AXCP fəalı azadlığa çıxmaq üçün şikayət verib

İyunun 21-də Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə AXCP fəalı Fuad Əhmədlinin apellyasiya şikayətinə əsasən məhkəmə proesi keçirilib.

Abzas-ın xəbərinə görə, prosesdə F.Əhmədlinin özü və vəkili Elçin Sadıqov, media və ictimaiyyət nümayəndələri də iştirak ediblər.

Hakim H.Məmmədov F.Əhmədilin saxlanıldığı 16 saylı cəzaçəkmə müəssisəsindən onun şəxsi işinin alındığını bildirib.

Vəkil Elçin Sadıqov həmin iş materialları ilə tanış olmaq istədiyini məhkəməyə bildirsə də, hakim imtina edərək, bunu onun şəxsi işində məxfi materialların olması ilə əsaslandırıb.

“Hüquqlarını müdafiə etdiyim şəxsin işində məxfi nə ola bilər ki? Əgər bunun məxfi sənəd olduğunu deyirsinizsə, sənədin üzərində xüsusi qrif olmalıdır” – deyə vəkil E.Sadıqov etiraz edib.

Bundan sonra məhkəmə tərkibi növbəti prosesin 5 iyul saat 12:00-da davam edəcəyini elan edib.

16 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi də məhkəməyə təqdim etdiyi rəydə Fuadın vaxtından əvvəl şərti azadlığa buraxılmasına etiraz edib. O, gənc fəalın islah olunmamasının göstəricilərindən biri kimi onun özünü təqsirli bilməməsini göstərib: “Onunla aparılan fərdi söhbətlər zamanı törətdiyi cinayəti etiraf etmir”.

AXCP fəalı Fuad Əhmədli 2016-cı ilin avqustun 18-də saxlanılıb. Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluq Fuad Əhmədlinin “Azərfon” MMC-də çalışdığı müddətdə abonentlərin şəxsi məlumatlarını üçüncü şəxsə ötürdüyünü bildiriblər.

İttiham aktında onun mənzilində axtarış zamanı türkiyəli din xadimi Fətullah Gülənin çıxışlarının olduğu kitablar, CD-disklər tapıldığı da öz əksini tapıb.

Fuad Əhmədli CM-nin 302 (əməliyyat və axtarış fəaliyyəti üzrə qanunvericiliyi pozma) və 308-ci (vəzifə səlahiyyətindən sui-istifadə) maddələri ilə ittiham edilir.

16 iyul 2017-ci il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsi gənc fəalın 4 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

17 avqust 2017-ci il tarixdə bu qərardan verilən apellyasiya şikayəti təmin edilməyib. Ali Məhkəmə 7 mart 2018-ci il tarixdə kassasiya şikayətini təmin etməyib.