Deputat: “Niyə bank əmanəti 12 faizlə alır, 25 faizlə kredit verir?”

Vahid Əhmədov

Millət vəkili Vahid Əhmədov növbəti dəfə bankların kredit siyasətini tənqid edib.

Deputat İTV-də yayımlanan “Diqqət Mərkəzi – Yekun” verilişində çıxış edərkən bankların krediti yüksək faizlə verməsini ön plana çəkib və əmanətlərə verilən faizlərlə kredit faizlərinin arasındakı kəskin fərqi göndəmə gətirib.

Vahid Əhmədov bildirib ki, banklar vəsaiti ilk növbədə insanların qoyduğu əmanətlərdən cəlb edir, bəs necə olur ki, bank əmanəti 12 faizlə alır, lakin 25 faizlə kredit verir?

“Birincisi, insanların əmanətlərinidi, depozitdir, ikincisi, xarici maliyyə institutlarından, üçüncüsü isə Mərkəzi Bankın mərkəzləşdirilmiş kreditindən vəsait cəlb edirlər. Cəlb olunan vəsaitlərin 80-85 faizi faktiki olaraq insanların əmanətləridir. Bəs necə olur ki, bank məndən 12 faizlə əmanət götürür, sonra həmin pulu 25 faizlə qaytarır? Bankın xərci 3-4 faiz olar, 15-20 faiz ola bilməz axı. Bank sistemindəki bu suallar həllini tapmalıdır”.

Banklar Assosiasiyasının nümayəndəsi Sahib Daşdəmirov isə özəl bankların öz strategiyası olduğunu, bundan əlavə aşağı faizlərlə kredit verən banklarında mövcudluğunu dilə gətirib:

“Nəyə görə bu gün bank sistemində yüksək faizləri götürürsünüz? Məsələn, Sahibkarlığa Yardım Fondu illik 6 faizlə, İpoteka Fondu 8 faizlə kredit verir. Hazırda bizdə banklarda boş vəsait formalaşır. O boş vəsait isə artıq orta və kiçik sahibkarlığa ayrılmış vəsaitdən istifadə olunacaq. Yaxın günlərdə bu barədə açıqlama da veriləcək. Bizim faiz siyasətimiz bazara uyğun tənzimlənir”.

V.Əhmədov BA-nın nümayəndəsinin sözünü yarıda kəsib və onunla razı olmadığını deyib:

“Dərinə getsək, başqa şeylər çıxacaq. Mən sənin dediyinlə razı deyiləm. Sual verirəm, niyə bank əmanəti 12 faizlə götürür, mənə 25 faizlə verir? O dediyin kreditlər yoxdur. Biz Azərbaycanda yaşayırıq, Amerikadan gəlməmişik ki”.

Vahid Əhmədov hər zaman bankların düzgün kredit siyasəti yeritmədiyini və bunun tənzimlənməli olduğunu bildirir.