Xəzərdə gəmidə partlayış olub: 14 nəfər yaralanıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin nəzdində olan “İsrafil Hüseynov” borudüzən gəmisinin borudüzmə zonasında texnolji avadanlıqların birində partlayış olduğu barədə məlumatlar yayılıb.

Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı sosial şəbəkədə yazıb ki, ona partlayış nəticəsində 14 nəfərin xəsarət aldığı haqda məlumat veriblər:

Yaralananlardan 13 nəfər Mərkəzi Neftçilər Xəstəxanasına, bir nəfər isə özəl klinikalardan birinə aparılıb. 3 nəfərin vəziyyətinin daha ağır olduğu bildirilir. Onlardan iki nəfəri Azərbaycan, biri isə Malayziya vətəndaşıdır.

Digər yaralılar arasında Xorvatiya, Rumıniya və digər xarici ölkə vətəndaşları da var. Yaralılar Ələt qəsəbəsindəki dəniz limanı vasitəsilə sahilə, oradan isə Mərkəzi Neftçilər Xəstəxanasına çatdırılıb.

“İsrafil Hüseynov” borudüzən gəmisi hazırda “Saipem” şirkəti tərəfindən icarəyə götürülüb və qəza baş verən ərazidə sözügedən şirkətin nümayəndələri çalışırlar. Hadisənin dəqiq hansı səbəbdən baş verməsi araşdırılır.

Faktı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” ASC-nin mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev də təsdiqləyib. O, öz “Facebook” hesabında sözügedən zonada qəza baş verdiyini və hazırda gəmi ilə davamlı əlaqə saxlanıldığını yazıb.

İlkin məlumata görə, heyət üzvləri arasında xəsarət alan olmayıb. Gəmi hazırda “Saipem” şirkəti tərəfindən icarəyə götürülüb və qəza baş verən ərazidə “Saipem” şirkətinin nümayəndələri çalışırlar.