Terrorizmi təbliğ etməkdə suçlanan ANS TV tam bəraət aldı

2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhd etmiş Fətullahçı terror təşkilatının rəhbəri Fətullah Güləndən müsahibə aldığına görə məhkəmə qərarı ilə lisenziyası ləğv edilmiş ANS Yayım və Media Şirkəti Baş prokurorluqdan tam bəraət alıb.

Bu haqda televiziyanın yaradıcılarından biri olan Vahid Musatafayev sosial mediada məlumat yayıb.

“Ramazan ayının başladığı bu mübarək gündə bir şad xəbəri də bölüşmək istəyirəm. Bir müddət əvvəl Azərbaycan Respublikasının Baş Prokurorluğundan 3 ilə yaxın gözlədiyimiz ANS-ə tam bəraət qazandıran məktub aldıq”.

“Məktubda deyilir ki, 2016-ci ilin iyul ayında qardaş Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı Azərbaycanda aparılan təhqiqatlarda ANS Yayım və Media Şirkətinin hər hansı günahının olmadığı tam sübuta yetirildi! Bu o deməkdir ki, ANS Türkiyə və Azərbaycan Xalqı və Dövləti, daim bizə etimad göstərən olkəmizin Prezidenti və daim bizi qoruyan Allah qarşısında təmiz və üzüağ olduğumuzu isbat etdi!
Çingiz demişkən: “Heç kim və heç nə unudulmayacaq!””, – Vahid Mustafayev vurğulayıb.