Azərbaycanda minimum əmək haqqı 250 manat oldu

Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb.

Bu barədə ölkə başçısının rəsmi saytında açıqlama yayılıb. Sərəncamda deyilir ki, minimum aylıq əməkhaqqının məbləği 250 manat müəyyən edilsin.

Bu o deməkdir ki, minimum əmək haqqı 38,8 faiz artılır.

Sənəddə həmçinin Nazirlər Kabinetinə dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli üzrə aylıq tarif (vəzifə) maaşlarının məbləğlərini bu sərəncama uyğunlaşdırmaq tapşırılır.

Açıqlamada deyilir ki, sərəncam 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.

Hazırda minimum əməkhaqqı ölkə üzrə 180 manatdır. Sonuncu dəfə bu ilin fevral ayında minimum əməkhaqqı 130 manatdan 180 manata qədər artırılıb.