Azərbaycan jurnalist Fuad Abbasova görə Rusiyaya nota verib

Fuad Abbasov

Azərbaycanın Rusiyadakı səfirliyi jurnalist Fuad Abbasovun işilə bağlı RF XİN-nə nota göndərib.

F. Abbasov mayın 16-da Moskvada saxlanılıb. Rusiya hakimiyyəti onu miqrasiya qanunvericiliyinin pozulmasında ittiham edib. Lakin müdafiə tərəfi bildirib ki, F. Abbasov ona 2023-cü ilədək verilmiş yaşamaq icazəsinin ləğv edilməsi barədə məlumatlandırılmayıb.

İyunun 7-də Moskva Vilayət Məhkəməsi F.Abbasovun şikayətini təmin etməyib və onun deportasiyası barədə qərarı təsdiqləyib.

Lakin aeroporta gedərkən yolda F.Abbasovu geriyə Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlardan ötrü xüsusi saxlanma məntəqəsinə qaytarıblar.

İyunun 11-də Azərbaycanın Rusiyadakı səfirliyi bildirib ki, konsulluq şöbəsinin əməkdaşları F.Abbasovla gündəlik əlaqə saxlayırlar.

“Jurnalist Fuad Abbasovun Rusiya Federasiyasından baş tutmayan deportasiyası və Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlardan ötrü xüsusi saxlanma məntəqəsinə qaytarılması ilə əlaqədar bildiririk ki, səfirliyin konsulluq şöbəsinin əməkdaşları onunla gündəlik əlaqə saxlayırlar”, – Azərbaycan səfirliyinin saytında dərc edilən məlumatda deyilir.
2019-cu il iyunun 11-də səfirliyin əməkdaşları F. Abbasovla növbəti dəfə görüşüb, şəraiti ilə tanış olublar.

Bundan əlavə, yaranmış vəziyyətin aydınlaşdırılması məqsədilə səfirlik Rusiya XİN-ə müvafiq nota, eləcə də digər aidiyyəti dövlət qurumlarına məktublar göndərib.

“Rusiya tərəfinin cavabı daxil olan kimi, mətbuata əlavə məlumat veriləcək. Bir daha ictimaiyyətin diqqətinə çatdırırıq ki, səfirlik məsələni nəzarətdə saxlayır və öz səlahiyyətləri çərçivəsindəbütün mümkün tədbirləri görür”, – məlumatda vurğulanır.

F.Abbasovun vəkili, Moskva “Avropa-Asiya” Vəkillər Kollegiyasının sədri Teyyub Şərifov iyunun 10-da Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlardan ötrü xüsusi saxlanma məntəqəsində ona baş çəkib.

Vəkil Turan-a bildirib ki, F.Abbasov orada qanunsuz saxlanmasına etiraz olaraq iyunun 7-dən aclıq edir.

“Hazırda səlahiyyətli orqanlar tərəfindən heç bir ağlabatan açıqlama və ya irad daxil olmayıb. F.Abbasovu aeroporta apararkən yolda nədən geri qaytararaq Mərkəzə yerləşdirmələrinin səbəbləri bizə məlum deyil. Deportasiya haqqında qərara əsasən o, Bakıya getməliydi”, – vəkil deyib.

O qeyd edib ki, iyunun 11-də RF insan hüquqları müvəkkilinin İnternet-qəbuluna şikayət göndərib.

Vəkilin sözlərinə görə, F.Abbasovun hüquqlarının pozulmasından Rusiya Ali Məhkəməsinə, sonra isə lazım gələrsə Strasburq məhkəməsinə şikayət veriləcək.

Jurnalist Fuad Abbasov 2015-ci ildə Rusiya telekanallarında Rusiya hərbi təyyarəsinin Türkiyədə vurulmasının müzakirəsinə dair tok-şoulardakı çıxışları ilə tanınır.

F.Abbasov Türkiyənin mövqeyini açıqlamaq üçün İhlas agentliyinin müxbiri kimi dəvət edilirdi.

Sonradan o, Azərbaycana dair məsələlərə həsr olunmuş tok-şoularda da iştirak edib.

Son vaxtlar Fuad Abbasov azərbaycanlıların bəzi diaspor təşkilatlarını soydaşlarının maraqlarını yetərincə müdafiə etməməsinə görə tənqid edib və Rusiyada yaşayan azərbaycanlıların partiya yaradacağını anons edib.