Uğur kultu – Cavid Ağa

Cavid Ağa

Sosial mediada yayımlanmış məşhur bir foto var. Yəqin ki, siz də görmüsünüz. Apple, Google, Disney kimi nəhəng şirkətlərin başladığı yer olaraq bir qaraj göstərilir. Sual isə belə qoyulur: “Bəs sizin bəhanəniz nədir?”

İlk baxışdan həqiqətən motivasiya verici bir şüara bənzəyir. Sosial medianı ağuşuna almış, kitabları bestseller olan uğur “marketoloqları”nın çağırışları hələ abituriyentlik və ya tələbəlik səviyyəsində olub da iş həyatına atılmağa çalışanlar üçün səmavi kitabların ayələrinin avazı kimi gəlir. Həqiqətən də belə düşünürük ki, diplom alan kimi bizim üçün hər şey hazırdır. Yol cızılıb. Biz niyə Stiv Cobs olmayaq?

Stiv Cobs olmaq asandırmı? Cobsun dostu və ortağı Stiv Voznyak HP-də (Hyulet Pakard) çalışdığı vaxt Cobs özü Atari şirkətində işləyirdi. Voznyakın dediyinə görə, o vaxt hamı kompyuter yığırdı. HP-dən tapdığı artıq, köhnə və işlənməyən kompüter hissələrini birləşdirib test edirdi. Çoxu Stiv Cobsdan daha əvvəl öz kompüterini yığmışdı. Hətta bu şəxslərin “Əldəqayırma Kompüter Klubu” vardı. Cobsu məcburi olaraq kluba aparan Voznyak onu camaatla tanış edir. Artıq 5 ildir ki, cihaz satışı ilə məşğul olan Voznyak Cobsun marketinq köməyi ilə 20 dollara istehsal edib 40 dollara satacağı barədə vədinə inanır. Lakin satışlar elə də uğurlu olmur. Satdıqları yeganə şey kompüterin əsas platası olur – başqa heç bir hissə üçün pul tapılmır. Buna görə də investor axtarışına çıxırlar və test üçün Byte mağazasından 50 sifariş alırlar. Sifarişlər uğurlu olduqdan sonra onlar tanışlar vasitəsilə Mayk Markkulaya özlərini sevdirərək Apple şirkətini qlobal gücə çevirən investisiyanı alırlar.

Google şirkətinin qurucusu Lerri Peycin atası Miçiqan Universitetində kompüter elmlərindən məzun olmuşdu. O vaxtlar Amerikan universitetlərində məzunların uşaqlarının (və ya yaxın qohumlarının – bacıoğlu, nəvə, qardaş) ali məktəbə daha asan daxil olmasına şərait yaradan “legacy admissions” adı verilən tanışlıq sistemi vardı. Azərbaycanla analogiya quraraq deyim – əgər TQDK imtahanından 500 bal almısınızsa, atanızın məzun olduğu universitetin minimum tələbi 600 bal olsa belə həmin ali məktəbə daxil ola bilərsiniz. Lerri Peyc məzun olduqdan sonra müxtəlif sahələrdə işləyir və portfoliosunu genişləndirərək Stenford universitetində təhsilə başlayır. Çox keçmədən Lerriyə dərs deyən müəllimlərdən biri onu, öz tanışı milyarder Andreas Bextolştaymla tanış edir. Bu tanışlıq sayəsində Google üçün 100.000 dollarlıq çekə sahib olan cütlük şirkətin əsasını qoyur.

Voznyakın işlədiyi Hyulit Pakard şirkətinin qurucusu Bill Hyulit də universitetə Lerri Peyc kimi daxil olmuşdu. Atası Stenford universitetində tibb müəllimi idi. Bill liseydən məzun olanda atası beyin xərçəngindən öldüyü üçün “atasının xətrinə” universitetdə anında təhsil almağa başlayıb.

Amazonun sahibi Ceff Bezosun “uğur hekayəsi” daha qısadır. Belə ki, biznesinə başlamaq üçün ilk sərmayəni elə valideynləri verib: 245.573 dollar!

