Üç beynəlxalq təşkilat Sevinc Osmanqızına qarşı şantajı pisləyən bəyanat yayıb

Eyni vaxtda üç beynəlxalq təşkilat jurnalist Sevinc Osmanqızına ləkəyaxma kampaniyasına görə rəsmi Bakını qınayıb.

“Qadın jurnalistləri tənqidi reportajlarına son qoymağa məcbur etmək üçün şəxsi intim məlumatlarının yayılması ilə təhdid edilməsi təcrübəsi onların şəxsi həyatın toxunulmazlığı, fikri ifadə etmək azadlığı və insan ləyaqəti hüququnun kobud şəkildə pozulması deməkdir”, deyə Freedom House-un Avropa və Avrasiya üzrə proqram direktoru Mark Berendt bildirib.

“Hökumət bu təcrübəyə dərhal son qoymalıdır. Qadın jurnalistlər Azərbaycanda şantajdan qorxmadan işləmək imkanına malik olmalıdır”, deyə o qeyd edib.

Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi öz növbəsində Bakıda hakimiyyətdən Sevinc Osmanqızının hökumətyönlü Real TV telekanalı tərəfindən şantaja və təqibə məruz qalması faktlarını operativ şəkildə araşdırmağı tələb edib.

Bu telekanal naməlum mənbələrdən jurnalistin şəxsi yazışmalarını əldə edib. Aprelin 21-də telekanalın aparıcısı jurnalist onlayn televerilişinə son qoymasa və üzr istəməsə, onun intim fotoşəkillərini efirə verməklə hədələyib.

“Jurnalisti susdurmaq üçün edilən bu iyrənc cəhdlərə dərhal son qoyulmalıdır”, deyə CPJ-nin Avropa və Mərkəzi Asiya üzrə koordinatoru Gulnoza Said bildirib. “Azərbaycan hakimiyyəti bu açıq təhdid və təqibləri araşdırmalı və təqsirli şəxsləri məsuliyyətə cəlb etməlidir. Həmçinin, Azərbaycanlı jurnalistin izlənilməsi məsələsi araşdırılmalıdır”.

Crude Accountability ifadə azadlığını müdafiə kampaniyası Amerikada yaşayan jurnalistin qanunsuz izlənilməsini qınayıb və ABŞ və digər Qərb ölkələrinin hökumətlərini, habelə beynəlxalq maliyyə institutlarını “Azərbaycan hökumətinin cəzalandırılması” mümkünlüyünü nəzərdən keçirməyə çağırıb.

“Cinayətkarlar hazırda Azərbaycanda işləyən keçmiş tələbələrindən istifadə edərək, ona təsir etməyə çalışırlar. Aprelin 28-də Real-TV elektron məktubları saxtalaşdırıb və dərc edib, bu məktublarda Osmanqızının vaxtilə Bakıda ABŞ-Azərbaycan jurnalistika məktəbində “hökumət əleyhinə sui-qəsd hazırladığı və Qərb ölkələrinə və sponsorlarına işlədiyi” iddia olunur.

Böhtan kampaniyası başlamazdan əvvəl Osmanqızı Azərbaycanın neft-qaz sektorunda korrupsiya problemi ilə bağlı bir sıra verilişlər keçirib. Bundan sonra tezliklə o, böhtan kampaniyasının obyektinə çevrilib. Göründüyü qədər, jurnalisti şantaj etmək əmri yüksək hökumət dairələrindən daxil olub, deyə bəyanatda bildirilir.

“Şantaj, qanunsuz dinlənilmə, şəxsi məlumatların hökumət kanallarında yayılması Azərbaycanda müxalifətin susdurulmasında adi təcrübəyə çevrilib. Görünür, beynəlxalq maliyyə institutlarının və qərb ölkələrinin hökumətlərinin dəstəyi ilə prezident Əliyev rejimi xarici dövlətlərin qanunlarını pozmaq və xaricdə yaşayan dissidentləri təqib etmək, beləliklə, qalan son müstəqil səsləri məhv etmək istəyir”, deyə bəyanatda qeyd edilir.

Crude Accountability ABŞ hökumətini, Aİ və beynəlxalq maliyyə institutlarını “müstəqil Azərbaycan mətbuatını və vətəndaş cəmiyyətini müdafiə etmək bu dəhşətli hadisəni dərhal araşdırmağa” çağırır.

* Bir müddət əvvəl hakimiyyət jurnalist Xədicə İsmayılovaya qarşı belə bir taktikadan istifadə edib, onu 2012-ci ildə hakimiyyətin yüksək eşelonlarında korupsiya araşdırmalarına son qoymağa məcbur etmək üçün gizli kamera ilə çəkilmiş seks-video vasitəsilə şantaj edib. Yanvarda Avropa İnsan Hüquqları Məhkəməsi yekdilliklə Azərbaycanın İsmayılovanın şəxsi həyat və ailə həyatı hüququnu və ifadə azadlığını pozduğu barədə hökm çıxarıb.

Bu yaxınlarda sosial şəbəkələrə jurnalist və fəal Fatimə Mövlamlının intim foto və videogörüntüləri, o cümlədən fotoşoplar sızıb. 2018-ci ilin martında polis Mövlamlını həbs edib və beş gün saxlayıb, sənədi imzalamasa və fahişə olduğunu etiraf etməsə onu zorlamaqla təhdid edib.