Son illərin ən məhşuru “Game of Thrones” bitdi

Səkkiz ildən sonra televiziya tarixində ən populyar şoulardan olan “Taxt-tac oyunu” (Game of Thrones) bazar günü izləyiciləri ilə vidalaşıb.

“Frans Pres” agentliyi final – 73-cü epizodu milyonlarla tamaşaçının evdə, minlərlə adamın isə barlarda izlədiyini yazır – Alyaskadan tutmuş, Ermənistanadək bu həyəcanın yaşandığını vurğulayır.

“Gərginlik futbol finalından artıq idi”, – Los Ancelesdə 52 yaşlı Ewald Klautky deyib.

Agentlik son bölümün sevinc, kədər, alqışlarla izləndiyini yazır. “Evdə sakitlikdə bir də baxacağam”, – 28 yaşlı mühəndis Shobhana Chetri söyləyib.

“AFP” “GoT”-in indiyədək çəkilmiş ən qaranlıq və ziddiyyətli seriallardan olduğunu, zorakılıqdan, ssenaridə zorlamadan dəfələrlə istifadə olunduğuna görə tənqid hədəfi olduğunu yazır.

170 ölkədə “Qış gəlir” reklam deviziylə efirə çıxan şounun hər bölümünün büdcəsi 15 milyon dollardır.

Yeddinci sezonun finalı isə ABŞ-da kabel televiziyaları üzrə rekord qırıb, yayım günü onu 16,5 milyon, sonradan daha 15 milyon nəfər izləyib.