Dell kompüter şirkətinin qurucusu Mayk Dell də şanslı olub. Anası iqtisadçı konsultant olduğu üçün uşaq vaxtından valyuta və birjaya marağı yaranıb. 13 yaşında valideynləri ona birja hissələrini almaq üçün pul verirlər. Foreks demosundan söhbət getmir. Dell, birbaşa 13 yaşlı bir uşağa min dollarla pul verib birjada bəxtini sınamağa icazə verəcək qədər varlı valideynlərə sahib olub.

Ən son “21st Century Fox” holdinqini də alaraq Marvel, Pixar, Star Wars, Simpsons, Family Guy, Deadpool, National Geographic, GoPro, FX, Hulu kimi yüzlərlə brend, şirkət, film və məhsul sahibinə çevrilən və dünyanın ən böyük biznes şirkətlərindən birinə çevrilmiş Disneyin yaradıcısı Volt Disney də aşağı-yuxarı belə bir hekayəyə sahibdir. Gecə məktəblərində incəsənət dərsi alan Volt, Marqaret Vinkler adlı film distryubütoru ilə təsadüfən tanış olur. Onun üçün 12 cizgi filmi çəkən Volt isə heç vaxt ödənişini ala bilmir. Çünki, Vinkler ona yalan deyir – bütün müəlliflik hüququnu aldığı üçün Volt 1923-cü ildə bankrot olduğunu elan etməli olur. Buna görə də Volt evini mortgeyc ilə sataraq “danışan cizgi film” yaratmaq üçün şirkət qurmaq qərarına gəlir. “Steamboat Willie” cizgi filmi 1928-ci ildə uğur qazansa da ona çox pul qazandırmır. Çəkdiyi əziyyətin yanında qəpik-quruş qalacaq məbləğdə pullar qazanır. Belə ki, hər saniyə üçün 32 səhnə çəkilməli idi. 1 dəqiqəlik animasiya 1920, 1 saatlıq film isə 115200 rəsm demək idi. 4 il özünü işə verən Volt Disney 750 animatorla birlikdə “Ağbəniz və 7 cırtdan” cizgi filmini hazırlayır. Bu film indiki devalvasiyalar və faiz artışlarını da nəzərə alsaq indiki pulla 136 milyon dollar qazandırır.

Disney şirniklənməyə başlayır. “Pinokyo” cizgi filminin də uğurundan sonra işçilərini həddən artıq çalışdırır, bəzən evə belə getməyə qoymur, onsuz da 12 dollar olan maaşlarından kəsirdi. Edilən səhvlər də buna daxil idi. Nəhayət 1941-ci ildə etiraz və tətillərlə başlayan işçilərə qarşı Disney “Makkartiçilik” edir. İşçi liderlərindən Herbert Sorreli, David Hilberman, Uilyam Pomerans və başqalarını Federal Təhqiqat Bürosuna şikayət edərək onları kommunist olmaqda günahlandırır. Buna sübut olaraq David Hilbermanın ateist olduğunu, Moskvada incəsənət dərsləri aldığını deyir. Bütün bunlar Disneyə baha başa gəlir, xalq ondan üz çevirir və bir daha bankrot olmaqla üzləşir. Bu dəfə onu dövlət qurtarır. Belə ki, dövlət onun borclarını ödəyəcək və əlavə sifarişlər verəcəkdi. Bu sifarişlər isə anti-Sovet propaqanda cizgi filmləri idi. Beləliklə Disney öz şirkətinin əsasını dövlət sifarişləri və propaqanda əsərləri ilə qurur.

