Tiflisdəki erməni teatrının yenidən tikilməsinə İvanişvili fondu 6,6 milyon dollar ayırıb

Petros Adamyan adına Tiflis Erməni Dram Teatrı. İndi bu teatrın binası tamam sökülüb, 2020-ci ildə onun yerində modern bir teatr olacaq.

Dünən Tiflis meri Kaxa Kaladze Petros Adamyan adına Tiflis Dövlət Erməni Dram teatrının binasında aparılan tikinti işləri ilə tanış olub. “Sputnik” Radiosunun Gürcüstan xidmətinin məlumatına görə binanın tikintisi 2020-ci ildə tamamlanacaq.

Tiflisdə yerləşən erməni dram teatrının binası Gürcüstanın keçmiş baş naziri və milyarder Bidzina İvanişviliyə məxsus “Kartu” fondunun maliyyəsiylə yenidən qurulur. Tiflisin meri Kaxa Kaladze şəxsən tikinti işləriylə tanış olub.

“Demək olar ki, erməni teatrı yenidən tikilir. Çünki, bina elə ağır vəziyyətdə idi ki, onu bərpa etmək mümkünsüz idi… Bu cür layihələrin həyata keçirilməsi fərəhləndirici şeydir. 2020-ci ildə erməni teatrını tikintisi tam bitəcək və Avlabari rayonunda daha bir incəsənət mərkəzi olacaq” – deyə Kaladze tikinti meydançasında jurnalistlərə deyib.

Teatr binası 1856-cı ildə Tiflisin erməni ictimaiyyəti tərəfindən tikilib. İndi bina tam dağıldığı üçün onun təmiri mümkün olmayıb. Bina tam sökülüb yenidən tikilməyə başlayıb. 607 tamaşaçı üçün nəzərdə tutulan binaya İvanişvilinin fondundan 18 milyon lari, yəni 6,6 milyon dollar pul ayrılıb.