərtəsində bombardmançı təyyarələr və helikopterlər olan “Abraham Lincoln” aviadaşıyıcısının liderliyi ilə ABŞ hərbi donanmasının hərbi gəmi qruplaşması bölgəyə doğru yola çıxıb. Qətərdəki Əl Üdeyd aviabazasına nüvə bombaları daşıya bilən B-52 strateji bombardmançı təyyarələrinin göndərilməsi isə durumun ciddiliyinə içarədir. Bundan başqa, bölgəyə əlavə “Patriot” zenit-raket kompleksləri göndərilməsinə də qərar verilib. Səbəb fors-major situasiyalara, məsələn, İranın Hörmüz boğazını bağlamasına hazır olmaq və dərhal lazımi reaksiyanı verməkdir. Bundan başqa, ABŞ kəşfiyyatı məlumat əldə edib ki, İrana bağlı proxy qüvvələr İraq və Suriyadakı ABŞ hərbi və mülki personalına hücumlar edə bilər. Bunun nə dərəcədə ciddi və doğru informasiya olduğunu söyləmək çətindir. İstər-istəməz 2003-cü ildə Səddam Hüseynin kütləvi qırğın silahlarına sahib olması səbəb göstərilərək bu ölkəyə hərbi müdaxilə edilməsi yada düşür. Amma fakt budur ki, ABŞ Bağdaddakı səfirliyinin və Ərbildəki Baş Konsulluğunun əməkdaşlarının bir qismini (vacib missiya yerinə yetirənlər istisna olmaqla) ölkədən çıxarmağa başlayıb. “Exxon-Mobil” neft şirkəti Bəsrə körfəzindəki yataqlarda işi dayandırıb. Almaniya və Hollandiya hökumətləri isə İraq qüvvələrinə təlim verən hərbçilərini bu ölkədən çıxaracaqlarını açıqlayıblar.

İranla imzalanmış müqavilədən birtərəfli qaydada çıxan və avropalı müttəfiqlərindən dəstək ala bilməyən ABŞ İrana qarşı təzyiq siyasətində də hələ ki yalnızdır. Maraqlıdır ki, İŞİD-ə qarşı koalisiyanın rəhbərliyində təmsil olunan britaniyalı general bölgədə İrana bağlı qruplar tərəfindən hər hansı hücum və ya təxribat gözlənilmədiyini bildirib. ABŞ komandanlığı isə dərhal bu açıqlamanı təkzib edib. Biz adət etmişik ki, britaniyalılar ABŞ-ın müdaxiləçi xarici siyasətinə çox vaxt aktiv dəstək verərək özləri də bu siyasətin həyata keçirilməsində iştirak ediblər. Lakin Toni Bleyr hökumətinin 2003-cü il İraq müharibəsinə verdiyi dəstək bu ölkədə hələ də ciddi qınaq mövzusudur. Bu səbəbdən, hazırkı hökumət bu tip məsələlərdə ehtiyatlı davranır, gözləmə mövqeyi tutur və ABŞ-ın birtərəfli addımlarına sorğu-sualsız dəstək vermir. Başqa maraqlı xəbər ondan ibarətdir ki, İspaniya hökuməti ABŞ-ın “Abraham Lincoln” aviadaşıyıcısı ilə birgə hərbi missiyada iştirak edən özünün “Mendes Nunyes” freqatını bu qruplaşma Yaxın Şərqə istiqamətləndikdən sonra onun tərkibindən çıxarıb. Avropa Birliyi isə çox aydın şəkildə bu məsələdə ABŞ-a dəstək verməyəcəyini elan edib və tərəfləri gərginliyin azaldılmasına çağırıb.

İranın sərhəddləri boyu düzülmüş və İranı mühasirəyə almış Amerika hərbi bazaları.

 

Məqsəd nədir?