Bill Qeyts də sərvətini tamamilə ağır iş və yuxusuz gecələr bahasına qazanmamışdı. Atası Preston Qeyts end Elis şirkətində ilinə yarım milyon dollar qazanan bir hüquqşünas idi. Yəqin ki, “alma sataraq varlı olmaq” hekayəsini siz də eşitmisiniz. Təəssüf ki, belə bir şey olmayıb. Bill Qeyts Sietldə yerli universitetə gedəndə illik 5000 dollar ödəyirdi (müqayisə üçün, Harvardın illiyi o vaxtlar sadəcə 1760 dollar olub!). Bill Qeytsin babası ölən kimi anasına 2 milyon dollar miras qalmışdı. Bu mirasdan Bill Qeyts və ailəsi çox yaxşı istifadə etdilər. Özləri yeni şeylər icad etmək yerinə yüksək alıcılıq qabiliyyətləri ilə Hotmail, WebTV (daha sonra MSN TV) kimi startapları aldılar. Xerox şirkətinin keçmiş işçilərini dəvət edərək Xeroxda artıq mövcud olan texnologiyanı öyrənərək onu təkmilləşdirdilər. Yəni, Maykrosoft demək olar ki, alqı-satqı üzərində qurulmuş, innovasiya olmayan bir şirkət kimi başlamışdı.

Yazını çox uzatmamaq üçün digər milyonerlərə qısaca toxunmaq yetər – İlon Maskın ailəsinin Zambiyada zümrüd mədənləri var. Əsas investisiyanı ailəsindən alıb. Biznes maqnatı Uarren Baffetin atası Houard Baffet ABŞ konqresində işləyirdi. Starbaksın sahibi Houard Şultza investisiyanı kağız fabriki olan dayısı Bill Farber vermişdi. Volmartın qurucusu Sem Volton 1945-ci ildə qaynatasından 25000 dollar alaraq biznesə başlamışdı. Zukerberqin atası Edvard ona şəxsi kompüter müəllimi tutmuş, Filips Ekzeter akademiyasında təhsil almağa göndərmişdi. Bu liseydəki illik təhsil haqqı isə 41600 dollar idi. Hələ Koko Şanelin nasistlərlə əlaqəsi ilə dolu “uğurlu həyatı”ndan danışmıram. Onu da özünüz araşdırın.

Jurnalist Qustav Mayer 1910-cu ildə yayımlanmış “Böyük Amerikan Uğurları” kitabında Cey Pyermon Morqana həsr edilmiş başlıqda gözəl bir təsbit edir: “Bütün yazarların multimilyonerlər haqda mexaniki şəkildə yazdığı eyni hekayə bu adamların necə kasıb oğlan uşaqları kimi həyata başladığından danışır, bir yerdə kiçik bir mağaza açdıqlarından bəhs olunur, bu adamlar guya bir qırağa pul yığır və zəngin olur”. Beləliklə “uğurlu adam kultu” yaradılır. “Uğurlu adam kultu” Azərbaycanı da işğal edib. Neçə 18-19 yaşlı gənc universiteti bitirən kimi özünü McDonalds kassasında yox, holdinq prezidenti pozisiyasında təsəvvür edir. Dürüstcəsinə, çox, min-bir əziyyətlə çalışırlar. Nəticə isə dəyişməz qalır. Bəxtsiz olsa ofisiantlıq, bəxti gətirsə bankda kassirlik. Gördüyünüz kimi “uğurlu adam” təkcə Azərbaycanda deyil, bütün dünyada tanışı olan adam mənasına gəlir.

Bunun üzərinə yeni bir kult da gəlir – “İnnovasiya kultu”. Bu hərəkatın əsas məqsədi sırf fərdi əmək hesabına sərvət qazanmaqdır. Özü də oturduğun yerdən heç qalxmadan, evdən işləyərək. Ümid edirəm proqramçılıq da ofisiantlıq kimi sadə bir işə çevrilməz. Çünki getdikcə dövlətlər internetə də burun soxurlar və onu nizam altına almağa çalışırlar. Çünki interneti özlərinə yeni rəqib kimi görürlər. Görəsən dövlətlər “uğurlu internet milyonerləri” ilə nə edəcəklər? Azərbaycandan da “uğurlu internet milyonerləri” çıxa bilərmi? “Böyük Azərbaycan Uğurları” kitabını yazsam oraya kimi daxil edəcəyəm?

Cavid Ağa