Ermənistan minimum əməkhaqqını artıraraq Azərbaycan səviyyəsinə gətirməyə qərar verib

Ermənistan hökümətinin bu gün keçirdiyi iclasda hökümət üzvləri minimum əməkhaqqını 55 min dramdan (təqribən 115 dollar), 68 min drama (təqribən 143 dollar) qaldırmağa qərar verib.

Bu haqda lragir.am saytı xəbər yayıb. Məlumata görə, bu barədə hökümətin iclasında Sosial Təminat və Əmək nazirinin müavini Qemafin Qasparyan çıxış edib.

“Tədqiqatlar onu göstərir ki, Ermənistanda ailələrin kasblıq həddi bir qədər yüksəlib buna görə də maaşlar 67600 dramdan aşağı olmamalıdır”.

Nazir müavininin sözlərinə görə, Ermənistanda özəl sektorda işləyənlərin arasında 45 min, dövlət sektorunda isə 35 min nəfər minimum əməkhaqqı alır. Hökümət minimum əməkhaqqını 23-24 faiz artırmağı qərara alıb.

Azərbaycanda minimum əməkhaqqının Ermənistan və digər region ölkələri ilə müqayisədə xeyli aşağı olduğu haqda tez-tez iqtisadçılar, ekspertlər çıxış edirdi.

Nəticədə 2019-cu ilin fevralın ayında minimum əməkhaqqı 130 manatdan 180 manata, iyul ayında isə 180 manatdan 250 manata yüksəldildi.