Vəkil Elçin Sadıqov Əfqan Muxtarlı ilə görüşə bilməyib

Əfqan Muxtarlı

Elçin Sadıqov cəzaçəkmə müəssisəsində gözlədilsə də, içəri buraxılmayıb

Vəkil Elçin Sadıqov 16 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan jurnalist Əfqan Muxtarlı ilə görüşə bilməyib.

Bu barədə vəkil “Facebook” hesabında yazıb.

Onun sözlərinə görə, mayın 8-də, saat 16:40-da Əfqan Muxtarlı ilə görüşmək üçün 16 saylı CÇM-ə yaxınlaşıb, sənədini təqdim edib:

“Müəssisənin əməkdaşı bildirdi ki, rəisin işi var, bir azdan buraxılışın üstünü yazacaq. Neçə dəfə soruşsam da, eyni sözü dedilər. Amma saat 17.30-da dedilər ki, saat 16:30-dan sonra heç kəs buraxılmır, halbuki saat 17:00-dək məhbusla görüşmək olar. Əlavə etdilər ki, başqa vaxt gəlsəm, görüşə icazə veriləcək. Sonra da məni sabahkı qələbə günü münasibəti ilə təbrik etdilər”.

Əfqan Muxtarlı Balakən Rayon Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Gürcüstanda yaşayan jurnalist 2017-ci il mayın 29-u Azərbaycanda həbs edilib. Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.

Azərbaycan hökuməti isə jurnalisti Cinayət Məcəlləsinin Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən ona qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə maddəsi (315.2) ilə ittiham edir. Bundan başqa, ona dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə (318.1) və qaçaqmalçılıq (206.1) maddələri ilə ittiham irəli sürülüb.

Beynəlxalq hüquq müdafiə təşkilatları Əfqan Muxtarlının siyasi məhbus kimi tanıyır.