Cəbhəçi gəncin həbs müddəti 6 ildən 3 ilə endirildi

Orxan Baxışlı

İyunun 4-də Ali Məhkəmədə hakim İmran Hacıqayıbovun sədrliyi ilə AXCP Gənclər Komitəsinin Ali Məclis üzvü Orxan Baxışlının kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

Prosesdə Orxan Baxışlının özü və vəkili Elçin Sadıqov, dövlət ittihamçısı Cövdət Mehrəliyev, media və ictimaiyyət nümayəndələri də iştirak ediblər.

İlk öncə gənc fəal Orxan Baxışlı son söz çıxışı edib. Daha sonra vəkil Elçin Sadıqov çıxış edərək kassasiya şikayətinin əsaslarını məhkəməyə bildirib və müdafiə etdiyi şəxsə bəraət verilməsini məhkəmədən istəyib.

Qısa sürən müşavirədən sonra məhkəmə tərkibi Orxan Baxışlıya qarşı irəli sürülmüş ittihamın 234.4.3-dən (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, saxlama, daşıma, göndərmə və ya satma-külli miqdarda törədildikdə) 234.1-ə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə,daşıma) tövsiv olunduğunu (yəni satış məqsədi götürüldü) cəzasının 6 ildən 3 ilə endirildiyini elan edib.

AXCP Gənclər Komitəsinin Ali Məclis üzvü Orxan Baxışlı mayın 7-də axşam saatlarında Bakıda Elmlər Akademiyasının qarşısındakı bağda mülki geyimli şəxslər tərəfindən saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, saxlama, daşıma, göndərmə və ya satma-külli miqdarda törədildikdə) ittiham irəli sürülüb.

Mayın 9-da Yasamal rayon Məhkəməsi fəalın barəsində dörd aylıq həbsqətimkan tədbiri seçib. Orxan Baxışlı Milli Şuranın 31 martda keçirdiyi mitinqdən öncə də saxlanılmışdı. Ona polisin qanunu tələbinə tabe olmamaq ittihamı ilə inzibati qaydada 30 sutka həbs verilmişdi.

18 sentyabr 2018-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsi O.Baxışlının 6 il azadlıqdan məhrum edilməsi barədə hökm oxuyub.

10 dekabr 2018-ci il tarixdə bu qərardan verilən apellyasiya şikayəti təmin edilməyib.

AXCP və bir sıra hüquqmüdafiə-müdafiə təşkilatları Orxan Baxışlını siyasi məhbus hesab edir və onun fəaliyyətinə görə həbs edildiyini iddia edirlər.