Hazırkı mərhələdə ABŞ-ın İranla müharibəyə başlamaq niyyətinin olmadığını söyləyə bilərik. Cəlb olunan qüvvə genişmiqyaslı hücum əməliyyatları üçün nəzərdə tutulmayıb. Böyük savaş yüz minlərlə əsgər və yüz milyardlarla dollarlıq büdcə tələb edir. Lakin sirr deyil ki, İran öz nüvə proqramını bərpa edərsə, ABŞ və İsrail bunu seyr etməyəcək. Şübhə yoxdur ki, ABŞ Milli Təhlükəsizlik Şurasında və Pentaqonda bölgəyə lazımi anda böyük hərbi qruplaşma göndərmək barədə müzakirələr gedir, mümkün hərbi əməliyyatların ssenariləri cızılır. “The News York Times”ın bölgəyə azı 120 minlik kontingent göndərməyin müzakirə olunduğu barədə xəbəri həqiqətdir, baxmayaraq ki, Tramp sırf liberal mediaya nifrəti səbəbi ilə bu xəbəri təkzib etməyə çalışdı. Prezidentin milli təhlükəsizlik üzrə müşavir Con Boltonun yaxın keçmişdə belə bir bəyanatı olmuşdu ki, İranı dayandırmağın yolu İranı bombalamaqdan keçir. Bu şəxs indi ABŞ-ın xarici siyasətinin müəyyənləşdirilməsində söz sahibidir.

Donald Tramp öz xarici siyasətində Ronald Reyqanın “güc vasitəsilə sülh” (peace through strength) konsepsiyasına əsaslanır. Hələ ki məqsəd sanksiyalar yolu ilə İranın iqtisadi iflasına nail olmaq və paralel şəkildə güc nümayişi ilə Tehranı masaya oturmağa məcbur etməkdir. Sanksiyaların məqsədi həm də İranda həyatı dözülməz edib, əhalinin rejimdən narazılığını pik həddinə çatdırmaqla kütləvi etirazları körükləməkdir.

 

 

Trampın seçki hesabları

ABŞ-da növbəti prezident seçkiləri yaxınlaşır və Tramp öz seçicilərinin qarşısına bütün vədlərinə əməl etmiş, yaxud ən azından bu vədləri yerinə yetirmək üçün aramsız çalışıb, çabalayan lider qismində çıxmaq istəyir. İqtisadiyyatdakı pozitiv gəlişmələrlə birlikdə xarici siyasət uğurlarına da ehtiyac var. Tramp vəd etdiyi kimi, İranla imzalanmış nüvə anlaşmasından çıxdı, amma hələ ki bu qərarın yekunda yeni sənədin imzalanmasına, yoxsa savaşa səbəb olacağı qeyri-müəyyən qalıb. İndi İrana təzyiqləri artırmaqla Tramp xalqa, xüsusən ona aktiv dəstək verən sionist və yevangelist-sionist çevrələrə nümayiş etdirir ki, problemin həlli istiqamətində real addımlar atır, hətta müharibəyə də hazırdır. Şimali Koreyanın nüvə silahından imtinasına nail olmaq Tramp üçün tarixi uğur sayılacaqdı, lakin bu proses yarımçıq qaldı və seçkiyə qədər hər hansı razılaşma əldə olunacağı ehtimalı çox azdır. Çin hökuməti ilə ABŞ üçün sərfəli olan yeni ticarət anlaşmasının imzalanması barədə müzakirələr də hələ nəticə verməyib. Venesuelada Maduro rejimini devirmək cəhdləri hələlik baş tutmayıb. (Qeyd edək ki, hazırkı administrasiya xarici siyasət problemləri arasında məhz Venesuelada nəticə əldə etməyə yaxındır.) Əslində bu problemlərin həllinin uzanmasının səbəblərindən biri də budur ki, düşmənlər və rəqiblər də ABŞ seçkilərini gözləyir. İstər İran, istərsə də Çin, Şimali Koreya və Venesueladakı rejimlər ABŞ-da seçki mübarizəsinin başlayacağı dövrə qədər bu məsələləri mümkün qədər uzatmaq taktikası seçiblər. Çünki kampaniya başladıqdan sonra Trampın bütün diqqəti seçkiyə yönələcək, digər tərəfdən, seçki dövründə administrasiyalar adətən radikal qərarlar qəbul etməkdən çəkinir. İran ümidlidir ki, demokratların namizədi prezident seçilərsə, ABŞ Hərtərəfli Birgə Fəlaiyyət Planına geri dönəcək, çünki bu sənəd demokrat Obama dövründə imzalanıb. Pekin ümid edir ki, demoktratların qələbəsi nəticəsində ABŞ Çinə təzyiq siyasətindən vaz keçəcək və əvvəlki liberal-qlobalist vizyon Ağ Evdə hakim olacaq. Şimali Koreya, Venesuela rejimləri də demokrat prezidentin dövründə baş verəcəyi ehtimal olunan yumşalmanı gözləyirlər.

 

Şahin Cəfərli,

politoloq