Fuad Abbasov Bakıya gəldi və ilk açıqlamalarını verdi

Azərbaycanlı jurnalist və Rusiyadakı Azərbaycan diasporunun fəal üzvü Fuad Abbasov bu axşam Rusiyadan Azərbaycana göndərilib.

Fuad Abbasovun iyunun 25-də, axşam saatlarında Azərbaycana deportasiya edildiyi bildirilir.

Azərbaycanın yerli saytlarının məlumatına görə, jurnalist Fuad Abbasovu gətirən təyyarə təqribən saat 23:10 radələrində Bakıya enib.

Verilən məlumata görə, Fuad Abbasov Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinin nəzarəti altında Vnukovo hava limanından Moskva-Bakı reysi ilə yola salınıb.

Fuad Abbasov Bakıya gəldikdən sonra aeroportda jurnalistlərə açıqlamasında deyib ki, fəaliyyətini davam etdirəcək.

“Fəaliyyətimi yenidən davam etdirəcəyəm, məhkəməyə mütləq müraciət edəcəyəm”.

Jurnalist bildirib ki, yaxın günlərdə mətbuat konfransı keçirib bütün suallara ətraflı cavab verəcək.

***

Bu haqda Abzas-a Fuad Abbasovun anası Billur Abbasova məlumat verib. Onun sözlərinə görə, ona da qızları zəng edib bildiriblər ki, belə bir xəbər eşidiblər və o da belə bir ümüdlə hava limanına gedib.

Fuad Abbasov 26-na keçən gecə saat 1 radələrində Bakı Hava Limanına çatıb. O bildirib ki, yaxın günlərdə münasib bir vaxtda mətbuat konfransı keçirib bütün suallara cavab verəcək.

Jurnalist Moskvanın Azərbaycan icmasının nümayəndələrinin şikayəti üzrə aparılan məhkəmənin qərarı ilə həbs olunmuşdu.

Belə ki, Rusiyada bir neçə Azərbaycan icması Fuad Abbasovun deportasiya tələbi ilə Moskva məhkəməsinə müraciət edib.

Moskva məhkəməsi mayın 7-də “Rusiya Federasiyası ərazisinə xarici vətəndaşın və vətəndaşlığı olmayan şəxsin girişinə qadağa” adlı 2737/2019 nömrəli işə baxıb. Proses mayın 17-də başa çatıb.

Bir müddətdir jurnalistin Azərbaycana deportasiya proseduru aparılırdı. O miqrantlar üçün nəzərdə tutulmuş düşərgədə saxlanılırdı.