Dünya iri addımlarla elektrikli avtomobillərə doğru gedir

Toyota elektrikli avtomobillərini sərgiləyir.

Dünyanın öndə gedən avtomobil istehsalçıları sürətli bir templə elektromobil istehsalına investisiya qoymağa başlayıb. Son bir ildə bu investisiya iki dəfədən çox artıb. Digər yandan daxili yanma mühərrikli avtomobillərin modernləşməsinə isə qoyulan pul gün-gündən azalır.

Bu haqda dünya çaplı konsaltinq “Ernst & Young” (EY) təşkilatının Britaniya bölməsinin ekspertləri bu günlərdə Frankfurda bəyan etdikləri araşdırma nəticələrində dilə gətirib. Ekspertlər bu nəticəyə gəlmək üçün 16 böyük alman, yapon, fransız, amerikan və cənubi koreya və s. ölkələrə aid avtomobil kompaniyasını araşdırıb. Çin avtomobil istehsalçılarından məlumat almaq mümkün olmadığı üçün onların nəticələti araşdırmaya əlavə olunmayıb.

Araşdırmaya görə, 2018-ci ildə üç qitədən olan avtomobil istehsalçıları 118 ənənəvi atomobil layihəsinə pul yatırıb. Yatırılan pullar ümumilikdə 22,4 milyard avro olub. Bu əvvəlki ilə nisbətən 16 faiz az olub.

Digər tərəfdən yeni elektromobillərin inkişaf etdirilməsinə və gücləndirilməsinə qoyulan yatırım 97 faiz artaraq 8,4 milyar avroya çatıb və 26 layihəyə pul ayrılıb. Hələ bura elmi tədqiqatlar və konstuktor işlərinə ayrılmış pullar daxil deyil.

Müqaisə üçün EY şirkəti 2015 və 2016-cı illərdə elektrik avtomobillərinə ayrılmış yatırımları hesablayıb. Belə ki, o illərdə cəmi 2-3 layihəyə 1 milyard avroya yaxın pul ayrılıbmış.

2015-2018-ci illər arasında elektriklə işləyən avtomobillərə ən çox yatırım edən isə alman maşın şirkətləri olub. Bu şirkətlər ümumilikdə elektrikli avtomobillərlə bağlı 29 layihə həyata keçirib və bu layihələrə nə az, nə çox 11,065 milyard avro ayrılıb. İkinci yerdə isə böyük fərqlə fransız avtomobil istehsalçıları, onun ardınca yapon, cənubi kareya və amerikan şirkətləri gəlir.