FİFA milli komandaların reytinqini açıqlayıb [siyahı]

FIFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb. Azərbaycan yığması siyahıda iki pillə geriləyib.

FIFA-nın rəsmi saytında dərc olunan siyahıda Azərbaycan yığması 1188 xalla 110-cu yerdə qərarlaşıb. Siyahının tam hissəsinə bu linkdən baxa bilərsiniz.

Məlumata görə, reytinq cədvəlinə Belçika (1746 xal) liderlik edir. İlk onluq müvafiq olaraq belə tamamlanıb: Fransa (1718), Braziliya (1681), İngiltərə (1652), Portuqaliya (1631), Xorvatiya (1625), İspaniya (1617), Uruqvay (1615), İsveçrə (1605) və Danimarka (1589).

Siyahıda qonşu ölkələrdən İran 20-ci (1518), Türkiyə 38-ci (1467), Rusiya 44-cü (1436), Gürcüstan 94-cü (1255), Ermənistan isə 97-ci (1230) sıradadır.

Nikola Yurçeviçin rəhbərlik etdiyi Azərbaycan kollektivi daha öncə açıqlanan reytinqlə müqayisədə iki pillə geriləyib. Buna səbəb millinin “Avro 2020″nin son mərhələsinin oyunlarında Macarıstana 1:3, Slovakiyaya isə 1:5 hesabı ilə məğlub olmasıdır.

Azərbaycanın seçmə mərhələdəki rəqiblərindən Xorvatiya bir pillə, Uels isə 4 pillə geriləyib. Son iki oyunda qələbə qazanan Macarıstan 9 pillə irəliləyərək 42-ci yerdə, Slovakiya isə bir pillə irəliləyib və 31-ci yerdə qərarlaşıb.

FİFA reytinqi oyunların əhəmiyyəti, rəqiblərin oyuna qədər olan mövqeyi nəzərə alınmaqla əldə edilən nəticələr əsasında tərtib edilir.

Rəsmi yoldaşlıq oyununun əmsalı ən azı 5, ən çoxu 10, beynəlxalq turnirdə oyunun minimum əmsalı 15, maksimum əmsalı 60-dır.

Əsas və əlavə vaxtda qələbə 1 xal, penalti seriyasında qələbə 0,75 xal, həmin seriyada məğlubiyyət 0,5 xaldır.